Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:48

Yardımlıdan 110 yaralı var


Müharibə dəhşətlərini görən əsgərlərə kim psixoloji yardım göstərəcək?
Gözlə

No media source currently available

0:00 0:05:22 0:00

Müharibə dəhşətlərini görən əsgərlərə kim psixoloji yardım göstərəcək?

Yaralı əsgərin atasının şikayətləri...

Qarabağ və ətraf bölgələrdə 44 günlük savaş Yardımlı rayonunun Dağüzü kəndində yaşayan İmanovlar ailəsindən də yan keçməyib. Ailənin böyük oğlu Vahid İmanlı müharibənin ilk günündən hadisələrin qaynar nöqtəsində olub. Döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb, bel sütunu zədələnib. Hazırda hərbi hospitalda müalicə alır.

"Füzuli uğrunda gedən döyüşdə yaralanıb"

V.İmanlının atası Taleh İmanov Yardımlı rayonunda əsgər ailəsinə göstərilən münasibətdən o qədər də razi deyil. Onun deməsinə görə, qarşılaşdığı problemlərin həlli üçün döymədiyi qapı qalmayıb: "Mənim oğlum İkinci Qarabağ müharibəsinə, vətənin müdafiəsinə könüllü gedib. Füzuli uğrunda gedən döyüşdə yaralanıb. Hospitalda müalicə alır. Ona edilən müalicədən razıyam. Prezidentə də minnətdaram ki, yaralı əsgərlərin müalicə edilməsi üçün əlindən gələni edir. Mənim şikayətim Yardımlı rayonunun vəzifəli şəxslərindəndir".

"Borc edib üç-dörd dəfə xəstə uşağıma baş çəkmişəm"

Onun sözlərinə görə oğluna baş çəkmək üçün borca düşüb: "Borc edib üç-dörd dəfə xəstə uşağıma baş çəkmişəm. Aldığım borcları qaytara bilmirəm. Getdim icra hakimiyyəti başçısının qəbuluna. Dedilər ki, bu gün vətəndaşların qəbul günü deyil. Birinci müavin Azər Xamiyev məni qəbul etdi. O dedi ki, belə bir imkanımız yoxdur, sənə kömək edə bilmərik. Ərizə yazdırdılar, 300 manat yardım etdilər...".

Gecəqondudan könüllü əsgər gedən kasıb balası
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

"Dolanışığımız yaxşı deyil"

T.İmanovun bildirdiyinə görə, kənd dağlıq ərazidə yerləşir, sosial vəziyyətləri yaxşı deyil: "Yaşadığım ev də anamındır. Ailəmizdə tək işləyən yaralı oğlum idi. Ayda evə 200-300 manat göndərirdi, bu pulla yaşayırdıq. Bura dağ yeridir, yaşayış çətindir, iş yoxdur. Ona görə də imkanı olanlar başqa yerlərə işləməyə gedirlər. Anam da sosial pensiya alır, özünə güclə çatır. Vəziyyətimiz, dolanışığımız yaxşı deyil".

Yardımlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xamiyev də T.İmanovun onlara müraciət etdiyini təsdiq edib: "Keçən həftə yanımıza gəlmişdi. Uşağının da yaralı olduğunu bildik. Bizə bildirdi ki, "uşağımın yeri pisdir, ona xəstəxanada pis baxırlar". Uşağın özü ilə danışdıq. Uşaq dedi ki, "mənim yerim yaxşıdır, yaxşı da baxırlar. Özünə də bildirdik ki, uşaq yerindən razıdır. Bu deyir ki, uşağın yerini dəyişsinlər. Vəziyyəti başa saldıq, sonda razı qaldı".

"Daxili imkanlar hesabına 300 manat pul verdik"

Müavin deyir ki, bir neçə gündən sonra T.İmanov yenidən onlara müraciət edərək maddi kömək istəyib: "Sonra gəldi dedi ki, mənim imkanım yoxdur. Daxili imkanlar hesabına 300 manat ona pul verdik. Sosial vəziyyətə baxanda Yardımlı dağ rayonudur. Yanvardan iş yerləri olmalıdır. Yaralıların və şəhidlərin valideynləri nəzərə alınıb. Bununla bağlı hesabatlar hazırdır. Bizdən siyahını alıblar - kim yaralıdır, kimin vəziyyəti necədir? Kəndə yaşayan adamlardır. Öz təminatlarını eləməlidirlər. Dəstək veririk. Yardımlıdan 110 yaralı var".

"Deyir, mənim üçün ev tik"

Müavin sonra da deyib: "Deyir, mənim üçün ev tik. Deyirəm ki, ev tikmək üçün bizdə vəsait yoxdur. Biz kömək edə bilərik və edirik də. Evin inşası ilə başqa qurumlar məşğul olur. Biz onların nəzərinə çatdırırıq. İcra aparatında belə işlər üçün vəsait nəzərdə tutulmayıb. Təbii fəlakət nəticəsində qəzaya uğramış evin yerinə Fövqəladə Hallar Nazirliyi ev tikir. İmkanımız daxilində vətəndaşa əl tuturuq, boş qaytarmırıq. Respublikada yaralılar, şəhid ailələri ilə bağlı fond yaradılıb. Dövlətimiz öz vətəndaşın yanındadır. Biz də əlimizdən gələni edirik".

Bu da iki oğlu yaralanan ananın daxması
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Səfərbərliyə cəlb edilmiş əsgər və çavuşlara vəzifə maaşlarından əlavə 360 manat aylıq müavinət verilir. Bu barədə dekabrın 25-də Azərbaycan Müdafiə Nazirliyi bildirib. Nazirlik qeyd edib ki, zabit və gizirlərin pul təminatı vəzifə maaşları, hərbi rütbələrinə görə maaşlar və digər əlavələrdən ibarətdir: "Əsgər və çavuşlara isə eyni qaydada təyin olunmuş vəzifə maaşlarına əlavə olaraq 360 manat məbləğində aylıq müavinət verilir".

Nazirlik dekabrın 3-də bildirmişdi ki, döyüşlərdə yaralananlardan 1245 nəfərin tibb müəssisələrində müalicəsi davam edir. Məlumata görə, həlak olan Azərbaycan hərbi qulluqçularından dekabrın 28-dək 2823 nəfəri dəfn edilib: "Hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir".

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

XS
SM
MD
LG