Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:37

'İcra başçısı ailəsi ilə gəlib orada yaşasın, görsün necədir...'


Çirkab sular
Çirkab sular

Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində yaşayan sakinlər Binəqədi rayon İcra Hakimiyyətini məhkəməyə verir. Səbəb isə çirkab sularla bağlı problemlərinin illərdir həll olunmamasıdır. Amma məhkəmədən öncə - dekabrın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) məktub göndəriblər. DTX rəisi Əli Nağıyevə ünvanlanan məktubda sakinlər icra hakimiyyətinin gizli sövdələşməsindən şübhələndiklərini vurğulayaraq bu məsələnin araşdırılmasını istəyirlər.

Ordubadi küçəsinin sakinləri AzadlıqRadiosuna bildirib ki, hər dəfə yağış yağanda evlərinin yaxınlığında çirkab sular aşıb-daşır. Ərazidəki evlər rütubətdən sıradan çıxır. Uşaqlar natəmizlik və nəmlikdən allergiya, revmatizm kimi xəstəliklərə tutulur.

"Gizli sövdələşmədən şübhələnirik"

Evlərin yaxınlığından uzun illər öncə qazılmış kanal keçir. Sakinlərin sözlərinə görə, o kanala yaxınlıqda yerləşən və avtomobillərin təmiri ilə məşğul olan "Məhəmmədoğulları" MMC-dən də çirkab sular axıdılır. Yağış yağanda kanalda sular artır və dözülməz vəziyyət yaranır.

"Dəfələrlə dövlət orqanlarına, o cümlədən Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişik, getmişik. Xeyri yoxdur. İcra hakimiyyətindən deyirlər ki, problemin həlli üçün bu məsələni "Azərsu" qarşısında qaldırıblar. İcra hakimiyyəti faktiki məsuliyyəti üzərindən atmaqla işini bitmiş sayır. "Bu yaxınlarda həll ediləcək" cümləsini nə qədər eşitmişik, illərdir həll olunmur", – narazı sakinlər belə deyir.

Evlərin yaxınlığından uzun illər öncə qazılmış kanal keçir
Evlərin yaxınlığından uzun illər öncə qazılmış kanal keçir

Şikayətçilərdən Zaur Əkbərov məhkəməyə iddia ərizəsi hazırlayıb. Cavabdeh qismində Binəqədi rayon İcra Hakimiyyəti və "Məhəmmədoğulları" MMC qoyulub: "Açığı, biz icra hakimiyyəti ilə şirkət arasında gizli sövdələşmədən şübhələnirik, problemin həllinin bu üzdən yubandığını düşünürük. İcra başçısı Elxan Allahverdiyev başda olmaqla, bu işə məsul olan şəxslərin hamısını ailə üzvləri ilə birlikdə həmin əraziyə gəlib, yaşamağa dəvət edirəm. Görsünlər ki, necədir, oradakı insanlar hansı vəziyyətdədir. Yerli məhkəmələrdə bu məsələ ilə bağlı ədalət təmin olunmasa, Avropa Məhkəməsinə müraciət edəcəm".

İcra hakimiyyəti təkzib edir

Binəqədi rayon İcra Hakimiyyətindən isə AzadlıqRadiosuna "Məhəmmədoğulları" ilə gizli sövdələşmə barədə deyilənləri təkzib ediblər. Sakinlərin bu haqda iddialarının əsassız olduğu vurğulanıb.

İcra hakimiyyətindən bildirilib ki, Ordubadi küçəsinin sakinlərinin müraciəti əsasında əraziyə baxış keçirilib, kanal təmizlənib. Bundan öncə sözügedən ərazidə kanalizasiya sisteminin bir hissəsində təmir işləri görülüb. Amma kanalizasiya sisteminin digər hissəsi neft kəmərinin yaxınlığına düşür. Orada təmir işləri üçün texniki şərt alınmalıdır. Bu məqsədlə SOCAR Neft Kəmərləri İdarəsinə müraciət olunub. İdarə açıq kanalın boru şəbəkəsinə daxil edilməsinə razılaşıb.

Çirkab içindəki Kürdəxanı
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Şirkət cərimələnib

"Məhəmmədoğulları" MMC-yə gəlincə, icra hakimiyyətindən vurğulanıb ki, bundan öncə kanal mexaniki üsulla təmizlənəndə həmin əraziyə başqa aidiyyəti qurumlarla yanaşı, bu şirkətin də dəstəyi ilə texnika cəlb edilib. Kanalın boru şəbəkəsinə daxil edilməsinə SOCAR-ın razılığından sonra "Məhəmmədoğulları" MMC lazım olan materialları alıb. Hazırda şirkət "Azərsu" ASC-nin tələblərinə uyğun layihələndirmə işlərini görür. İşlər artıq yekunlaşmaq üzrədir.

Biləcəri sakinləri bir müddət öncə prokurorluğa da müraciət edib. Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, Cinayət təqibindən kənar icraatlar idarəsi və Binəqədi rayon Prokurorluğu məsələ ilə bağlı birgə araşdırma aparıb. Araşdırmalar zamanı şirkətin fəaliyyəti ilə əlaqədar yaranan çirkab suların ətraf əraziyə axıdıldığı müəyyənləşdirilib.

Toplanmış materiallar məhkəməyə göndərilib. Binəqədi rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 262.2.3 (içməli məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması) maddəsinə əsasən, 2000 manat cərimələyib.

XS
SM
MD
LG