Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 03:21

'Bu məsələ alver predmetinə çevrilib...'


COVID-19
COVID-19

Azərbaycanda bu il mart ayından başlayaraq dekabrın 9-a qədər COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1865512 test aparılıb. Son sutka ərzində bu rəqəm 18321 olub. Ölkədə koronavirusun yayılması təzə başlayanda sutka ərzində 4-5 min test aparılırdısa, hazırda gündəlik testlərin sayı 20 minə yaxınlaşır. Lakin bəzi günlərdə əhalidən götürülən testlərin sayı 10 minə düşür. Bunun səbəbi nədir və son günlər simptomlar olmayan şəxslərdən test niyə götürülmür? Bir sözlə, bəzi qabaqcıl ölkələr kimi, "neft və milyonlar səltənəti" sayılan Azərbaycanda kütləvi testlərin keçirilməsinə nə mane olur?

Əgər iş yoldaşınız koronavirusa yoluxduğunu gizlədirsə... Neyləməlisiz?
Gözlə

No media source currently available

0:00 0:04:56 0:00

"Həftənin bazar günləri..."

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Turan" agentliyinə bildiriblər ki, həftənin digər günləri ilə müqayisədə bazar günləri vətəndaşlardan götürülən testlərin sayı nisbətən az olur: "Həftənin bazar günləri növbəlilik prinsipi ilə koronavirus testi həyata keçirilən laboratoriyalarda profilaktik dezinfeksiya işləri həyata keçirilir. Bu səbəbdən həmin günlərdə test sayı aşağı olur və ona mütənasib olaraq, yoluxma saylarında azalma müşahidə edilir".

"Simptomsuz təmaslılardan testlərin götürülməsinə..."

TƏBİB-dən həmçinin qeyd edilib ki, koronavirus xəstəsi ilə təmasda olan şəxslərdən testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulub: "Gün ərzində götürülən testlərin sayı çoxdur və bu, laboratoriyaların iş həcminə təsir göstərir. Nəticədə, təbii olaraq, testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulub".

"Hazırda ölkədə 40-a yaxın..."

Qurumda qeyd ediblər ki, Azərbaycanda koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur: "Hazırda ölkədə 40-a yaxın molekulyar mikrobioloji laboratoriya mövcuddur. Bu laboratoriyalarda gündəlik 10 min testin aparılması nəzərdə tutulurdu. Artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan iki dəfə artıb və gün ərzində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi kriteriyalara uyğun olaraq 20 minədək PZR (yaxma) testi tam ödənişsiz, dövlət hesabına aparılır".

Bəzi ekspertlər də koronavirusla bağlı mübarizədə kütləvi testləşdirməni başlıca şərt sayırlar.

"Bütün nəticələri pozitiv çıxan xəstələri hara yerləşdirəcəyik?"

Amma tibb elmləri doktoru Adil Qeybulla AzadlıqRadiosuna deyib ki, kütləvi testlərin aparılması mövcud vəziyyətdə yaxşı heç nə vəd etmir:

A.Qeybulla
A.Qeybulla

"Əvvəla, kütləvi testləşdirmə aparılsa, bütün nəticələri pozitiv çıxan xəstələri hara yerləşdirəcəyik? Kütləvi testlərin götürülməsi üçün uyğun şərait olmalıdır. Test həmişə dəqiq nəticə göstərmir, onun həssaslıq dərəcəsi, dəqiqliyi 95 faizdir. O da o şərtlə ki, texniki baxımından onun götürülməsi düz olsa. Məsələn, xəstə testdən bir müddət əvvəl burnunu təmizləməməli, boğazını yumamalıdır. Bütün bunların önəmi çoxdur".

"İnsanlar karantin davranışlarına ciddi əməl etməlidirlər..."

Professorun fikrincə, kütləvi test aparılmasından daha çox yoluxma zəncirini qırmaq üçün yollar aramaq lazımdır: "Bunun variantı necə olacaq, biz bilmirik. Çünki vaksinasiya olunan şəxslərdə vaksinin özünü necə aparacağı ilə bağlı çoxlu suallar var. Amma ən azı ictimai nəqliyyatda qayda-qanun yaratmaq, insanların hərəkətinə nəzarət etmək, qapalı mühitdə maskasız və ya maskadan düzgün istifadə etməyən şəxsləri ciddi şəkildə cərimələmək lazımdır. İnsanlar karantin davranışlarına ciddi əməl etməlidirlər, amma təəssüf ki, buna əməl etmirlər...".

"Gərək bir az ucuz edərdilər..."

Üstəlik, A.Qeybulla qeyd edib ki, özəl klinikalarda aparılan testlərin qiyməti bir qədər bahadır: ​"Gərək bir az ucuz edərdilər, özəl sektorda, hər yerdə aparılmasını təmin edərdilər. İnsanların bu testlərdən yararlanmağa imkanları olmalıdır. Təəssüflər olsun ki, bu məsələ bir alver predmetinə çevrilib ayrı-ayrı qurumların tərəfindən. Amma bu da məsələnin həlli deyil. Bugün Bakı şəhərində 70 faizə yaxın insanlar yoluxma durumundadır. Bunu açıq etiraf etmək lazımdır. Biz kollektiv immunitetə doğru gedirik. Belə bir yoluxma zəncirini qırmaq üçün yolları aramaq lazımdır".

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı da hesab edir ki, koronavirus infeksiyasını müəyyənləşdirilməsi məqsədilə aparılan testlərin qiymətləri bahadır. Deputat "Turan" agentliyinə deyib ki, qiymətlər daha münasib olmalıdır: "Bu barədə mən Milli Məclisdə məsələni qaldırmışdım. İndiki halda Azərbaycanda testlərin qiyməti bahadır. Müxtəlif qiymətlər deyirlər, hər klinika fərqli qiymət qoyur. Hər halda orta hesabla 50-60 manatdan ucuz yoxlanma yoxdur".

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Əməkhaqqı çatar?!"

O qeyd edib ki, PCR üsulu ilə aparılan yoxlanmanın qiyməti isə 80-100 manatdır: ​"Bu da Azərbaycanda əhalinin bir çox təbəqələri üçün qətiyyən uyğun gələn deyil. Ailədə beş nəfər varsa, təkcə testdən keçməyə nə qədər pul vermək lazımdır. Əməkhaqqı ona çatar?!".

S.Rüstəmxanlı da vurğulayıb ki, kütləvi testlərin aparılmasına ehtiyac yoxdur: "Bir çox mütəxəssislər və virusoloqlar deyirlər ki, bu xəstəliyə dünyada hər kəs yoluxacaq. Amma bu proses nə qədər gec olsa, o qədər yaxşıdır. Çünki hazırda peyvənd yoxdur, amma uzun müddət keçdikcə bu virus adi qripə çevriləcək. Ona görə də tələm-tələsik hamını testdən keçirməyə ehtiyac yoxdur. Onsuz da dövlət idarələrində, bir çox müəssisələrdə işçilər bu testdən keçirilir. Dövlət özü bunun xərcini çəkir. Amma kimisə zorla testdən keçməyə məcbur etmək düzgün deyil".

Nazirlik bildirir ki…

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də bildirilib ki, dövlət poliklinikalarında vətəndaşların yaşayış yeri üzrə aparılan testlər tamamilə pulsuzdur: "Özəl klinikalarda aparılan hər hansı analizlərin qiymətini biz tənzimləyə bilmərik. Bu məsələ nazirliyin səlahiyyətində deyil".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

İndiyədək Azərbaycanda isə ümumilikdə 154152 nəfərin koronavirus infeksiyasına yoluxması müəyyən edilib, onlardan 1713 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG