Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 08:32

Oqtay Gülalıyevin xanımı ifadə verib


Oqtay Gülalıyevi vuran sürücü danışdı
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Oqtay Gülalıyevi vuran sürücü danışdı

Bu gün, noyabrın 16-da Nəsimi rayon Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı qaldırılmış cinayət işi üzrə proses davam edib.

Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyevanın şahid qismində ifadəsi dinlənilib. O bildirib ki, məhkəmə tibbi personalın, xüsusi olaraq "Baku City Hospital"ın personalının əməllərinə qiymət verməlidir.

Xanımının deməsinə görə, lazımı müdaxilə vaxtında edilməyib.

"Halbuki Oqtay bəyin Kliniki Tibbi Mərkəzdən "Baku City Hospital"a köçürülməsi zamanı huşunu itirməsindən sonra dərhal tədbir görülməli idi", - o vurğulayıb.

Hakim isə bildirib ki, həkimlərin məsuliyyəti barədə məsələ ayrı icraata çıxarılıb.

Vəkilin vəsatəti nədəndir

Zərərçəkmiş tərəfin vəkili Fuad Ağayev vəsatətlə çıxış edib. Vəkilin sözlərinə görə, istintaq O.Gülalıyevin mobil telefonundan çıxan və telefona gələn bütün zəngləri araşdırıb. Lakin onun deməsinə görə, eyni araşdırma təqsirləndirilən şəxsin telefon nömrəsi ilə bağlı aparılmayıb.

F.Ağayev məhkəmədən mobil operatora təqsirləndirilən şəxsin mobil telefonuna gələn və çıxan zənglər barədə məlumat almaq üçün müraciət olunmasını xahiş edib.

Məhkəmə vəsatəti təmin edərək növbəti prosesi dekabrın 1-ə təyin edib.

O.Gülalıyevin xanımının məhkəmədə bu ifadəsinə, hələlik, "Baku City Hospital"dan münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl ölkənin Səhiyyə Nazirliyindən bildirilmişdi ki, O.Gülaliyevin əməliyyatı ailəsinin tərəddüdləri üzündən bir müddət yubanıb.

Ötən həftə, noyabrın 13-də keçirilən məhkəmə prosesində isə Kliniki Tibbi Mərkəzin həkimləri də demişdilər ki, onlar O.Gülalıyevin baş nahiyəsində olan xəsarətlərin fəsadlarını aradan qaldırmaq üçün bütün lazım olan tədbirləri görüblər.

Xatırlatma

Hüquq müdafiəçisi O.Gülalıyevin 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulduğu bildirilir. Onun başından aldığı zədə nəticəsində hələ də komada olduğu deyilir.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb.

O.Gülalıyev qəzadan sonra, elə 2019-cu il oktyabrın 29-da axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə "City Hospital"da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilib.

Bu günlərdə isə onun Bakıya gətirildiyi açıqlanıb.

O.Gülalıyevin vurulduğu avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar, müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.

Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.

XS
SM
MD
LG