Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 07:45

Siyasi fəalları müdafiə edən daha bir vəkil cəzalandırıla bilər


A.Layıc
A.Layıc

Tofiq Yaqublu da daxil olmaqla, bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkil Aqil Layıc barəsində intizam icraatı başlanıb. azvision.az saytının rəhbəri Vüsal Məmmədov vəkilin cəzalandırılması üçün Vəkillər Kollegiyasına şikayət edib. İntizam icraatı da həmin şikayət əsasında başlanıb.

V.Məmmədov iddia edir ki, A.Layıc Facebook hesabında onu təhqir edib. Vəkil V.Məmmədovun "Lider" telekanalında tənqidçi jurnalistlərin, siyasətçilərin intim həyatına aid videoları yayması barədə fikirlərini paylaşıb.

"Hüquq hər kəsə lazımdır"

A.Layıcla bağlı intizam icraatı başlanmasını AzadlıqRadiosuna həm Vəkillər Kollegiyası, həm də vəkilin özü təsdiqləyib.

A.Layıc bildirib ki, noyabrın 13-də İntizam Komissiyasinda bu məsələ ilə əlaqədar iclas keçirilib, izahat verib: "İclas normal keçdi, dinləmələr oldu, şəxsimə qarşı bu mərhələdə qərəz görmədim. Amma qərar hələ elan edilmədi. Ümid edirəm ki, qərar ədalətli və ifadə azadlığım yönündə olacaq".

İntizam Komissiyası pozuntu müəyyənləşdirərsə, məsələ Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasına çıxarılacaq və vəkillə bağlı qərar veriləcək. Pozuntu müəyyənləşdirilməsə, o halda, intizam icraatına xitam veriləcək.

A.Layıc deyir ki, sosial şəbəkədəki şəxsi hesabında paylaşdığı fikirlərin vəkillik fəaliyyətinə aidiyyəti yoxdur: "Mən ifadə azadlığımdan və şəxsi qiymətləndirmə hüququmdan istifadə eləmişəm. Şəxsi qiymətləndirməmin isə vəkillik fəaliyyətinə heç bir aidiyyəti yoxdur. O insan mənim vəkilliyimin obyekti və subyekti olmayıb. Hüquq hər kəsə lazımdır. Məndən şikayət edən şəxs başa düşməlidir ki, insanların şəxsi həyatını, intim videolarını efirdə vermək hüququn ali dəyərlərinə, mənəviyyata ziddir".

Xatırlatma

2013-cü ildən vəkillik fəaliyyəti ilə məşğul olan A.Layıc əlavə edib ki, bu müddətdə heç bir vətəndaş onun fəaliyyətindən şikayətçi olmayıb.

A.Layıc hazırda həbsdə olan bir sıra siyasi fəalların, o cümlədən AXCP funksioneri Ramid Nağıyev, Aqil Məhərrəmov və digərlərinin hüquqlarını müdafiə edir.

Son illər Azərbaycanda bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov, Yalçın İmanov və başqaları Kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin "siyasi məhbus" kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etmələri ilə izah edib. Ancaq Kollegiya bunları inkar edib, onların qanunvericiliyin tələblərini pozduqlarına görə kənarlaşdırıldıqlarını açıqlayıb.

XS
SM
MD
LG