Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin mühafizəçisi olmuş Niyaməddin Əhmədov həbsdə olduğu altı ay ərzində ailə üzvləri ilə nə telefonla danışa bilib, nə də görüşüb. Bu barədə AzadlıqRadiosuna danışan atası Arif Əhmədov bildirib ki, ərzaq və geyim çatdırsalar da, özündən xəbər tuta bilmirlər: "Vəkil görəndən görənə xəbər bilirik ki, salamatdır. Yoxsa xəbərimiz olmur, nigaran qalırıq. Halbuki, onun da başqaları kimi, həftədə iki dəfə ailəsi ilə telefonla danışmaq, həftədə bir dəfə görüşmək hüququ var. Gənc bir adamı günahı olmadığı halda, həbsxanaya salmaq azmış, üstəlik, ailəsi ilə ünsiyyətə də imkan vermirlər. Yaşlı ata-anası onunla danışsa, səsini eşitsə, dünya dağılmayacaq ki...".
"10 gün sonra məktubu alanda..."
A.Əhmədovun sözlərinə görə, təcridxanada qeyri-rəsmi onlara bildirilib ki, qadağa onların qərarı deyil, prokurorluğun göstərişiylə tətbiq olunub. Bundan sonra vəkil Baş Prokurorluğun İstintaq İdarəsində bu işə baxan müstəntiqə ərizə verərək qadağa qərarının ləğvini istəyib. Amma müstəntiq vəsatəti təmin etməyib. Bundan sonra vəkil Sabunçu rayon Məhkəməsinə şikayət verərək telefon danışığı və görüşlə bağlı məhdudiyyətin aradan qaldırılmasını istəyib. Məhkəmə şikayətə baxmaqdan imtina edərək onun geri qaytarılması haqda qərar qəbul edib. Qərarı da belə əsaslandırıb ki, vəkil müstəntiqin qərarından prokurora şikayət etməyib.
Bu cavabı əsassız hesab edən vəkil noyabrın 12-də apelyasiya şikayəti verib.
"Biz şikayətimizə Niyaməddin Əhmədovun iştirakıyla baxılmasını istəmişdik. Onun iştirakı olmadan, vəkilə xəbər verilmədən məhkəmə belə bir qərar çıxarıb. 10 gün sonra məktubu alanda biz bu qərardan xəbər tutmuşuq", – vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, bu qurumun tabeliyindəki müəssisələrdə saxlanılan bütün şəxslərin hüquqları qanunauyğun şəkildə təmin olunur. Onun sözlərinə görə, məhkumlara münasibətdə hansısa məhdudlaşdırma da qanun çərçivəsində həyata keçirilir.
Xatırlatma
Niyaməddin Əhmədov CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham olunur. O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. Prokurorluq iddia edir ki, Q.Məmmədov Azərbaycanda terror törətmək istəyib, bu məqsədlə N.Əhmədova pul göndərib.
CM-in 214-1 maddəsində 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.
AXCP də bu ittihamın absurd olduğunu bəyan edib, N.Əhmədovun həbsini isə partiyaya və Ə.Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.
N.Əhmədov həm də Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi idi. Milli Şuranın ötən il 19 oktyabrda Bakıdakı mitinqində Ə.Kərimli saxlanılan ana qədər onun yanında olmuşdu.