Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 17:42

Hərbi vəziyyətə hüquqşünas baxışları...


Azərbaycanda sentyabrın 28-dən hərbi vəziyyət elan edilib.
Azərbaycanda sentyabrın 28-dən hərbi vəziyyət elan edilib.

Sentyabrın 27-dən Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində yenidən iriçaplı silahların işə düşdüyü, hər iki tərəfin itkilər verdiyi bildirilir.

Azərbaycan rəsmiləri qeyd edirlər ki, sentyabrın 27-də, səhər saatlarında Ermənistan hərbi təxribat törədərək, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələri, şəhər və kəndləri atəşə tutub. Yalnız bundan sonra Azərbaycan tərəfinin əks-hücum əməliyyatına başladığı qeyd edilir. Qarşı tərəf isə bu dəyərləndirməni qəbul etmir.

Azərbaycanda "Hərbi vəziyyət haqqında" Qanuna əsasən, sentyabrın 28-dən hərbi vəziyyət elan edilib. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında da saat 21:00-dan 6:00-dək komendant saatı tətbiq edilib.

S.Seyidov
S.Seyidov

"Məntiqi və düzgündür"

"Paytaxt Bakıda, eləcə də paytaxt ətrafındakı şəhər və rayonlarda hərbi vəziyyət, komendant saatı elan olunması hər bir azərbaycanlının müharibəyə səfərbər olması anlamına gəlir". Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov bunu "Turan" agentliyinə söyləyib. Onun fikrincə, ölkənin təhlükəsizliyinin tam təmin edilməsi üçün hərbi vəziyyət və bəzi yerlərdə komendant saatı tətbiq olunması zərurətdir:

"Biz acı tarix yaşamışıq. Çox gözəl bilirik ki, təxribat, metroda terror aktları törədənlər, əhaliyə qarşı cinayət işləyənlər hər zaman hər yerdə ola bilərlər. Ona görə hesab edirəm ki, hərbi vəziyyət və komendant saatı ancaq cəbhə bölgəsinə tətbiq oluna bilməz. Bu gün cəbhə, səfərbərlik hər bir azərbaycanlının daxilindədir. Ona görə də hərbi vəziyyətin Bakıda da tətbiq olunması və həyata keçirilməsi, komendant saatının mövcudluğu tamamilə məntiqi və düzgündür".

F.Ağayev
F.Ağayev

"Tamamilə adekvatdır"

"Bakıda da hərbi vəziyyət elan olunması və komendant saatı tətbiq edilməsi yaranmış situasiyaya tamamilə adekvatdır". Bunu da AzadlıqRadiosuna hüquqşünas Fuad Ağayev bildirib.

Hüquqşünas bildirib ki, "Hərbi vəziyyət haqqında" Qanunda çoxsaylı tədbirlər öz əksini tapır.

"Qanunun layihəsini hazırlayanlar dəqiq göstərməli idilər ki, həmin qanunda olan çoxsaylı məhdudiyyətlərdən hansıları tətbiq olunacaq. Yəni, bu məsələyə aydınlıq gətirilmir", - F.Ağayev vurğulayıb.

"Bakı cəbhə bölgəsindən nə qədər uzaq olsa da..."

"Bakı cəbhə bölgəsindən nə qədər uzaq olsa da, ərazisində müharibə gedən ölkənin paytaxtıdır. Bir çox səbəblərə görə Bakıda hərbi vəziyyət, komendant saatı tətbiq elan olunması zərurətdir".

T.Əbilov
T.Əbilov

Bunu da istefada olan hərbçi- hüquqşünas Telman Əbilov bildirib. Onun fikrincə, indiki həssas dönəmdə paytaxtın fəaliyyət rejimi qorunmalıdır.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG