Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 23:30

Rəhim Qazıyev həbsdən buraxılıb


R.Qazıyev
R.Qazıyev

Keçmiş müdafiə naziri Rəhim Qazıyev həbsdən buraxılıb. Sentyabrın 4-də Səbail Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb. Qərara əsasən, R.Qazıyev haqqında həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Bu haqda AzadlıqRadiosuna məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında belə bir qərar çıxarıb. Sabiq nazirin vəkilləri Səbail Rayon Məhkəməsinə onun ev dustaqlığına buraxılması barədə vəsatət verib. Vəsatətə baxan hakim Şəhla Süleymanova onu təmin edib.

"Ev dustaqlığı-qətimkan tədbirinin müddəti 13 noyabra qədər müəyyən edildi", - E.Sadıqov bildirib.

Rəhim Qazıyev: 'Mən 'Şuşa getsə, başıma güllə çaxacam' deməmişəm'
Gözlə

No media source currently available

0:00 0:30:42 0:00

İki aya yaxındır Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan R.Qazıyevin vəkilləri onun ev dustaqlığına buraxılması üçün bir müddət öncə də məhkəməyə vəsatət vermişdilər. Lakin Səbail Rayon Məhkəməsi vəsatəti təmin etməmişdi. Bu qərardan verilən şikayətə avqustun 28-də Bakı Apellyasiya Məhkəməsində baxılsa da, nəticə dəyişməmişdi.

Xatırlatma

Rəhim Qazıyev bu il iyulun 13-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (təxribat) maddələri ilə ittiham irəli sürülüb. Lakin keçmiş nazir özünü təqsirli bilmir.

R.Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub.

R.Qaziyev 1993-cü ilin payızında həbs edilib. 1994-cü ildə onun həbsdən qaçdığı bildirilir. Amma R.Qaziyev həmin vaxt ona qarşı təxribat hazırlandığını deyir.

1995-ci il mayın 12-də R.Qazıyev üç maddə ilə (külli miqdarda dövlət əmlakını talamaq, vəzifə səhlənkarlığı və qanunsuz silah gəzdirmə) təqsirkar bilinərək Ali Məhkəmənin hökmü ilə qiyabi ölüm hökmünə məhkum edilib.

1996-cı ildə saxlanaraq yenidən həbs edilib. 2003-cü ildə onun haqqında hökm 15 il həbs cəzası ilə dəyişdirilib.

O, 2005-ci ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

XS
SM
MD
LG