Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan fəalı Tofiq Yaqublunun işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Sentyabrın 1-də Nizami Rayon Məhkəməsində bu barədə qərar elan edilib. Ardınca çıxış edən prokuror Tofiq Yaqublunun 4 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Prokurorun çıxışından öncə məhkəmədə vəkillər bir sıra vəsatətlər qaldırıb, Yaqublunun telefonuna baxış keçirilib, həyat yoldaşı Maya Yaqublu dindirilib.
Maya Yaqublu bildirib ki, hadisə günü həyat yoldaşı və qardaşı oğlu ilə birlikdə “8-ci kilometr bazarı”na gediblər. Tofiq Yaqublu onları maşında gözləyib:
“Yenicə bazara girmişdik ki, Tofiq Yaqublu zəng elədi və dedi ki, dayandığı yerdə maşını vurublar. Tez gəldik. Gördüm ki, maşında əyləşib, qapıları da bağlayıb. Mənə görə qapını açanda qadın (zərərçəkmiş qismində tanınan Cəvahir Cəbrayılovanı nəzərdə tutur - red.) az qalırdı Tofiq Yaqublunu didsin. Elə söyüşlər işlədirdi ki... Oradakılar bunların üzünə tüpürdü ki, ayıb deyil, dayandığı yerdə kişini şərləyirsiz?”
“Onda görünərdi ki, o adamlar həmin gün məni izləyiblər”
Daha sonra məhkəməyə Tofiq Yaqublunun telefonu gətirilib. Vəkillər bildiriblər ki, telefon maddi sübut kimi tanınmadığı halda, aylardır ki, polis idarəsində saxlanılır.
Tofiq Yaqublunun telefonuna polis idarəsində müdaxilə edildiyini vurğulayan vəkillər bunun həm şəxsi həyata müdaxilə, həm də mülkiyyət hüququnun pozuntusu olduğunu bildirib.
“Telefonun gətirilməsini ona görə təmin etdiniz ki, bilirsiniz o telefondan görüntüləri siliblər. Hakim olsaydınız, ədalətli araşdırma aparsaydınız, hadisə günü mənim və üzümə duranların telefonlarının əhatə dairəsinin müəyyənləşdirilməsi barədə vəsatətimizi təmin edərdiniz. Onda görünərdi ki, o adamlar həmin gün məni izləyiblər. Mən harada olmuşamsa, onlar da orada olublar”, – Tofiq Yaqublu belə deyib.
O, işi aparan Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyevin məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət qaldırıb:
“Mən bir kəlmə ifadə verməmişəm, mənim adımdan saxtakarlıq edib. Öz vəkilimlə təmin edilmədiyimə görə etiraz olaraq protokola imza atmamışam. O yazıb ki, heç bir əsas olmadan imza atmamışam. Yalan yazıb ki, guya mənə vəkilimi dəvət etmək imkanı yaradılıb. Üzləşmədə ifadə vermədiyim halda, ifadə verdiyimi yazıb. Hadisənin görüntülərinin telefonda olduğunu bildiyi halda, dərhal yanımda açıb baxmayıb. Guya iki ay sonra mənim iştirakım olmadan baxış keçirilib. Yazıblar ki, guya telefonun kodunu bilməyib. Bəs niyə məndən soruşmayıb?”
Müstəntiqin çağırılması, telefon anten dairələrilə bağlı vəsatətlər təmin edilməyib.
Telefon məhkəməyə gətiriləndə isə məlum olub ki, hadisənin görüntüləri yoxdur.
Tofiq Yaqublu bildirib ki, nəinki hadisənin görüntüləri, həmçinin Facebook hesabı, ailəsinə aid videolar və başqa materiallar da silinib.
Vəkil Aqil Layıc vəsatət qaldırıb ki, mütəxəssis vasitəsilə telefondakı videolar bərpa edilsin. Bu vəsatət də təmin olunmayıb.
Vəkillərə çıxışa hazırlaşmağa vaxt verilməyib
Ardınca hakim Nəriman Mehdiyev məhkəmə istintaqının tamamlandığını elan edib və prokuror Əsədulla Ramazanov qısa çıxış edərək, Tofiq Yaqubluya 4 il 6 ay həbs cəzası verilməsini istəyib. Prokuror iddia edib ki, Tofiq Yaqubluya qarşı ittiham məhkəmədə sübuta yetirilib.
Vəkillər etiraz ediblər, bildiriblər ki, heç bir sənəd tədqiq olunmayıb. Tofiq Yaqublu özü də heç bir ifadə vermədiyini söyləyib.
Vəkillər özləri də çıxış üçün vaxt istəsələr də, hakim razılaşmayıb. Müdafiəçiləri çıxış etməyə məcbur edib.
Vəkil Aqil Layıcovun çıxışı bir cümlədən ibarət olub: “Ədalətsizliyin təntənəsinə etiraz edirəm...”
“Bu məhkəmə Şahbaz və Dilqəmin məhkəməsindən də ədalətsiz keçdi...” – bunu isə Tofiq Yaqublu deyib.
Məlumat: 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevi Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərlərinin girov götürdükləri bildirilir. Azərbaycan vətəndaşı Həsən Həsənovun isə güllələnərək öldürüldüyü qeyd olunur. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində məhkəmə qurulub. D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hakim Tofiq Yaqubluya son sözə hazırlaşmaq üçün bir gün vaxt verib. Proses sentyabrın 2-də onun son sözü ilə davam edəcək. Ardınca isə hökm oxunacağı gözlənilir.
Xatırlatma
Tofiq Yaqublu bu il martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub:
"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".
Tofiq Yaqublunun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Amma Tofiq Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı.
""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır", - o yazmışdı.