Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:33

Alimlər Rusiya və Çin vaksinlərinə niyə çox da inanmırlar?


Rusiyanın hazırladığı vaksin
Rusiyanın hazırladığı vaksin

Rusiya və Çinin geniş reklam etdikləri COVID-19 vaksinlərinin potensial qüsuru var.

Reuters agentliyi bəzi ekspertlərə istinadən yazır ki, bu vaksinlər çox sayda insanların yoluxduğu adi soyuqdəymə və ya zökəmi törədən virusların əsasında hazırlanır.

Adi soyuqdəyməni törədən virus da koronavirus ailəsinə daxildir.

Çində CanSino Biologics şirkətinin hərbi məqsədlər üçün hazırladığı 6185.HK vaksini 5-ci tip adenovirus və ya Ad5 virusunun əsasında işlənib.

The Wall Street Journal qəzeti ötən həftə yazırdı ki, hazırda şirkət hələ genişmiqyaslı sınaqlar keçirilmədən onu bir neçə ölkədə istifadə üçün təsdiqlətmək istiqamətində danışıqlar aparır.

Moskvadakı Gamaleya İnstitutunun hazırladığı vaksin aparılan sınaqların məhdudluğuna baxmayaraqavqustun əvvəllərində istifadə üçün təsdiqlənib.

Bu vaksin də Ad5 və başqa bir daha az yayılmış adenovirusun əsasında hazırlanıb.

Çox sayda insan soyuqdəymə keçirdiyindən…

Johns Hopkins Universitetinin vaksin tədqiqatçısı Anna Durbin deyib ki, onu narahat edən çox sayda insanın artıq Ad5-ə qarşı immunitetə malik olmasıdır:

"Mən onların strategiyalarının nədən ibarət olmasını bilmirəm. Ola bilsin ki, bu vaksinlərin effektivliyi 70 faizdən çox olmayacaq. Bəlkə də 40 faiz effektivliyi olacaq. Əlbəttə, bu heçnədənsə daha yaxşı ola bilər. Amma bundan səmərəlisi də mümkündür”.

Dünya indiyədək planet boyunca 845 min insanın həyatına son qoymuş bu koronavirusa qarşı güclü vaksinlərin yaradılmasını bir xeyli vaxtdır ki, gözləyir.

Rusiya institutu bildirir ki, onun hazırladığı vaksin iki virusa əsaslandığından Ad5 immuniteti ilə bağlı problemləri çözəcək.

Reuters yazır ki, hər iki şirkət vaksin hazırlanmasında uzun illərin təcrübəsinə malikdir və Ebola xəstəliyinə qarşı vaksin də Ad5 virusuna əsaslanır.

Nə CanSino, nə də Gamaleya İnstitutu agentliyin sorğularına cavab verməyib.

“Ziyansız” viruslardan istifadə

Bu da qeyd olunur ki, alimlər müxtəlif infeksiyalara qarşı vaksinlərin hazırlanmasında onilliklərlə Ad5 virusuna əsaslanıblar, amma bu vaksinlərdən heç birindən geniş istifadə edilmir.

Bu metod ziyansız viruslardan genlərin hədəf virusa, bu halda isə yeni növ koronavirusdan insan hüceyrələrinə daşınmasını və beləliklə də COVID-19 virusuna qarşı immunitetin yaradılmasına hesablanıb.

Lakin problem burasındadır ki, çox sayda insanlar Ad5 virusuna qarşı anticismlərə malikdir. Bu isə o deməkdir ki, insanın immun sistemi koronavirusu yox, Ad5 anticismlərini hədəfləyə bilər. Bu halda vaksinlər daha az effektiv olacaq.

Bəzi tədqiqatçılar alternativ adenoviruslarla və ya mexanizmlərlə işləyiblər.

Oksford Universiteti və AstraZeneca şirkətinin AZN.L COVID-19 vaksini şimpanze adenovirusuna əsaslanır və beləliklə də Ad5 problemindən yan keçir.

Johnson & Johnson şirkətinin JNJ.N vaksin namizədində nisbətən az yayılmış Ad26 virusundan istifadə olunub.

Anticism faktoru

Kanadanın McMaster Universitetindən professor Zhou Xing 2011-ci ildə CanSino şirkəti ilə birlikdə vərəm xəstəliyinə qarşı Ad5 əsaslı vaksinin hazırlanmasında iştirak edib. Onun komandası tənəffüs yolu ilə qəbul edilən Ad5 COVID-19 vaksini üzərində işləyir. Alim inanır ki, bu vaksin əvvəlcədən mövcud olan immun problemlərindən yan keçə bilər.

Bununla belə o hesab edir ki, Oksford Universitetinin namizəd vaksininin iynə ilə vurulan CanSino vaksinindən üstünlükləri çoxdur.

Doktor Xing həm də narahatdır ki, CanSino vaksinindəki Ad5 vektorunun böyük dozaları yüksək hərarətə səbəb ola bilər.

Filadelfiyadakı Wistar Vaksin Mərkəzinin direktoru, professor Hildegund Ertl düşünür ki, sözü gedən vaksin bu vaksinə anticismləri olmayan insanlarda yaxşı nəticə verərdi. Amma təəssüf ki, çox sayda insan belə immunitetə malikdir.

Reuters yazır ki, Çində və ABŞ-da əhalinin 40 faizi bundan əvvəlki Ad5-ə yoluxmalardan qalmış yüksək anticism konsentrasiyasına malikdir. Afrikada isə bu rəqəm hətta 80 faiz ola bilər.

31 avqust - Sağalanların sayı yoluxanları üstələdi
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

AIDS riski

Bəzi alimlər narahatdırlar ki, Ad5 əsaslı vaksinlər insanların HIV virusuna yoluxma riskini yüksəldə bilər.

2004-cü ildə Merck & Co şikətinin Ad5 əsaslı MRK.N HIV vaksini üzərində təcrübələr bu preparatın artıq immuniteti olan insanların AIDS xəstəliyini törədən virusa qarşı həssaslığını azaltmaq əvəzinə daha da artırdığını göstərmişdi.

ABŞ-ın baş infeksionisti doktor Anthony Fauci də daxil aparıcı alimlərin 2015-ci ildə yazdıqları məqalədə deyilirdi ki, yan fəsadlar yalnız HIV vaksinlərinə məxsus ola bilər. Buna baxmayaraq bu alimlər xəbərdarlıq edirdilər ki, Ad5 əsaslı bütün vaksinlərin risk qrupunda olan insanlara tətbiqində HIV təhlükəsi nəzərə alınmalıdır.

Gamaleya İnstitutunun vaksini iki dozada vurulmalıdır. Bunlardan birincisi Ad26 əsaslı, ikincisi isə Ad5 əsaslıdır.

İnstitutun direktoru Alexander Gintsburg iddia edir ki, ikivektorlu yanaşma immunitet problemlərini həll etmiş olacaq.

Professor Ertl bildirir ki, bu vaksin iki adenovirusdan birinə məruz qalmış fərdlərdə yaxşı səmərə verə bilər.

Rusiyanın əsaslı sınaqlar keçirilmədən öz vaksini ilə oktyabr ayından yuxarı riskli əhalini də peyvənd edəcəyini elan etməsi bir çox ekspertlərin ciddi narahatlığına səbəb olub.

XS
SM
MD
LG