Hazırda inzibati həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Emin Fərhadovun həbs müddətinin 13 gün uzadılmaq istəndiyi bildirilir.
Bu barədə vəkil Əsabəli Mustafayev danışıb.
E.Fərhadov iyulun 28-də saxlanıb. Vəkilin sözlərinə görə, məhkəmənin qərarına baxmayaraq E.Fərhadov avqustun 3-nə qədər Sabunçu rayon 13-cü polis bölməsində tutulub: "Emin Fərhadov barəsində məhkəmənin 31 iyul 2020-ci il tarixli qərarı ilə 30 gün müddətinə inzibati həbs tədbiri tətbiq olunub. Həmin qərarda cəzaçəkmənin əvvəli 30 iyul göstərilib. Məhkəmə qərarında həmçinin, cəzanın çəkiləcəyi müəssisə qismində Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsi göstərilib. Lakin o, avqustun 3-ə qədər bölmədə saxlanırdı".
"Koronavirusla bağlı test ediblər və…"
Vəkilin deməsinə görə, orada onu koronavirusla bağlı test ediblər və bildiriblər ki, testin cavabı müsbət çıxıb: "Bu səbəbdən onu tibbi müalicə müəssisəsinə göndəriblər. Həmin müəssisədə 12-13 gün saxlandıqdan sonra E.Fərhadov Həbs Olunanların Saxlanılma Məntəqəsinə gətirilib və hazırda orada cəza çəkir".
Vəkil qeyd edib ki, məntəqədə E.Fərhadovun müalicədə olduğu günlərin cəzaçəkmə müddətinə daxil olmayacağı gözlənir. Onun bildirməsinə görə, bu səbəbdən məhkəmə qərarına uyğun olaraq avqustun 29-da deyil, cəbhəçinin sentyabrın 12-də buraxılacağını bildiriblər:
"Cəzanın təxirə salınması barədə məhkəmə qərarı yoxdur"
"Hesab edirəm ki, məntəqənin əməkdaşlarının bu yanaşması qanunsuzdur. Belə ki, E.Fərhadov cəza çəkməyə başladıqdan 5 gün sonra müalicəyə göndərilib. Ən əsası isə məhkəmə qərarında həbs etmənin əvvəli kimi 30 iyul tarixi göstərilib və bu qərar qanuni qüvvədədir. Cəzanın təxirə salınması barədə məhkəmə qərarı yoxdur. Belə olduğu halda, Fərhadovun azadlığa buraxılma vaxtının məntəqə rəhbərliyi tərəfindən heç bir hüquqi əsas olmadan uzadılması qanunsuzluq kimi qiymətləndirilməlidir".
Ə.Mustafayev əlavə edib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Ombudsman Aparatına müraciətlər, hələlik, nəticə verməyib.
Bu deyilənlərə, hələlik, Ombudsman Aparatı, Daxili İşlər Nazirliyi və başqa uyğun qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
AXCP üzvü Emin Fərhadov iyulun 28-də saxlanıb. E.Fərhadov inzibati qaydada 30 sutka həbsə məhkum edilib. O, İnzibati Xətalar Məcəlləsinin 211.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinib.
AXCP-nin hazırda 10 qədər üzvü uzunmüddətli həbsdədir. 20 civarında cəbhəçi ilə bağlı isə məhkəməyə qədər həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin ən müxtəlif maddələri ilə ittiham edilsələr də, partiya cəbhəçilərin siyasi sifarişlə həbs olunduğunu açıqlayıb.
Rəsmilər isə ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.