Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:50

ABŞ Rusiya qurumlarını qara siyahıya salır


İllüstrativ foto
İllüstrativ foto

ABŞ Ticarət Departamentinin qara siyahısına Rusiya Müdafiə Nazirliyinin bir qurumu da salınıb. Bu qurum Rusiyanın dünyada ilk COVID-19 vaksini hazırlamasında iştirak edib

Birləşmiş Ştatlar Rusiyanın üç hərbi və mülki obyektini “qara siyahı”ya salıb. Bu qurumların kimyəvi və bioloji silah tədqiqatlarında iştirak etdiyi iddia olunur.

ABŞ Ticarət Departamentinin qara siyahısına Rusiya Müdafiə Nazirliyinin bir qurumu da salınıb. Bu qurum Rusiyanın dünyada ilk COVID-19 vaksini hazırlamasında iştirak edib.

Ümumilikdə isə avqustun 27-də açıqlanmış məlumatda Rusiya, Çin, Fransa, İsveçrə və digər yerlərdən 60 qurumun salındığı xəbər verilir. Onların fəaliyyətinin “Birləşmiş Ştatların milli təhlükəsizliyi və xarici siyasət maraqlarına zidd olduğu” qeyd edilir.

Sanksiyalar daha yumşaq görünür

Rusiya və başqa ölkələrdən qara siyahıya salınmış şirkətlərlə iş görmək istəyən ABŞ şirkətləri üçün yeni lisenziya qadağaları qüvvəyə minir.

Ancaq bu tədbirlər ABŞ-ın digər sanksiya proqramlarına nisbətən daha yumşaqdır.

Rusiyadan siyahıya Müdafiə Nazirliyinin 33-cü Mərkəzi Tədqiqat və Sınaq İnstitutu, eləcə də 48-ci Mərkəzi Tədqiqat İnstitutu və onun Yekaterinburq və Sergiyev Poşaddakı filialları düşüb.

Rusiya rəsmiləri 48-ci Mərkəzi Tədqiqat İnstitutunun başqa bir mülki obyekt – Gamaleya İnstitutu ilə birlikdə vaksin işində əməkdaşlıq etdiyini deyirdi.

Rusiya vaksininin insan üzərində ilk sınaqları da iyunda sözügedən mərkəzdə həyata keçirilib.

Prezident Vladimir Putin bu ayın əvvəlində Rusiyanın vaksini qeydiyyatdan keçirdiyini açıqladı. Putin vaksinin təhlükəsiz və effektiv olduğunu desə də beynəlxalq ekspertlər buna şübhəylə yanaşıblar, çünki vaksin 3-cü mərhələdən, minlərlə insan üzərində sınaqdan keçirilməyib.

Gamaleya Milli Tədqiqat Mərkəzi siyahıya salınmayıb.

Noviçoku hazırlayan institut

Siyahıdakı mülki qurum isə Dövlət Üzvi Kimya və Texnologiya Tədqiqat İnstitutudur. Sovet dövründə bu institut Noviçok adlı hərbi dərəcəli sinir qazının hazırlanması üçün məsuliyyət daşıyırdı.

2018-ci ildə Londonda keçmiş rusiyalı ikili agent Sergei Skripal və qızı Yulia-nın zəhərlənməsində Noviçokdan istifadə olunub.

Bu hücuma görə Rusiyanın iki hərbi kəşfiyyat agenti ittiham olunub. Skripallarla hücumda istifadə edilmiş zəhərlə təsadüfən kontaktda olmuş britaniyalı qadın vəfat edib.

Rusiyanın Vaşinqtondakı səfirliyinin Facebook səhifəsində səfir Anatoly Antonov Ticarət Departamentinin qara siyahısını rədd edib.

“Bu bizə çaşdırıcı gəlir. Xüsusilə ona görə ki, heç bir dəlil təqdim olunmayıb. “İnanmağa məntiqli əsas var” kimi tanış qarışıq terminlərdən istifadə olunur. Bu əsassız iddialarla bağlı həmkarlarımızdan müəyyən aydınlatma istərdik”, – Antonov deyib.

Birləşmiş Ştatlar və Rusiya indiyədək dünyanın ən böyük kimyəvi silah arsenalına sahib olublar. Ancaq hər ikisi tədricən onu məhv edir, ekspertlər isə bu prosesin ləng getdiyini bildirir.

Ticarət Departamentinin qara siyahısında yer alan digər şirkətlərin İrana ABŞ təyyarə hissələri göndərdiyi, “təhlükəli zəmanətsiz nüvə fəaliyyəti” ilə məşğul olduğu, Çinə Cənubi Çin dənizində mübahisəli sularda ərazi iddiaları üçün ada strukturlarının tikintisində kömək etdiyi bildirilir.

XS
SM
MD
LG