Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeyintilərə görə məsuliyyətə cəlb olunanlar arasında toqquşma yaranıb. Bu işə görə məhkəmə önündə dayananlar nazirliyin Hidrometeorologiya Departamentinin sabiq rəisi Əkbər Həsənov, onun müavini İlqar Hacıyev və daha üç işçidir. Bu beş nəfərdən həbsdə olan ancaq İ.Hacıyevdir.
Bu işdə söhbət adı olub, özü olmayan işçilərin adına aylıq maaş köçürməklə həmin vəsaitlərin mənimsənilməsindən gedir. Keçmiş departament rəisi də, onun müavini də bunu təsdiqləyir. Amma İ.Hacıyev deyir ki, bu, tək departamentlik məsələ deyildi, keçmiş nazir Hüseynqulu Bağırovun da bundan xəbəri vardı. Hər ay o kartlardan çıxarılan pulu nazirlikdə onların üzərinə qoyulan əlavə işlərin görülməsinə xərcləyirdilər. Onun sözlərinə görə, sonuncu dəfə 2018-ci ildə prezident seçkisi öncəsi nazir departament rəhbərini çağırıb, 265 min manat pul istəyib - seçkiyə görə 50 min manat, özünün Salyandakı zavodunun tikintisinə görə də 215 min manat.
İ.Hacıyev deyir ki, həmin vaxt məcbur olub sələmlə pulu götürüb, nazirə çatdırıblar. Sonradan kartlardan pulu çıxarıb borcu ödəyirdilər.
"Havanı pulla satmayacaqdıq ki..."
"Nazirliyin başqa strukturlarında əlavə qazanc, gəlir yeri olurdu. İki-üç ağacın yerini o yan-bu yan eləyib, pul qazanırdılar. Bizim departamentdə isə əlavə gəlir olmurdu. Havanı pulla satmayacaqdıq ki... Ona görə əlavə xərcləri bu üsullarla ödəməyə çalışırdıq", - İ.Hacıyev avqustun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində belə deyib. Onun sözlərinə görə, 63 nəfərin adına olan kartlara aylıq maaş köçürülürdü. Pulları özünün və departament rəisinin sürücüsü, bəzən də işçilər çıxarırdı.
Əlavə xərclərin nədən ibarət olmasına gəlincə, İ.Hacıyev bildirib ki, itkin düşən və bir müddət sonra meyiti tapılan alpinistlərin axtarışı üçün 12 min, departamentin balansındakı binanın şüşə üzlüyünün yuyulması üçün 25 min, hava proqnozu ilə bağlı bukletlərə 20 min pul sərf olunub.
Bundan başqa, kombi sisteminin quraşdırılması, telekommunikasiya xətlərinin yenilənməsi və s. xərclər də olub.
Sabiq departament rəhbəri, hazırda isə təqsirləndirilən şəxs qismində hakim önündə cavab verən Ə.Həsənov isə məhkəmədə bildirib ki, nazirin əlavə kartlar məsələsindən xəbəri olmayıb. H.Bağırovun 2018-ci ildə prezident seçkisi öncəsi ondan 265 min manat pul istəməsi haqda deyilənlər də doğru deyil.
Bu cinayət işində ümumilikdə 415 min manatlıq mənimsəmədən söhbət gedir. Bunun 300 min manatı istintaq vaxtı Ə.Həsənovun adından ödənilib.
"300 min manatı keçmiş nazir ödəyib"
İ.Hacıyev iddia edir ki, mənimsəmələrlə bağlı istintaq araşdırmaları başlanan vaxt H.Bağırovun rəhbərlik etdiyi Qərb Universitetinə gedib, keçmiş nazirlə görüşməyə cəhd ediblər. Əgər onlarla görüşüb ziyanı ödəməsə, baş verənlər haqda müraciəti ictimaiyyətə yayacaqlarını deyiblər.
Bundan sonra H.Bağırov nümayəndəsi vasitəsilə onlara 300 min manat çatdırıb. Onun sözlərinə görə, keçmiş departament rəhbərinin dəymiş ziyandan ödədiyi 300 min manat da həmin vəsaitdir, bu üzdən keçmiş nazir haqqında həqiqəti danışmaq istəmir.
Hakim isə bildirib ki, məhkəmə istintaqdan daxil olan cinayət işi çərçivəsində orada adı olan təqsirləndirilən şəxslər haqqında işə baxır: "Hüseynqulu Bağırovdan şikayətiniz varsa, lazımi orqanlara müraciət edə bilərsiz".
Keçmiş nazir H.Bağırov ünvanına səslənən korrupsiya ittihamlarını hüquqi təmsilçisi Anar Rzayev vasitəsilə təkzib edib. A.Rzayev deyib ki, istər saxta kartlardan hər ay 10 min manat nazirə çatması, istərsə də 2018-ci ilin fevralında 265 min verilməsi haqda deyilənlər şər-böhtandır: "Baş mühasibin keçmiş ekologiya naziri Hüseynqulu Bağırov barəsində verdiyi bəyanatlar həqiqəti əks etdirmir. İttiham aktında təqdim olunan faktlar ətrafında spekulyasiyalar etməklə məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil".
H.Bağırov 2001-ci ilin mayından 2018-ci ilədək ekologiya və təbii sərvətlər naziri postunda çalışıb.