Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:32

Həkim M.İbrahimin oğlunda koronavirus olmadığını deyib


M.İbrahimov
M.İbrahimov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov haqqında həbs qərarı çıxarılandan bu yana onun ailə üzvləri və vəkilləri ilə əlaqəsinə imkan verilmədiyini bildirilir. Bu barədə AzadlıqRadiosuna onun qardaşı Turan İbrahim məlumat verərək bildirib ki, iyulun 22-də Mehdi barəsində Xətai Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçiləndən sonra ailəsindən və müdafiəçilərindən kimsə onun nə üzünü görüb, nə də səsini eşidib.

"Ancaq bunu bilirik ki, Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürüblər. Nə evə zəng eləməsinə imkan verirlər, nə görüşməyə qoyurlar, nə də müəssisəyə gedən qohumlara bir məlumat verirlər. O müəssisədə saxlanılanlardan birinin qohumundan aldığımız məlumata görə, Mehdinin vəziyyəti ağırdır. Təcili ondan xəbər almaq istəyirik", - T.İbrahim bildirib.

"Onda əvvəldən heç bir xəstəlik olmayıb"

M.İbrahimov CM-in 139-1 maddəsi ilə - koronavirus olduğu halda, küçəyə çıxıb başqalarına təhlükə yaratmaqda suçlanır. İddia olunur ki, o, iyulun 20-də axşam saat 21:00 radələrində karantin rejimi qaydalarını pozduğuna görə saxlanılıb. Polis bölməsinə gətirilib test aparılandan sonra onda COVID-19 infeksiyası aşkarlanıb.

Ailə üzvləri isə bildirir ki, M.İbrahimov iyulun 15-nə keçən gecə Qarabağa dəstək yürüşündən qayıdanda saxlanılıb. Bir gün sonra bölmədə onun Məmməd İbrahimin oğlu olduğunu biləndə buraxmayıblar. Saxlanılana qədər də Mehdidə heç bir xəstəlik olmayıb.

İyulun 27-də Bakı Apellyasiya Məhkəməsində M.İbrahimov haqqında həbs qərarından verilən şikayətə baxılsa da, onun özünü məhkəməyə gətirməyiblər. Məhkəmənin onun iştirakı olmadan keçirilməsini isə Mehdinin intensiv müalicə altında olmasıyla izah ediblər.

"Hətta sonradan Mehdidə koronavirus aşkarlanıbsa belə, bu, günlərlə bölmədə 100 nəfərə yaxın adamın bir otaqda saxlanmasının nəticəsi ola bilər. Onda əvvəldən heç bir xəstəlik olmayıb", - T.İbrahim vurğulayıb.

"Həkim testin nəticəsinin neqativ çıxdığını dedi"

M.İbrahimovun vəkili Aqil Layıc da AzadlıqRadiosuna təsdiqləyib ki, hüquqlarını müdafiə etdiyi şəxslə nə görüşə bilib, nə də telefonla danışıb. Vəkilin sözlərinə görə, bu barədə Ombudsman Aparatına da məlumat verib. Özü də müvəkkilinin durumunun ağırlığı barədə informasiyaları araşdırmaq məqsədilə iyulun 31-də Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə gedib: "Yenə də Mehdi İbrahimovla görüş qadağası bir yana, telefon əlaqəsinə belə imkan verilmədi. Xeyli gözləyəndən sonra bir məsul həkim çıxıb dedi ki, Mehdi İbrahimovun sağlamlığıyla bağlı narahatlığa əsas yoxdur. Əhvalı yaxşıdır, səhhətində problemlər yoxdur. Ən təəccüblüsü bu oldu ki, həkim Mehdi İbrahimovda, ümumiyyətlə, COVID-19 infeksiyasının olmadığını, testin nəticəsinin neqativ çıxdığını dedi. Amma hər ehtimala qarşı Mehdi İbrahimovun karantinə alındığını bildirdi. Bunu həmin vaxt yanımda olan və Mehdinin durumuna görə narahat olan qohumları da eşidib nisbətən sakitləşdi...".

M.İbrahimov həbs qərarı çıxarılanda Xətai Rayon Məhkəməsinə də polislərlə eyni maşında, üzərində qoruyucu geyim olmadan gətirilmişdi.

AzadlıqRadiosu M.İbrahimovun durumu barədə məlumatları araşdırmaq məqsədilə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə bu barədə sorğu versə də, hələlik, bu qurumdan cavablandırılmayıb.

M.İbrahimov İdman Akademiyasını bitirib. Futbol məşqçisidir. İspaniyada Madridin "Real" klubunda kurs keçib, UEFA-a ona lisenziya verib. Onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq-həbs-qtəimkan tədbiri seçilib.

Ailə üzvləri M.İbrahimovun atasının siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirir.

M.İbrahimovdan sonra atası da həbs edilib. O, iyulun 15-də keçirilən Qarabağa dəstək yürüşünə görə dövlət çevrilişinə cəhddə suçlanır.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşünə qatılmış onlarla şəxs saxlanıb. AXCP azı 30 üzvünün saxlandığını bildirir.

Hüquq-mühafizə orqanları polis əməkdaşlarına xəsarət yetirildiyini, xidməti avtomobillərin aşırıldığını bildirir. Kütləvi iğtişaşların təşkili, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddələri ilə cinayət işi başlanıb.

AXCP-nin iki aparıcı üzvü isə həm də hakimiyyəti zorla ələ keçirmə cəhdində ittiham olunur. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşə qatılmadığını bəyan edib.

XS
SM
MD
LG