Bakı sakini Xəyal Süleymanlının paytaxtda əhalinin evdən çıxmasına qadağa qoyulduğu iki gündə (14-15 iyun) Qubaya getməsi sonradan həbsə düşməsiylə nəticələnib. O, həm azadlıqdan məhrum edilib, həm də sürücülük hüququndan.
27-yaşlı X.Süleymanlı iyunun 16-da Qubadan qayıdanda yollarda qurulmuş postdan keçməli olub. Həmin vaxt maşını özü idarə edən X.Süleymanlının əynində polis forması olub. Postda ondan sənədlərini istəyəndə deyib ki, vəsiqəsini evdə unudub. Araşdırma zamanı məlum olub ki, o, ümumiyyətlə, polis deyil.
X.Süleymanlını maşını ilə birlikdə Sumqayıt Şəhər Polis İdarəsinin 2 saylı polis bölməsinə gətiriblər. Orada barəsində İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimi qaydalarını pozma) və 534-cü (əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçular və prokurorluq işçilərinin xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddələri ilə protokol tərtib olunub. Sumqayıt Şəhər Məhkəməsinin qərarıyla ona 30 sutka həbs cəzası kəsilib. Üstəlik, sürücülük hüququndan da 1 illik məhrum olunub.
X.Süleymanlı protokolda yazılanları təsdiqləyib. Deyib ki, bu hərəkətinə görə çox peşmandır. Məhkəmədən də ona həbslə bağlı olmayan cəza verilməsini istəyib. Amma birinci instansiya məhkəməsi onun bu istəyini nəzərə almayıb.
X.Süleymanlı cəzanın yüngülləşdirilməsi üçün haqqındakı məhkəmə qərarından apellyasiya şikayəti verib. Amma Sumqayıt Apellyasiya Məhkəməsi də onu həbsdən azad etməyib.
"Hazırkı mərhələdə Xəyal Süleymanlının daha yüngül inzibati cəza ilə cəzalandırılması onun törətdiyi inzibati hüquq pozuntusuna adekvat deyil", - apellyasiya məhkəməsinin qərarında belə yazılıb.
Xatırlatma
Martın 24-dən Azərbaycanda koronavirusla bağlı xüsusi karantin rejimi elan edilib. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər.
Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılmışdı. Amma son vaxtlar yoluxma artdığından əks tədbirlər görülməyə başlandı. İyunun 21-dən iyulun 5-nə kimi Bakı və daha 7 yerdə karantin sərtləşdirildi. SMS-lə icazə almaq qaydası yenidən bərpa edildi. Karantin avqustun 1-nə kimi uzadılıb.