Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:52

190 manat veriləcək, amma...


Nazirlər Kabineti
Nazirlər Kabineti

Bu gün, iyunun 23-də Baş nazir Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat birdəfəlik ödəmənin verilməsi haqqında qərar imzalayıb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qərar Nazirlər Kabinetinin bu il aprelin 7-də təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na əsaslanır.

Bundan ölkə üzrə yalnız Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslər yararlanmaq imkanındadır: "...Müvafiq qaydalara uyğun olaraq, təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

Sərtləşdirilmiş karantindən öncə Bakı əhalisi çimərliklərə axın edib
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Bundan əvvəl...

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin elan edilib. Karantin aprelin 27-dən mərhələlərlə yumşaldılıb və əksər iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilib.

Aprel-may aylarında işsiz və karantin dövründə işsiz qalan 600 min insana 190 manat yardım verildiyi açıqlanıb. Ümumilikdə ölkədə pandemiyanın biznesə, sahibkarlara və məşğulluğa vurduğu ziyanın aradan qaldırılması üçün 3.5 milyard manatlıq sosial paket həyata keçirildiyi açıqlanıb. Hərçənd, müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər.

Son aylar Azərbaycanda koronavirusa yoluxmada yenidən artım müşahidə edilir. Bununla bağlı Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri və Yevlax, Cəlilabad, Masallı Abşeron rayonlarında iyunun 21-i saat 00.00-dan iyulun 5-i saat 06.00-dək ciddi karantin rejimi elan edilib. Bu zaman SMS-lə icazə xidməti yenidən istifadəyə verilib, ictimai iaşə obyektlərində yerində xidmətlər dayandırılıb.

190 manat üçün basabas: sosial məsafə gözlənilmir
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

İqtisadçı: "Yardım faktiki yaşayış yerinə görə verilməlidir"

"İşsiz şəxslərə birdəfəlik ödəmə qeydiyyatları olduğu yerlərə görə yox, faktiki yaşadıqları yerlərə görə verilməlidir".

Bunu AzadlıqRadiosuna iqtisadçı Toğrul Vəliyev deyib. O, Nazirlər Kabinetin iyunun 23-də verdiyi qərarı dəyərləndirərkən belə söyləyib.

T.Vəliyev qeyd edib ki, birdəfəlik yardımların verilməsi proseduru çox sadədir: "Orada qeyd olunub ki, yardımı işsiz kimi qeydiyyatdan keçmiş şəxslər alacaq. Bildiyim qədər, sərtləşdirilmiş karantin dövründə insanlar işsiz kimi qeydiyyatdan keçərkən yaşadıqları yerdən asılı olmadan yardımı ən yaxın bank şöbəsindən alırdı. İndi də 190 manatı o şəxslər alacaq ki, əvvəlki siyahıda var idi. Dəyişiklik, sadəcə, ondan ibarət olacaq ki, həmin adamlar bu dövrdə iş tapıblarsa, onlara birdəfəlik yardım düşməyəcək. Məncə, şəxs karantin olmayan ərazidə qeydiyyatdadırsa, amma karantin olan yerdə, məsələn, Bakıda yaşayırsa və əvvəlki dövrdə yardımı Bakıda alıbsa, o bu siyahıya yenidən əlavə olunacaq".

R.Ağayev
R.Ağayev

İqtisadçı Rövşən Ağayev isə "Turan" agentliyinə bildirib ki, birdəfəlik yardım üçün müraciət etmiş və qeydiyyata alınmış şəxslərin adları sistemdə var, yalnız həmin şəxslər iyun ayı üçün yardım alacaq: "Hazırda sərtləşdirilmiş karantin səkkiz rayon və şəhərdə tətbiq olunub və həmin ərazilərdə kimlərə yardım veriblərsə, təkrar o sistem işləyəcək. Əsas kim hansı ərazidə qeydiyyatdadırlarsa, yardımı o ərazidən alacaqlar. Burada bir nüans da var: Əgər kimsə rəsmi şəkildə Bakıda işləyib, işini itiribsə və yardım üçün Bakıdan müraciət edibsə, amma karantin olmayan rayonda qeydiyyatdadırsa, onda çox güman ki, o şəxs yardımı Bakıda alacaq. Amma qeyri-rəsmi işləyən şəxslər haqqında qeydiyyat olduğu yerdən başqa heç bir məlumat yoxdur. Həmin şəxslər yardımı qeydiyyatda olduqları yerdən alacaqlar".

Nazirliyin sözçüsünün mövqeyi…

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmənin verilməsi ilə bağlı ən çox verilən suallara aydınlıq gətirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq: "Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək".

Təkrar müraciətə ehtiyac görülmür

"Bəs təkrar müraciətə ehtiyac varmı" sualına isə sözçünün cavabı belə olub: "Xeyr. Ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları) üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunacaq".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 9 milyon 200 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 474 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyə qədər 13 min 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 161 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG