Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:31

Karantin avqustun 1-dək uzadıldı


Karantin
Karantin

Azərbaycanda karantin rejiminin avqustun 1-dək uzadılması barədə qərar qəbul olunub.

Bunu bu gün, iyunun 18-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da koronovirus pandemiyası ilə bağlı kütləvi tədbirlər ləğv edilib. Həmin ayın 24-dən xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılıb. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılıb. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlayıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Son aylar virusa yoluxmada təkrar artım müşahidə edilir. Halbuki, bir müddət əvvəl yoluxma halları azalmışdı.

Bununla bağlı iyunun 6-dan 8-nə kimi Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq yasağı qoyulub. Ötən həftəsonu karantinin sərtləşdirildiyi yerlər bir qədər də artırılıb. Karantin dövrü bir neçə dəfə uzadılıb

İki həftəlik sərt karantin rejimi tətbiq ediləcək

Azərbaycanın bir sıra şəhər və rayonlarında iki həftəlik sərt karantin rejimi tətbiq ediləcək

Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda iyunun 21-i saat 00.00-dan iyulun 5-i saat 06.00-dək ciddi karantin rejimi tətbiq ediləcək.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün, iyunun 18-də keçirilən brifinqində məlumat verib.

Metro işləyəcək

Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq ediləcək ciddi karantin rejimi zamanı Bakı Metropoliteni fəaliyyət göstərəcək.Habelə, park və bulvarlara girişə icazə veriləcək.

Bunu bu gün, iyunun 18-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətin sədri Ramin Bayramlı bildirib.

Ciddi karantin rejimi 21 iyun saat 00.00-dan 5 iyul saat 06.00-dək dövrü əhatə edəcək.

Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.

İctimai iaşə obyektlərində yerində xidmət dayandırılacaq

“SMS xidməti istifadəyə veriləcək, ictimai iaşə obyektlərində yerində xidmətlər dayandırılacaq”.

Bunu da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Leyla Abdullayeva deyib ki, muzey və sərgilərin fəaliyyəti, açıq havada idman oyunları dayandırılacaq.

Azərbaycanın bir sıra şəhər və rayonlarında iki həftəlik sərt karantin rejimi tətbiq ediləcək

Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda iyunun 21-i saat 00.00-dan iyulun 5-i saat 06.00-dək ciddi karantin rejimi tətbiq ediləcək.

338 yeni yoluxma, 6 ölüm

Son gündə Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 338 yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyunun 18-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Məlumatda yazılıb ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 11329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.

Qərərgahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6100, ötən müddət ərzində isə ümumilikdə 403 min 499 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 476 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 452 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG