“Yasamal qəsəbəsində polisin davranışı dəhşətli hadisədir”.
Bunu AzadlıqRadiosuna müsahibəsində Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi, avstriyalı deputat Stefan Schennach bildirib.
İyunun 7-8-də polis, Yasamal qəsəbəsində bir binada karantin qaydalarını pozanlara zor tətbiq edib, bir vətəndaşı ailə üzvlərinin gözü qarşısında, alt paltarında yatağında durğuzaraq zorla aparıb.
Bundan əvvəl vətəndaşlar polisə zibil atmışdılar.
Həmməruzəçi Stefan Schennach polisin davranışını pisləyir:
“Bu, qeyri-insani davranışdır və insan haqlarına tamamilə ziddir. Belə bir hərəkət yolverilməzdir. Qırmızı xətt deyilən bir şey var və polis bu davranışla qırmızı xətti keçib. Baş verənlər dəhşətdir. Mən Azərbaycan hakimiyyətini başa düşmürəm. Son üç ayda nə baş verir? Biz ölkədəki durum barədə çox, çox dərindən narahatıq. Seçki keçirildi, niyə hakimiyyət və prezident indi belə davranır? Bu davranışlar hüququn aliliyinə ziddir”.
Milli Məclis sədrinin 1-ci müavini Əli Hüseynli iyunun 9-da Yeni TV-yə müsahibəsində deyib ki, polisin tutma, saxlama ilə bağlı həyata keçirdiyi tədbirlər qanunvericilikdə nəzərdə tutulub və bu tədbirlər tam qanunauyğun olaraq həyata keçirilib.
“Xanım vətəndaşla davranışda isə etik davranış qaydasının pozulması müşahidə olunub. Buna da adekvat reaksiya verilib. Hesab edirəm ki, biz bu məsələdə günahkar axtarışında olmalı deyilik. Bu, bir epizodik haldır. Burada qaydanı pozan hər iki tərəfdən şəxslər müəyyən olunub və tədbirlər görülüb”.
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach isə deyir ki, karantin insan haqlarına hörməti pozmaq üçün səbəb ola bilməz:
“Karantin sözündən sui-istifadə etmək də mümkündür. Çünki bu mənzərədə insanların sağlığını qorumaq mənzərəsi görünmədi. Bu, həbsin qəddar forması idi. Bu debatların koronavirus konteksində niyə aparıldığını anlamıram. Axı Azərbaycanda yoluxma başqa ölkələrdə olduğu qədər yüksək deyil. Başqa ölkələrdə də karantin tətbiq edəndə insan haqlarına riayət etmək lazımdır. Xüsusilə də karantin vaxtı müxalifətin hakimiyyətə nəzarət etməsi vacibdir. Avropanın bütün ölkələrində bu, belədir. Bizim də hökumətimiz karantin vaxtı bir çox qaydalar qoydu. Amma parlament bunların bir çoxunu blokladı və dedi ki, bu, həddən artıq sərtdir”.
Stefan Schennach Azərbaycan hakimiyyətinə müraciət edib bildirir – “rahat olun, etirazlara imkan verin, fərqli fikirlərə hörmətlə yanaşın”.
Azərbaycan hakimiyyət rəsmiləri adətən bildirirlər ki, avropalı deputatlar ölkədəki durumdan tam xəbərdar olmadan tənqidi fikirlər səsləndirirlər.