ABŞ Dövlət Departamentinə tövsiyə olunur ki, Azərbaycan din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısına salınsın. Birləşmiş Ştatların Beynəlxalq Din Azadlığı üzrə Komissiyası (USCIRF) aprelin 28-də açıqladığı hesabatında belə bir tövsiyə ilə çıxış edib.
Hesabatın əhatələdiyi ölkələr din azadlığına görə xüsusi narahatlıq doğuran qrupa və xüsusi müşahidə siyahısına ayrılıb.
Din azadlığının ağır pozuntularına görə xüsusi müşahidə siyahısına salınması istənilən digər ölkələr Əfqanıstan, Əlcəzair, Bəhreyn, Cənubi Afrika Respublikası, Kuba, Misir, İndoneziya, İraq, Qazaxıstan, Malayziya, Nikaraqua, Sudan, Türkiyə və Özbəkistandır.
Builki hesabatda Xüsusi Müşahidə Siyahısı 2-ci qrupu (“Tier 2”) əvəzləyir. Kuba, Nikaraqua, Sudan və Özbəkistan bir il qabaq da bu siyahıda idi. Azərbaycan isə 2-ci qrupda yer alırdı.
Din azadlığının xüsusi narahatlıq yaratdığı ölkələr isə Birma, Çin, Eritreya, Hindistan, İran, Nigeriya, Şimali Koreya, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkmənistan və Vyetnamdır. Bu ölkələrin hökumətlərinin “sistematik, davamlı və kobud pozuntulara” yol verdiyi bildirilir.
Tövsiyələr
USCIRF illik hesabatında ABŞ siyasəti üçün tövsiyələr də irəli sürür.
ABŞ hökumətinə 2009-cu ildə qəbul olunmuş din qanununu beynəlxalq insan haqları standartlarına uyğunlaşdırmaq üçün Azərbaycan hökuməti ilə işləmək tövsiyə olunur.
Daha bir tövsiyə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində Azərbaycan hökumətilə işləyərək alternativ mülki xidmətə, dini baxışlara görə hərbi xidmətdən imtinaya icazə verilməsidir. Bunun Azərbaycanın Avropa Şurası qarşısında öhdəliyinə, beynəlxalq insan haqları qanunu öhdəliklərinə və Azərbaycan konstitusiyasına uyğun olduğu bildirilir.
Hesabatda deyilir ki, ABŞ Konqresi Azərbaycanda din azadlığının, Müsəlman Birliyi Hərəkatına münasibət daxil olmaqla daha geniş insan haqları pozuntularının araşdırılması üçün ictimai dinləmələr keçirməlidir; müvafiq narahatlıqları Azərbaycan səfirliyi və digər hökumət rəsmilərinə birbaşa bildirməlidir; vicdan məhbuslarının buraxılmasına çağırmalıdır.
Müsbət tendensiya
Ümumiyyətlə isə hesabatda 2019-cu ildə Azərbaycanda din azadlığı sahəsində müsbətə doğru inkişaf olduğu vurğulanır. Belə ki, hökumət dini icmalara qarşı reydləri əsasən dayandırıb, fərdlərin din, yaxud inanclarının dinc şəkildə gerçəkləşməsi ilə əlaqədar saxlanması və cərimələnməsini azaldıb. Ötən ilin martında Prezident İlham Əliyevin 51 siyasi və din məhbusunu azad etdiyi vurğulanır.
Daha bir müsbət tendensiya kimi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin il ərzində 31 müsəlman və 3 xrisitian icmasını qeydiyyatdan keçirdiyi bildirilir. ABŞ-dakı Azərbaycan səfirliyi və digər hökumət rəsmiləri din azadlığı məsələləri ilə bağlı USCIRF ilə sıx işləyib.
Amma bütün bunlarla yanaşı hökumətin bütün dini icmaları və onların fəaliyyətini aşırı nəzarətdə saxladığı vurğulanır. Hesabatda deyilir ki, 2009-cu ildə qəbul olunmuş Din Azadlığı Qanunu dini icmaların hamısının dövlət qeydiyyatından keçməsini tələb edir; qeydiyyatsız dini fəaliyyəti kriminallaşdırır; dini fəaliyyəti yalnız icmanın hüquqi ünvanına məhdudlaşdırır; dini ədəbiyyatın hazırlanması, idxalı, ixracı, yayılması, satışı üçün hökumətin icazəsi tələb olunub.
“Nəticədə xristian icmaları və fərdlər hökumətin mümkün divantutmasından qorxaraq dini fəaliyyəti gizlicə apardıqlarını, yaxud məhdudlaşdırdıqlarını deyirlər”, – hesabatda deyilir.
“45 dini fəal həbsdədir”
Sənəddə ötən ilin sonunadək 45 dini fəalın həbsdə qaldığı vurğulanır. Onlardan çoxunun Müsəlman Birliyi Hərəkatının üzvləri olduğu bildirilir. Hazırda bu təşkilatın sədri Taleh Bağırov daxil olmaqla onlarla üzvü ağır ittihamlarla uzunmüddətli həbs cəzaları çəkirlər. Özləri isə ittihamları siyasi motivli hesab edirlər.
“Yerli insan haqları fəalları bildirirlər ki, hökumət 2018-ci ildə Gəncə şəhərində zorakılıqla əlaqədar onlarla fərdi ‘dindarlara qarşı repressiyalar’ çərçivəsində saxlayıb. Onlar saxlananların işgəncə riskinə məruz qalmasından narahatlıq bildiriblər”, – hesabatda vurğulanır.
Rəsmi məlumata görə, iyulun 10-da da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər. Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin (bəzi şəxslər isə axtarışa verilib) işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 18 ilədək həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb.
Hakimiyyət təmsilçiləri adətən ölkədə insan haqları pozuntuları ilə bağlı beynəlxalq tənqidləri rədd edir, din azadlığı daxil olmaqla bütün təməl hüquq və azadlıqların qorunduğunu bildirirlər.
AzadlıqRadiosu bu hesabatda deyilənlərə rəsmi orqanlardan, deputatlardan və ekspertlərdən münasibət almağa çalışır. Saytımızı izləyin.