Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:49

'Rəsmi rəqəmlər reallığı əks etdirirsə...'


Bakı küçələri dezinfeksiya edilir
Bakı küçələri dezinfeksiya edilir

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin müddəti mayın 4-nə kimi uzadıldı. Amma son günlər xəstəliyə yoluxmada azalma, müalicə edilib evə buraxılanların sayında isə artım müşahidə edilir. Odur ki, yaxın vaxtlarda karantin rejimində yumşalmaların olacağı istisna edilmir. Hətta dövlət başçısı İlham Əliyev də bu günlərdə çıxışında bu məqama toxunmuşdu.

A.Qeybulla
A.Qeybulla

"Epidemioloji vəziyyət yavaş-yavaş düzəlsə,..."

Tibb sahəsi üzrə professor Adil Qeybulla AzadlıqRadiosuna deyib ki, kütləvi gəzintilər, şənliklər istisna olmaqla bəzi yumşalmalara getmək olar. Onun fikrincə, yumşalma təhsil-tədris sahəsində ola, bir sıra iaşə müəssisələrinin müəyyən şərtlər daxilində fəaliyyətinə icazə verilə bilər: "Amma bütün bu dediyim yumşalmalar mayın 4-nə mövcud olacaq sanitar-epidemioloji durumdan asılıdır. Amma mayın 4-nə qədər şərtlər qüvvəsində qalır. Mayın 4-də epidemioloji vəziyyət yavaş-yavaş düzəlsə, ümumi göstəricilər daha da yaxşılaşsa, o zaman başqa mənzərənin şahidi olacağıq və müəyyən şərtlərlə yumşaldılmalar da ola bilər".

"SMS-lə icazə verilməsi qaydasını aradan qaldırmaq olmaz"

SMS-lə icazə məsələsinin aradan qaldırılması ilə bağlı təkliflərə gəldikdə isə, A.Qeybulla hesab edir ki, bu hal davam etməlidir. Onun fikrincə, virus təhlükəsi ölkədə aradan qalxmayana kimi SMS-lə icazə verilməsi qaydasını aradan qaldırmaq olmaz: "Bu, ciddi məsələdir, əhalinin sağlamlığı, milli təhlükəsizlik məsələsidir, buna əməl etmək lazımdır".

Hazırkı sanitar-epidemioloji vəziyyəti dəyərləndirən ekspert qeyd edib ki, rəsmi göstəricilərə görə, yoluxma və ölüm sayında ciddi artım yoxdur. Onun fikrincə, rəsmi rəqəmlər reallığı əks etdirirsə, vəziyyəti qənaətbəxş saymaq olar.

E.Əliyev
E.Əliyev

"Buraxılış və qəbul imtahanlarında güzəştlər nəzərdə tutulmalıdır"

Deputat Etibar Əliyev isə vurğulayıb ki, koronavirus pandemiyasının təsir göstərdiyi sahələrdən biri də təhsil-tədris sahəsidir. Onun fikrincə, bu il bəlli səbəbdən dərslər dayandırıldığından buraxılış və qəbul imtahanlarında məzunlara, abituriyentlərə hansısa güzəştlər nəzərdə tutulmalıdır.

E.Əliyev də hesab edir ki, vaxtı gəldikcə müəyyən ictimai iaşə müəssisləri karantin şərtlərinə uyğun fəaliyyət göstərə bilərlər.

SMS-lə icazənin ləğv oluna bilməsinə gəlincə isə, deputat bunları söyləyib: "Mənə belə gəlir ki, indiki müsbət tendensiya davam etsə, SMS icazə məsələsinin dayandırılması zərurəti də yarana bilər".

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Artıq dünyada bu virusdan 165 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda isə hazırkı dövrədək 1398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 712 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

Aprelin 18-də karantin rejimi eyni qaydalarla mayın 4-nə kimi uzadılıb.

XS
SM
MD
LG