Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:24

Bakı sakini: 'Qaz sayğacımı 3 ildə 5 dəfə dəyişdirib, hər dəfə də pul alıblar'


Qaz sayğacı. Foto arxiv
Qaz sayğacı. Foto arxiv

Bakının Zabrat qəsəbəsinin sakini Həsən Məhəmmədov «Azəriqaz»dan şikayətçidir. Deyir ki, illərdir bu qurumun əməkdaşları ona müxtəlif problemlər yaradırlar. Məsələn, 3 il ərzində 5 dəfə qaz sayğacını dəyişiblər. Hər dəfə də yeni sayğacın pulunu ödətdiriblər.

H.Məhəmmədovun sözlərinə görə, adətən qış aylarında 50-100 manatlıq qazdan istifadə edir: «O ünvanda birinci dəfə sayğac quraşdırılandan bəri ötən 3 il ərzində dəfələrlə yoxlayıcılar gəlib. Hər dəfə də çox qəribə formada nasazlıqlar tapıblar. Elə müxtəlif bəhanələrlə rəsmi qaydada 5 dəfə sayğacı dəyişiblər. Bu, qeyri-adi haldır. Hər dəfə sayğac dəyişəndən sonra qazpulunu kartla ödəmişəm, heç bir problem də olmayıb. Amma bir az keçəndən sonra yenə bir problem tapıblar...».

Avqust ayında isə qaz təchizatını, ümumiyyətlə, dayandırıblar. H.Məhəmmədovun özünə də deyiblər ki, qaza görə 4 min 627 manat borcu var. Əgər borc ödənilməsə, qaz verilməyəcək: «Sonuncu dəfə sayğacı elə həmin ərəfədə dəyişmişdilər. Ondan əvvəlki sayğac dəyişməsindən də cəmi 1-2 ay keçmişdi».

H.Məhəmmədov göstərilən borcla razılaşmayıb. Deyir ki, «Azəriqaz» və başqa qurumlara şikayət edib. Ancaq bu addımları nəticəsiz qalıb. O, məhkəməyə üz tutub.

«Azəriqaz» nə deyir

Şikayətçi H.Məhəmmədov Bakı Kommersiya Məhkəməsində də deyib ki, heç vaxt qazdan qanunsuz istifadə etməyib. Məhkəmədən də ona hesablanmış 4627 manat borcun silinməsi haqda qərar çıxarılmasını istəyib.

Ancaq «Azəriqaz» onun dedikləriylə razılaşmır. Bu qurumun nümayəndəsi Fərid Həmidli deyir ki, şikayətçinin qaldırdığı iddia əsassızdır. Onun sözlərinə görə, qaz idarəsinin işçiləri sayğaca müdaxilədən şübhələnib, onu çıxarıb yoxlamaya göndəriblər. Yoxlamada da sayğaca müdaxilə olunduğu təsdiqlənib. Bundan sonra qazdan qanunsuz istifadə nəticəsində dəymiş ziyan hesablanıb, akt tərtib edilib: «Akta əsasən, ona 1252 manat borc hesablanıb. Onun mübahisələndirdiyi qalan 3374 manat isə sayğac borcudur».

Məhkəmə belə nəticəyə gəlib ki, «Azəriqaz»ın əməkdaşları H.Məhəmmədovun sayğacıyla bağlı yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməyiblər. Bu üzdən yoxlamanın nəticəsini qanunsuz sayan məhkəmə martın 18-də həmin aktla kəsilmiş 1252 manatın silinməsinə qərar verib. Hakimin fikrincə, 3374 manat istifadə olunmuş qazın puludur, ona görə də bu məbləğ silinməyib.

H.Məhəmmədov isə bununla razılaşmır, həmin məbləğdə qazdan istifadə etmədiyini deyir.

XS
SM
MD
LG