Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:24

'Deputatları dəyişməyən hakimiyyət parlament rəhbərliyini dəyişdi'


Azərbaycan Milli Məclisinin yeni spikeri Sahibə Qafarova
Azərbaycan Milli Məclisinin yeni spikeri Sahibə Qafarova

Növbədənkənar parlament seçkilərdən sonra Milli Məclisin tərkibi tam yenilənməsə də, rəhbərliyi bütünlükdə yeniləndi. Sədr də, müavinlər də dəyişdi.

Azərbaycanda son 30 ildə ilk dəfə parlamentə qadın sədrlik edəcək. Hakim Yeni Azərbaycan Partiyasının üzvü Sahibə Qafarova bundan öncə iki dəfə - IV və V çağırış Milli Məclisdə təmsil olunub. O, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti üzvlərindəndir.

Milli Məclis sədrinin birinci müavini vəzifəsinə deputat Əli Hüseynli seçilib. Adil ƏliyevFəzail İbrahimli sədrin müavinləri olacaqlar.

“Sahibə Qafarova YAP-ın təqdimatı əsasında seçildi. Güman etmirəm ki, bu önəmli dəyişiklikdir. Sadəcə, seçkilərlə bağlı ictimai narazılıq həddən ziyadə böyük idi. Növbədənkənar parlament seçkiləri heç bir önəm kəsb etmədi. Deputatları dəyişməyən hakimiyyət parlament rəhbərliyini dəyişdi”, - siyasi şərhçi Azər Rəşidoğlu Milli Məclisə yeni spiker və vitse-spikerlərin seçilməsini belə dəyərləndirir.

“Yenə də yuxarıdan gələn qərarları təsdiqləməklə məşğul olacaqlar”

Onun sözlərinə görə, Azərbaycanın qanunverici orqanı “notariat kontorunu xatırladır, yuxarıdan gələn sənədləri təsdiqləməklə məşğuldur və bu baxımdan parlament rəhbərliyinidə kimin olmasının heç bir önəmi qalmır.

“Onlar yenə də yuxarıdan gələn qərarları təsdiqləməklə məşğul olacaqlar. Bunun Azərbaycan siyasi həyatında hansısa dəyişikliklər doğuracağını güman etmirəm”, - Azər Rəşidoğlu əlavə edir.

Sahibə Qafarova 2015-2017-ci illərdə AŞPA-da “Qadınlara qarşı zorakılıqla mübarizə” üzrə baş məruzəçisi, “Qadınlara qarşı zorakılıqlara yox!” şəbəkəsinin siyasi koordinatoru və rəhbəri olub. 2016-2017-ci illərdə AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinə sədrlik edib, AŞPA-nın Büro üzvü olub. 2018-ci ildən AVRONEST Parlament Asseambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Belə görünür ki, beynəlxalq qurumlarda fəal olan, vəzifələr daşıyan yeni spiker Milli Məclisdə fəallığı, mövqeyi ilə elə də seçilməyib. Hərçənd, Azər Rəşidoğlu deyir:

“Azərbaycan parlamenti klassik mənada önəmini itirib, gələn qanunların müzakirəsi aparılmır, danışmağa ehtiyac qalmayıb, buna görə də spikerin kim olmasının, kişi, ya qadın olmasının önəmi yoxdur”.

“Qanunvericiliklə bağlı əsas işləri...”

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev spiker vəzifəsinə Sahibə Qafarovanın deyil, Əli Hüseynlinin seçiləcəyini gözləyirmiş:

“Amma Əli Hüseynlinin birinci müavin olmağı o deməkdir ki, qanunvericiliklə bağlı əsas işləri o aparacaq. Onun bu sahədə yetərli təcrübə və bilikləri var. Siyasi idəarəetmə isə Sahibə Qafarovada olacaq”.

Konstitutsiya məhkəməsi önündə narazılıq
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

“Parlamentin obrazı düzgün formalaşmayıb”

YAP-çı deputat Hikmət Məmmədovun fikrincə, parlamentə yeni rəhbərliyin seçilməsi qurumun fəaliyyətində özünü effektiv şəkildə göstərəcək. O, sədr və müavinlərini “təcrübəli, siyasi proseslərdə püxtələşmiş, lazımi intellektual göstəricilərə sahib insanlar” kimi xarakterizə edərək sözünü belə yekunlaşdırır:

“Hələ növbədənkənar seçkilərə gedəndə siyasi mövqe belə olmuşdu ki, parlament etimad qazanmalıdır və ölkəmizdə gedən islahatlarla ayaqlaşmalıdır. Düşünürəm ki, Milli Məclisin rəhbərliyinin formalaşmasına da məhz bu kontekstdən yanaşmaq lazımdır, yəni islahatlara ali qanunverici orqan da qoşuldu”.

Deputat parlamentin notariat kontoru olması, müstəqil fəaliyyət göstərə bilməməsi fikri haqda tənqidlərə də münasibət bildirir. O, Milli Məclislə bağlı belə bir imicin formalaşmasına təəssüfləndiyini deyir:

“Azərbaycan ictimai rəyində parlamentin obyektiv obrazını formalaşdıra bilməmişik. Parlament, əslində, çox qızğın ictimai müzakirələrin getdiyi, qanunveriliklə bağlı təkliflərin irəli sürüldüyü, müxtəlif məsələlərlə bağlı təşəbbüslərin səsləndirildiyi, qanun layihələrinin bəzən təqdir, bəzən tənqid edilidyi orqandır. Çox təəssüf ki, bu qurumun obrazının media müstəvisində əksini tapması obyektiv olmayıb. Buna görə də parlamentin obrazı düzgün formalaşmayıb”.

“Hakim ailəyə sadiq bir qurum...”

Hikmət Məmmədov yeni Milli Məclisin özü haqqında obyektiv obraz formalaşdıracağına əminliyini də sözlərinə artırıb.

Mehman Əliyevsə Milli Məclisin ali icra hakimiyyətindən asılı olduğunu, “işlərin əvvəlki qaydada davam edəcəyini” deyir:

“Bu mənada Milli Məclisin rəhbərliyi birbaşa hakim ailəyə tabedir. Mən Milli Məclisi hakim ailəyə sadiq bir qurum kimi görürəm, onun yeni rəhbərliyini də o cümlədən”.

Bu deyilənlərlə bağlı spiker Sahibə Qafarova və müavinlərinin mövqeyin öyrənmək mümkün olmayıb. Onların telefonuna zəng çatmayıb.

Azərbaycanda parlament seçkiləri bu il fevralın 9-da keçirilib. Beynəlxalq təşkilatların hesabatlarında seçki zamanı saxtakarlıqlara, kütləvi qanun pozuntularına yol verildiyi bildirilib. Bununla bağlı çox sayda videogörüntülər sosial mediada yayılıb və 4 dairədə, 300-dən çox məntəqədə seçkilərin nəticələri ləğv edilib.

XS
SM
MD
LG