Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:47

Bəxtiyar Hacıyev: 'Ali Məhkəmə İlham Əliyevin qərarını elan elədi'


B.Hacıyev
B.Hacıyev

29 saylı seçki dairəsindən deputatlığa namizəd olan ictimai fəal Bəxtiyar Hacıyevin şikayətinə fevralın 26-da Ali Məhkəmədə baxılıb. B.Hacıyev və vəkili 29 saylı seçki dairəsiylə bağlı əllərində olan sənədləri, videoları burada da Nigar Rəsulbəyovanın sədrlik etdiyi hakimlər kollegiyasına təqdim ediblər.

Vəkil Araz Yusifov deyib ki, seçkidəki pozuntuları təsdiqləyən faktlar bundan öncə Bakı Apellyasiya Məhkəməsinin hakimlərinə də təqdim olunmuşdu. Ancaq məhkəmə onları sübut kimi qəbul etməkdən imtina etdi. Vəkil vurğulayıb ki, saxtakarlığı təsdiqləyən materialların sübut kimi qəbulundan imtina qərarı əsassızdır.

B.Hacıyev özü də çıxış edib. Deyib ki, MSK onun təqdim etdiyi videolar əsasında 6 seçki məntəqəsinin nəticələrini ləğv edib: «Bu necə olur, videoların bir hissəsi sübut kimi qəbul olunur, bir hissəsi yox. Absurd yanaşmadır».

«Siyasi qərar gözləyirdim»

B.Hacıyev əlində olan məntəqə seçki komissiyalarının möhürlü-imzalı protokollarını Ali Məhkəməyə də təqdim edib. Bu protokollarla dairə seçki komissiyasının yekun protokolu, MSK-nın saytında yerləşdirilən rəqəmlər arasındakı ziddiyyətləri sadalayıb. Göstərib ki, 29 saylı dairədən qalib elan edilmiş Nigar Arpadaraiyə məntəqələrdə verilən səslər və məntəqə seçki komissiyalarının protokollarında yazılan rəqəmlərlə DSK-nın yekun rəqəmləri arasında ciddi fərqlər var. Məsələn, 1 saylı məntəqənin protokolunda həmin dairədən qalib elan edilən N.Arpadaraiyə 114 səs yazılıb. Dairə seçki komissiyasının yekun protokolunda (DSK) və MSK-nın saytında isə bu rəqəm 214 göstərilib.

Hakimlər bir neçə dəqiqəlik müşavirədən sonra şikayətin təmin olunmadığını açıqlayıb.

B.Hacıyev AzadlıqRadiosuna bildirib ki, Avropa Məhkəməsinə şikayət göndərəcək. İctimai fəal deyir ki, Ali Məhkəmədən hüquqi qərar gözləntisi yox idi.

«Mən Ali Məhkəmədən hüquqi qərar yox, siyasi qərar gözləyirdim. Bu gün Ali Məhkəmə İlham Əliyevin qərarını elan elədi. Təəssüf ki, İlham Əliyev də xalqa yaraşanın yox, özünə yaraşanın tərəfini tutdu. Xalqın özünə yaraşdırmadıqlarını, qovduqlarını o yaraşdırdı», – B.Hacıyev belə deyir.

B.Hacıyev 29 saylı dairədə seçkinin nəticələrinin ləğvi üçün məhkəməyə müraciət etmişdi. Bakı Apellyasiya Məhkəməsində 29 saylı dairənin məntəqələrində qanun pozuntularının əks olunduğu videolara baxılsa da, hakimlər o görüntüləri sübut kimi qəbul etməyib. Bunu da belə əsaslandırıblar ki, həmin görüntülər MSK ilə razılaşdırılmadan lentə alınıb.

Protokollar arasındakı ziddiyyətlərə gəlincə, MSK-nın nümayəndəsi Ramiz İbrahimov bildirib ki, B.Hacıyevin əlindəki möhürlü protokollardakı imzaların kimə məxsus olduğu aydın deyil: «Biz məntəqə komissiya üzvlərindən bir neçəsinin izahatını almışıq, deyirlər ki, həmin protokolları onlar imzalamayıblar. Bu məsələ ilə bağlı prokurorluğa müraciət olunmalıdır».

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olub. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq.

Azərbaycanda parlament seçkiləri, əslində, bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

XS
SM
MD
LG