Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 09:57

Ekspertlər bu seçkilərdə tarixə düşəcək notlardan danışırlar


Seçkinin nəticələrindən narazı qalan deputatlığa namizədlər MSK qarşısında etiraz aksiyası, fevral 2020
Seçkinin nəticələrindən narazı qalan deputatlığa namizədlər MSK qarşısında etiraz aksiyası, fevral 2020

Azərbaycan müstəqillik tarixində say etibarilə 6-cı olan parlament seçkiləri prosesini arxada qoymaqdadır.

Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov Azadlıq Radiosuna bildirib ki, bu 9 fevral növbədənkənar parlament seçkiləri bir sıra xüsusiyyətləri ilə özündən əvvəlki bütün seçkilərdən əhəmiyyətli şəkildə fərqlənib. Amma Mirəli Hüseynov təəssüflənir ki, bu fərqlər daha çox mənfi çalarları ilə tarixi yaddaşlarda qalacaq:

“Hakim komandanın maraqları üçün məharətlə istifadə edildi”

Mərkəzi Seçki Komisiyasında iclas, arxiv foto
Mərkəzi Seçki Komisiyasında iclas, arxiv foto

“Bu seçkiləri fərqləndirən ən ümdə xüsusiyyət onun növbədənkənar keçirilməsi idi. 2016-cı ildə ölkə Konstitusiyasına edilmiş əlavələr və dəyişikliklərdən bir qədər sonra Prezidentin Milli Məclisi buraxmaq səlahiyyətindən hakim komandanın maraqları üçün məharətlə istifadə edildi. Süni hüquqi əsaslar yaratmaqla və hüquqa çox böyük sayğısızlıq göstərilərək Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi ümumilikdə cəmiyyətin və dövlətin maraqlarına uygun deyildi. Halbuki, növbədənkənar seçkilərin təyin edilməsi üçün heç bir ciddi hüquqi və siyasi səbəblər yox idi. Seçkilərin nəticələri də deyilənləri təsdiq edir. Əgər yeni Milli Məclsin 2/3 hissəsini əvvəlki deputatlar təşkil edirsə, növbədənkənar seçkilərin hansı yenilənmələrə və islahatlara olan zərurətdən irəli gəldiyini söyləmək olar?”

O, vurğulayır ki, seçkilər seçki qanunvericiliyinin, xüsusilə seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı tələblər nəzərə alınmadan keçirilib. Onun fikrincə, ictimai etimadı itirmiş seçki komissiyaları tərəfindən prosesin gerçəkləşdirilməsi demokratik seçkilərin keçirilməsi ilə bağlı siyasi iradənin olmadığını əvvəlcədən bəlli edirdi:

“ Cəzasızlıqdan irəli gələn arxayınçılıq”

Seçki məntəqəsində döyülən Jalə Bayramova başına gələnləri danışır
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

“Cəzasızlıqdan irəli gələn arxayınçılıq seçki komissiyalarının daha arxayın şəkildə seçkiləri saxtalaşdırmağa stimullaşdırdı”

Mirəli Hüseynovun fikrincə, hüquq pozuntusunun miqyasına görə bu seçkilər əvvəlki seçkiləri də geridə qoyub:

“Davamlı seçki saxtalaşdırılmaları və siyasi sistemə ciddi etimadsızlıq seçici fəallığını ən aşağı səviyyədə şərtləndirdi. Adətən Milli Məclisə seçkilərdə nisbi fəallıq bu seçkilərdə təkrarlanmadı və bələdiyyə seçkilərindən də aşağı iştirakçılıqla yaddaşlarda qaldı. Beləliklə, davamlı seçki saxtalaşdırmaları və ümumilikdə siyasi sistemə etimadsızlıq seçicilərin demokratik seçkilərə olan ümidlərini də sarsıtdı”.

“Səfərbər olmağa zamanın yetməməsi...”

Mirəli Hüseynov, Bakı, 30 oktyabr 2010
Mirəli Hüseynov, Bakı, 30 oktyabr 2010

M.Hüseynov bildirir ki, partiyalar da bu seçkilərdə pərakəndə şəkildə və ciddi mübarizə əzmi nümayiş etdirmədən iştirak etdilər:

“ Əlbəttə, buna seçkilərin növbədənkənar keçirilməsi səbəbindən səfərbər olmağa zamanın yetməməsi və demokratik seçki mühitinin olmaması amili də təsir göstərdi. Məhz bu səbədən bəzi siyasi qüvvələr seçkilərdə iştirakı əhəmiyyətsiz hesab edərək imtinaya üstünlük verdilər. Lakin seçkilərə var gücü ilə qatıldığını bəyan edən və müəyyən nəticələr əldə etməyə ümid edən partiyaların da ciddi strategiyalara və sosial bazaya malik olmadıqları ortaya çıxdı. Ümumilikdə siyasi partiyalar bu seçkilərdən daha zəif şəkildə çıxdılar”

“Yeganə müsbət qiymətləndirləcək hadisə”

Onun sözlərinə görə, bu prosasdə yadda qalan yeganə müsbət qiymətləndirləcək hadisə vətəndaş cəmiyyətinin və gənclərin seçkilərdə yüksək fəallıq nümayiş etdirməsi oldu:

“ Ən müxtəlif siyasi yönümlü sosial fəallar demokratik seçkilər naminə həmrəylik nümayiş etdirdilər. Bütün təzyiqlərə və məhdudiyyətlərə baxmayaraq ölkədə güclü vətəndaş cəmiyyətinin formalaşdırıldığını görməmək mümkün deyildir. Növbəti mərhələdə siyasi proselərin əsas lokomotivləri də məhz bu qüvvələr olacaqlar”

“Sosial şəbəkələrdə çox böyük fəallıq oldu”

Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010
Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının sədri Məhərrəm Zülfüqarlı isə mövzunu tamam fərqli mövqeydən dəyərləndirir. O, hesab edir ki, 9 fevral növbədənkənar parlament seçkilərinin Azərbaycan tarixinə seçicilərin və namizədlərin fəallığının yüksəlməsi ilə düşəcək:

“Əvvəlki seçkilərdən fərqli olaraq ilk dəfəydi sosial şəbəkələrdə çox böyük fəallıq oldu. İkinci, seçki saxtakarlığını faktlarla sübut edən məhz sosial şəbəkələr idi, hətta Mərkəzzi Seçki Komissiyasınının (MS) sədri də bu faktları diqqətə alaraq şikayətlərə baxıldığı zaman nəzərə alınacağını dedi. Adətən, internet materialları rəsmi sənədlər sayılmır, tarixçi kimi deyirəm ki, elmi məqalə yazdıqda, internetdəki materiala istinad etmək olmaz. Bu baxımdan MSK sədri Məzahir Pənahovun açıqlaması yenilik idi ki, rəsmi qurum internetdəki materiallar əsasında araşdırma aparıb qərar çıxardır. Prezident də seçkilərdən sonra dedi ki, seçki saxtakarlığına yol verənlər cəzalandırılacaq. Nəticədə 4 dairənin nəticəsi ləğv edildi, çoxlu sayda məntəqələrin nəticələrinin ləğv olunma prosesi davam edir. Bütün bunlar parlament seçkilərindəki yeniliklərdir”.

M.Zülfüqarlının sözlərinə görə, partiyaların seçkilərdə iştirakını o zaman dəyərləndirmək olar ki, proporsional seçki sistemi olsun:

“ 55 partiyadan yalnız 7-8 partiya 9 fevral seçkilərində fəallıq göstərdi. Yaxın gələcəkdə proporsional seçki sistemi bərpa olunarsa, siyasi qüvvələrin fəallığı daha güclü olar. Bu seçkilərdə Milli Şuranın seçkilərə qatılmaması digər partiyalar tərəfindən düzgün sayılmadı, artıq qarşılıqlı ittihamlar başlanıb. Amma bu gedişata təbii yanaşılmalıdır, çünki siyasi mühitdə belə şeylər normaldır”

“Məqsəd Azərbaycanın Ermənistan və Gürcüstandan fərqli siyasətinin istiqamətini dəyişməkdir”

O, beynəlxalq təşkilatların seçki ilə bağlı yanaşmalarını 2004-cü ildən izlədiklərini xatırladaraq bildirib ki, onların tövsiyələri də, fəaliyyətləri də, münasibətləri də bəllidir:

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə iki dəfə təmasımız oldu. Əvvəla, bu təşkilatın qərəzli mövqeyi əvvəlki seçkilərdə də olub. Dekabrda onlarla görüşümüzdə də bildirdik ki, Azərbaycana gələn müşahidəçilərin mütləq əksəriyyəti aşağı ranqlı məmurlar ordusu idi. Yaxşı olardı, ATƏT ölkələrinin deputatları müşahidəçi qismində gəlsinlər. Onlar vəd etsələr də, fevralda gələn 350 müşahidıçinin 70-80 nəfəri deputat idi, qalanları məmur idi. Bu tərkib onların rəyinə kölgə salır, çünki məmurlar ordusu tapşırıq yerinə yetirir, ona görə missiyanın bəyanatı subyektivdir. Məqsəd Azərbaycanın Ermənistan və Gürcüstandan fərqli siyasətinin istiqamətini dəyişməkdir. Azərbaycan isə Qərb ölkələri, İranla, Rusiya ilə ikitərəfli və bərabər səviyyəli münasibətlərə üstünlük verir. Bu siyasət Qərbin maraqlarına uyğun deyil. Biz Amerikanın ərazimizdən İran əleyhinə hansısa hərbi əməliyyatlar aparmasını istəməzədik, prezident İlham Əliyev də 14 il əvvəl bu haqda öz mövqeyini ifadə edib. Qərb dövlətləri də Azərbaycanı bu siyasətindən çəkindirmək üçün seçkilər zamanı rəsmi Bakıya təzyiq edirlər”.

Xatırlatma

YAP, arxiv foto
YAP, arxiv foto

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb. Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb.

«Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... Səslərin hesablanması prosesi müşahidə aparılan məntəqələrin yarısından çoxunda mənfi olaraq qiymətləndirilmişdir ki, bunun da səbəbi seçki qutularının açılmasından əvvəl mütləq olan prosedurların aşkar gözlənilməməsi və şəffaflığın məhdudlaşdırılması idi», - rəydə vurğulanıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər verilməyə başlanıb. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq və onlara etimad göstərilməlidir. Bundan sonra dörd dairədə nəticələr ləğv edilib. Habelə 20-dən çox dairədə ümumilikdə 60-dan çox məntəqənin də nəticəsi etibarsız sayılıb. Amma onlar dairələr üzrə yekun nəticələrə təsir etməyib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Müxalifətdən bəzi qüvvələr isə bu seçkiləri boykot etmişdilər. Onlar hesab edirlər ki, Azərbaycanda azad və ədalətli seçkilər üçün şərait yoxdur.

Rəsmilər bu mövqeyi bölüşmürlər.

XS
SM
MD
LG