Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 00:43

Kənd Təsərrüfatı Nazirliyində 2.7 milyonluq yeyinti ilə bağlı hökm verildi


Kənd Təsərrüfatı Nazirliyində 2.7 milyonluq yeyinti ilə bağlı bir neçə cinayət işi ayrılıb. O işlərdən birinin də araşdırması yekunlaşıb və üç nəfərdən ikisinə ümumilikdə 17 il yarım həbs cəzası kəsilib.

Söhbət Dünya Bankının dəstəyi ilə gerçəkləşdirilən "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsinin icrasındakı yeyintilərdən gedir.

Vəsaitlər kənd təsərrüfatı sahəsində müxtəlif layihələrə ayrılmalıymış. İttihama görə, xeyli formal layihələrə pul ayrılıb, bank hesablarına köçürülüb, sonradan təqsirləndirilənlər həmin pulları bankdan özləri çıxarıblar.

7 ildən 10 ilədək həbs, 4 min manat cərimə

Buna görə cinayət məsuliyyətinə cəlb olunan əsas şəxslərdən biri Kənd Təsərrüfatı Nazirliyində maliyyə menecerinin assistenti işləmiş Sevinc Zeynalovadır.

Fevralın 18-də məhkəmənin hökmü ilə ona 10 il 6 ay həbs cəzası verilib. Onun tanışı, "Best" MMC-nin rəhbəri Emil Bağırova isə 7 il cəza kəsilib.

Daha bir nəfərə - IFAD (Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond) layihəsində xidməti müqavilə ilə işləmiş Pərvanə İsmayılova isə təqsirli bilinsə də, ona 4000 manat cərimə cəzası yetərli hesab olunub.

İttihamda yazılıb ki, Sevinc Zeynalova layihə çərçivəsində müxtəlif adamların adlarına maliyyə köçürmələri barədə sənədlər hazırlayıb.

Adlarına pul ayrılan adamların isə bundan xəbəri olmayıb. Ayrılan vəsaitlər bankda digər iki təqsirləndirilən şəxsin – Emil Bağırov və Pərvanə İsmayılovanın adlarına açılan hesablara köçürülüb.

Onların köçürülən pulları çıxarıb Sevinc Zeynalovaya qaytardığı bildirilir.

İttihama görə, Sevinc Zeynalova həmin iki nəfərə bunun müqabilində müəyyən məbləğ verib, onlar da şirniklənib bu işə ortaq olublar.

Ancaq Emil Bağırov və Pərvanə İsmayılova ittihamla razılaşmırlar. Onlar deyirlər ki, Sevinc Zeynalova xahiş edib, onlar da adlarına hesab açılıb pul köçürülməsi, məbləği nağd şəkildə çıxarıb onun özünə qaytarmağa razılaşıblar.

Emil Bağırov Sevinclə qeyri-rəsmi ər-arvad olub. O deyir ki, onun xahişini yerə sala bilməzdi: "Sevincə etibarım olub. O məndən xahiş edib ki, bank hesabıma köçürülən pulu çıxarım. Mən də bunu etmişəm".

Kənd Təsərrüfatı Nazirliyi bu işdə zərərçəkən kimi tanınıb və təqsirləndirilən şəxslərə qarşı 2.6 milyon manatlıq mülki iddia qaldırıb.

Bu üzdən məhkəmənin hökmüylə Sevinc Zeynalova və Emil Bağırovun maşınları, evləri də müsadirə olunub.

XS
SM
MD
LG