Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 21:57

MSK şikayətlərə belə baxır


MSK sədri M.Pənahov
MSK sədri M.Pənahov

Fevralin 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Artıq bir sıra dairələrlə bağlı şikayətlər eşidilməkdədir.

Mərkəzi Seçki Komissiyasından ( MSK) bildirilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bu məqam Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Müşahidə Missiyasının ilkin rəyinə verdiyi cavabda da öz əksini tapıb. «Mərkəzi Seçki Komissiyasının sədrinin artıq bəyan etdiyi kimi, iddia olunan və özünü büruzə verən pozuntular müfəssəl şəkildə araşdırılacaq və qanun çərçivəsində bütün zəruri tədbirlər həyata keçiriləcək», - XİN vurğulayıb.

Fevralın 9-da keçirilmiş parlament seçkiləri ilə bağlı, hələlik, rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) bir şikayət ərizəsi daxil olub. Bu barədə «Turan» agentliyinə MSK katibliyindən bildiriblər.

MSK-dan deyiblər ki, fevralın 10-da 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadənin vəkillərindən şikayət gəlib. Qurumdan vurğulandığına görə, şikayət elə həmin gün dairə seçki komissiyasına (DSK) göndərilib.

Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi


«Seçki Məcəlləsinin tələbinə görə, şikayət öncə DSK-da araşdırılır və qərar qəbul edilir. Əgər tərəf DSK-nın qərarından narazı qalarsa, o zaman həmin qərardan üç gün ərzində MSK-ya şikayət edə bilər. MSK-nın qərarı ilə razılaşmazsa, o zaman üç gün ərzində məhkəməyə şikayət edə bilər. Amma hansısa şikayətlə bağlı müəyyən edilən üç gün ərzində müraciət müddəti bitərsə, ondan sonra daxil olan şikayətə baxılmır»,-qurumdan qeyd edilib.

MSK-dan habelə deyilib ki, şikayət ərizəsində seçki pozuntusu kimi təqdim edilən iddialara bir formatda baxılmır:


«Belə ki, əgər şikayətdə müşahidəçiyə maneçilik, ya topa bülletenlər atılması, şəxsə qarşı təzyiqlər və s. iddialar yer alırsa, bunların hər birinə ayrıca baxılır, qiymətləndirilir, hər biri üzrə qərar qəbul olunur».

300-dən çox videogörüntüyə baxış keçirilib

MSK-dan bildiriblər ki, artıq seçki pozuntuları iddialarının yer aldığı və sosial şəbəkələrdə yayılan videoları araşdırmaq üçün qrup fəaliyyətə başlayıb. Qurumdan vurğulandığına görə, 300-ə qədər videogörüntüyə baxış keçirilib: «Hələ baxış davam edir və fevralın 11-i axşama kimi baxışlar keçiriləcək. Qanun pozuntuları kimi qeydə alınan videogörüntülər komissiyanın kütləvi baxışına çıxarılacaq və haqqında qərar veriləcək».

B.Süleymanlı
B.Süleymanlı

Vətəndaş Təşəbbüsləri İnstitutunun rəhbəri Bəşir Süleymanlının AzadlıqRadiosuna xatırlatmasına görə, növbədənkənar parlament seçkilərinin ilkin nəticələri elan edildikdə MSK sədri də deyib ki, pozuntu iddiaları ilə bağlı video və fotolar var, bunlar araşdırılacaq.

«Azərbaycanda müstəqil məhkəmələr olmadığı üçün...»

Seçki eksperti hesab edir ki, MSK-nın əlində pozuntu iddiaları ilə bağlı kifayət qədər faktlar varsa, rəsmi şikayəti gözləmədən onlar araşdırılmalıdır.

B.Süleymanlı vurğulayıb ki, hətta belə şikayətlər olduqda komissiya onları adekvat araşdırmır: «Hansısa ikinci dərəcəli məsələlər təmin edilir, əsas məsələlər isə baxılmamış qalır. Azərbaycanda müstəqil məhkəmələr olmadığı üçün nəticə yenə də dəyişmir. Avropa İnsan Haqları Məhkəməsinə müraciət edirik. Burada müsbət qərar verilir. Amma zaman keçir, qismən təmin edilərək kompensasiya ödənilir. Mahiyyəti üzrə digər məsələlər həllini tapmır. Barələrində qərarlar çıxarılan komissiyalar isə buna baxmayaraq, yenidən seçki keçirirlər».

B.Hacıyev
B.Hacıyev

Rəqəmlərdə iki-üç dəfə şişirtmə?

Hazırda ən müxtəlif dairələrdən şikayətlər eşidilir. Onlardan biri də 29 saylı Səbail seçki dairəsidir. Oradan deputatlığa namizəd Bəxtiyar Hacıyev deyib ki, onun dairəsində ölkə prezidenti, ailəsi səs verib. O qeyd etməsinə görə, ümid ediblər ki, başqa dairələrdə seçki pozuntuları ola bilsə də, islahat mesajı verən prezidentin səs verdiyi dairədə seçkilər normal keçər:


«Seçici fəallığı kifayət qədər aşağı idi. Səslərin sayılması prosesində bir neçə məntəqədə məntəqə üzvləri əvvəldən işarələnmiş bülletenləri masa altından çıxararaq açıq şəkildə qutudan çıxan bülletenlərin üstünə qoydular, sonra səsləri saydılar».

O deyib ki, hüquqi müstəvidə mübarizələrini axıra kimi davam etdirəcəklər: «Bizim əlimizdə olan imzalı, möhürlü protokollarla MSK-nın saytında olan protokollarda 32 məntəqədən təqribən 20-25-də nəticələr tamamilə fərqlidir. MSK-nın saytında olan protokollarda nəticələr 2-3 dəfə şişirdilib».

29 saylı Səbail seçki dairəsi ilə bağlı səslənən şikayətə isə, hələlik, DSK və MSK-dan münasibət almaq mümkün olmayıb.

Beynəlxalq müşahidə missiyası
Beynəlxalq müşahidə missiyası

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. «Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... », - rəydə vurğulanıb

Prezident İlham Əliyev isə fevralın 10-da görüşlərdən birində deyib ki, ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir: «Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur».

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG