Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:38

Sizi özünüzə və çevrənizə qovuşduracaq 7 musiqi parçası


Musiqi
Musiqi

Gündəlik həyatımız, iş, ailə qayğıları, öhdəliklərimiz bizi stresə sala bilir. Çox vaxt özümüzlə keyfiyyətli vaxt keçirməyi unuduruq. Son illərdə çox dartışılan fərqindəlilik-anlamışlıq anlayışı məhz bu problem çözməyə yönəlib. Mühakiməsiz, anbaan fərqindəlilik meditasiyanın bir növüdür. Bu zaman düşüncəmizlə, çevrəmizlə gerçək zamanda təmasda olur və bunun fərqinə varırıq. Klassik musiqi insanın ruh dünyasına bağlı sənət növü olduğundan, belə meditasiya üçün gözəl vasitədir. «The Guardian» BBC ilə birgə bizi relaksasiya və sağlamlıq dünyasına qovuşduracaq 7 klassik musiqi parçasının siyahısını dərc edib.

1. Edward Elgar – Orijinal temaya variasiyalar, Opus 36 (Eniqma): 9 Nimrod

Nimrod Edward Elgar-ın Eniqma variasiyalarının içində ən qısa parçalardan biridir. Bu əsər populyar mədəniyyətdə Britaniyanın himninə çevrilib. Müəllif onu mərhum dostu Augustus Jaeger-in şərəfinə yazıb. Əsərin əsrarəngizliyi onu fərqindəlilik meditasiyası kontekstində maraqlı edir. Burada sanki açılmağa möhtac müəmma var. Anlamaq üçün içinə baş vurmalı olduğumuz həyat müəmması kimi. «…Musiqinin yumşaq ritmi ilə eyni ahəngdə nəfəs aldığınız zaman əsərdə nə baş verdiyini diqqətlə izləyin», - yazıda belə tövsiyə olunur. Deyilənə görə, bəstəkar bu melodiyadan çox şey gözləmir, sadəcə, piano arxasında vaxt keçirirmiş. Bu zaman həyat yoldaşı onun möhtəşəm musiqi yazdığını deyib və o bu əsəri «yoxdan» vara çevirib.

2. Pauline Oliveros – Dərin dinləmə

«Elə yeriyin ki, ayaqlarınızın altı qulaqlara çevrilsin», - amerikalı eksperimental bəstəkar Pauline Oliveros-un sözləridir. Oliveros «dərin dinləmə» yolu ilə fərqindəlilik meditasiyası barədə çox düşünürmüş. «Dərin dinləmə» termini onun özünə məxsusdur. O, 1988-ci ildə eyniadlı musiqinin səsini yazmaq üçün tərk edilmiş nəhəng su çətinin içinə, dörd metrlik dərinliyə enib. Bu yeraltı otaq 45 saniyəlik akustik rezonansa sahib olduğundan musiqiçilər bir-birini çox diqqətlə dinləməklə hamar tekstura əldə edə biliblər. «Dərin dinləmə» albomu dörd parçadan ibarətdir. Diqqətinizi səs burulğanına cəmləşdirib beyninizdəki artıq fikirlərdən qurtulun.

3. Gustav Mahler – 2-ci simfoniya (Diriliş), Urlicht

«Simfoniya dünya kimi olmalıdır. Onun içində hər şey olmalıdır», deyə Gustav Mahler bəyan edib. Urlicht (İlkin işıq) ikinci simfoniyanın dördüncü hissəsidir. Əsərdə pozitivlik məhz Urlicht-lə başlayır. Bu asta, sadə mahnı solo müğənni və kiçik orkestr üçün nəzərdə tutulub. Xor tam orkestrlə birlikdə sonuncu «Diriliş» hissəsini ifa etmək üçün daxil olan zaman «Yaşamaq üçün ölməli, yenidən dikəlməliyəm…» sözlərini oxuyur. Bu zaman bütün bədəninizdə axan enerjini hiss edirsiniz.

4. Johannes Ockeghem – Alma Redemptoris Mater

Meditativ refleksiya üçün xüsusi musiqi forması yaradılmış olsaydı, bu, İntibah polifoniyası olardı. Bu musiqi növü yalnız səslə qazanılan gözəllik və dərinliyi ortaya qoymağa qadirdir. Johannes Ockeghem-in Alma Redemptoris-i bu janrın gözəl nümunəsidir. XV əsrdə yazılmış bu əsər yalnız dörd səslə ifa edilir. «Gözünüzü yumun, nəfəs alın və birləşib-ayrılan, bununla da uyumlu səs xalısı toxuyan ayrı-ayrı vokal xətləri diqqətlə izləyin. Sözlərin gözəlliyinə fokuslanın… Beş dəqiqədən sonra özünüzü sakit, diqqətinizi cəmlənmiş hiss edəcəksiniz», - məqalədə belə deyilir.

5. Ralph Vaughan Williams – Pərvazlanan torağay (The Lark Ascending)

Bu əsər oxuyaraq havaya qalxan torağayın incə, musiqili təsviridir. Britaniyalı skripkaçı Tasmin Little bu musiqi parçasını təsvir edərkən «səs yastığının üstündə uçan» ifadəsini işlədib. Müəllif Ralph Vaughan Williams bu əsəri yaradarkən George Meredith-in «Pərvazlanan torağay» şeirindən ilham alıb. Məqalədə əvvəlcə şeiri oxumaq, sonra skripkanın səsinə fokuslanaraq musiqini dinləmək tövsiyə olunur. Diqqətlə torağayın havaya qalxmasını izləyin. «Ən sonda torağaya çevrilin, qoy ruhunuz azad quş kimi uçsun. Yuxarıdan aşağıdakı kənd mənzərələrinə tamaşa edin», - yazıda deyilir.

6. Olivier Messiaen – Dünyanın sonu üçün kvartet (Quartet for the End of Time)

Fransız bəstəkarı Olivier Messiaen bu əsərini savaşda - buz kimi həbs düşərgəsində dustaq olan zaman yaradıb. O zaman ondan ötrü gerçəkdən dünyanın sonu gəlibmiş. Bu qeyri-adi əsər ilk dəfə 1941-ci ilin yanvarında elə həmin əsir düşərgəsində ifa edilib. Düşərgədə, sadəcə, skripka, kontrabas, klarnet və piano olduğundan, əsər yalnız bu dörd alət üçün yazılıb. «Messiaen həmin ana uyğunlaşmağa çalışsa da, əslində əbədiyyətə fokuslanıb», - məqalədə deyilir.

7. John Cage – 4'33''

Fərqindəlilik zamanla bağlıdır. Bu mənada ona ən çox yaraşan John Cage-in 4'33'' (4 dəqiqə, 33 saniyə) əsəri olmalıdır. Musiqi parçasından çox eksperimental konsept olan bu əsər 4 dəqiqə 33 saniyəlik sakitlikdən ibarətdir. Bu zaman ərzində pianoçu alətin arxasında oturub sakitlikdə boş not kitabının səhifələrini çevirir. Bu zaman auditoriyadan zaldakı səsi – hənirti, kondisioner və küçədəki maşın səslərini dinləməsi gözlənilir. Nəticədə insanların ətraf dünyanı dinləməsi unikal səs təcrübəsi yaradır, dünya və onun səslərinin müxtəlifliyini dəyərləndirməyə imkan verir: «Əlbəttə, bundan ötrü konsertə getməli deyilsiniz. Taymerinizi qoşub gözlərinizi yumun və dinləyin».

XS
SM
MD
LG