Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:52

Siyasətçi: 'İlham Əliyevin çıxışı hakimiyyət daxilində böhran olduğuna bir işarə idi'


Türkiyə ilə Amerika nələri razılaşdırdılar?
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Türkiyə ilə Amerika nələri razılaşdırdılar?

Prezident İlham Əliyev oktyabrın 16-da keçirilən müşavirədə dövlət büdcəsindən vəsait istəyən məmurları xərcləri şişirtməkdə ittiham edib. Prezident konkret ad çəkməyib, amma bildirib ki, 2020-ci ilin büdcəsi üçün şişirdilmiş rəqəmlər təqdim edənlər, özlərini ifşa edəcəklər:

“Şişirdilmiş, havadan götürülmüş rəqəmlər təqdim olunur. Onlardan soruşanda ki, misal üçün bənd tikməyə, yol çəkməyə, kabel çəkməyə bu qədər vəsait xərclənəcəyi barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır”.

İlham Əliyev məmurları pis vərdişlərdən əl çəkməyə çağırıb. Deyib ki, belə olduğu halda büdcəyə qənaət etmək, maaşların, pensiyaların artırılmasına imkan yaradılar, şəffaflıq təmin oluna bilər.

"Özünüzü yaxşı aparın" xəbərdarlığı

Sabiq baş nazir Pənah Hüseynə görə İlham Əliyevin son müşavirədəki çıxışı öncəkilərdən kəskin fərqlənir. O bildirir ki, hətta bu çıxışdan sonra bəziləri islahatların olacağına inanmağa belə başlayıb.

Amma Pənah Hüseyn hesab edir ki, hakim komandada kimlərin təmsil olunmasına İlham Əliyev qərar verir. Belə olan halda hansısa məmur şişirdilmiş rəqəmlərlə büdcə pullarını mənimsəyirsə, İlham Əliyev hökumət başçısı kimi konkret addımlar atmalıdır. Onları vəzifədən azad etməli, barələrində cinayət işi başlanıb, araşdırmalar aparılmalıdır:

“Evdə sanki azyaşlı uşaqlara özünüzü yaxşı aparın, yoxsa qulağınızı çəkərəm tipli bir xəbərdarlıq qeyri-ciddi səslənir. Amma mənə son müşavirədə başqa bir məsələ maraqlı gəlir. Müşavirənin zamanı, yeri, tərkibi, ən əsas da İlham Əliyevin qeyri-standart, əvvəki kimi şablon olmayan çıxışları ilə fərqlənirdi”.

Pənah Hüseyn düşünür ki, İlham Əliyevin son çıxışı hakimiyyət daxilində böhran olduğuna bir işarə idi.

Parlamentin dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü Məlahət İbrahimqızı isə düşünür ki, İlham Əliyevin son müşavirədə səsləndirdiyi fikirlər, verdiyi mesajlar açıq, aşkar idi. Şişirdilmiş büdcə təqdim edənlər cəzalandırılacaq:

“Açıq-aşkar, faktlarla sübut olunsa ki, belə şişirtmə halları var, 10 nəfər də olsa, hamısı həbs olunar. Dövlət büdcəsini dağıdanlara qarşı ciddi tədbirlər də görülüb, həbs olunanlar da olub. İndi mən bir-bir onların adlarını çəkmək istəmirəm. Yəqin ki, indi də cənab prezidenti şübhələndirən müəyyən faktlar olub və ona görə də nəfsinə hakim ola bilməyən bəzi adamlara belə bir ciddi mesaj verdi. Prezident həm də cəmiyyətə öz mesajını verib ki, belə məsələlərdə onlar da laqeyd olmasınlar”.

Məlahət İbrahimqızı düşünür ki, İlham Əliyev ölkədə ciddi islahatlara başlayıb. Daha bacarıqlı, işini mükəmməl bilən, gənc kadrlar dəyişikliyi də bu islahatın bir hissəsidir. Onun fikrincə, ehtiyac yarananda İlham Əliyev bu kadr dəyişikliyini aparır.

İllərdir büdcə talanmasından danışılır

Müxalif Real Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, illərdir müstəqil ekspertlər, hökumətin tənqidçiləri, müxalifətçilər büdcə pullarının talanmasından danışır. Hökumət buna görə tənqid olunurdu. Amma hər dəfə büdcə pullarını talayanlar yox, tənqid edənlər hədəfə gəlirdi. Natiq Cəfərli nəhayət 16 illik prezidentlik dövründə İlham Əliyevin bu problemləri etiraf etməsini müsbət hal sayır. Amma bunu kifayət hesab etmir:

“Praktiki addımların da atılmasına ehtiyac var. Nəyə görə uzun illər ərzində büdcə oğurluqları olub, buna göz yumulub? İlk öncə buna aydınlıq gətirilməlidir. Elə prezidentin özü də buna aydınlıq gətirməldir. Daha sonra isə növbəti atılacaq addımların yol xəritəsi hazırlanmalıdır. Yəni, büdcə oğurluğunda hansı məmurların iştirak etdiyi müəyyən olunubsa, onlarla bağlı cinayət işi açılmalıdır”.

Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı isə deyir ki, prezident müşavirədə məmurlara xəbərdarlığını etdi. Onun sözlərinə görə, kimlərsə büdcə pullarını talasa, onlara qarşı ciddi tədbirlər görüləcək.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Şişirdilmiş büdcə təqdim edənlər kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Beləliklə, prezident İlham Əliyev oktyabrın 16-dakı müşavirəsində konkret ad çəkmədən şişirdilmiş büdcədən danışıb, məmurlara xəbərdarlıq edib.

Amma müstəqil ekspertlər bu cür xəbərdarlıqların yalnız sözdə deyil, əməldə də olmasını zəruri sayırlar.

XS
SM
MD
LG