162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasova deyir ki, rəhbərlik etdiyi təhsil ocağında 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar cəhdinə görə əvvəl öِzünü qismən təqsirli bilirdi. Amma istintaqın sonunda cinayət işinin materiallarıyla tanış olandan sonra, ümumiyyətlə, özünü təqsirli bilmir.
«İstintaqın sonunda cinayət işinin materiallarıyla tanış olana qədər özümü qismən təqsirli bilirdim. Fikirləşirdim ki, necə ola bilər, necə olub, məktəbdə onu incidiblər, ona qarşı «bullinq» deyirlər, nə deyirlər (bullying - kollektiv üzvlərindən birinin, özəlliklə məktəbli və ya tələbəyə qarşı aqressiv təqib-red.), ondan olub, amma mənim xəbərim olmayıb? İş materiallarıyla tanış olanda gördüm ki, ona qarşı bu cür davrananların biri elə öz xalası qızı olub... Təcili yardımın gec çağrılması isə məndən asılı olmayan səbəblərdən baş verib - affekt vəziyyətdə olmuşam. Sırf sağlamlığıma görə gecikib, özümə gələn kimi çağırmışam. Mənə təsəlli verən də odur ki, məktəbdə ölməyib. Mənim onu gizlətmək, öldürmək niyyətim olmayıb», – S.Abbasova oktyabrın 2-də məhkəmədə təqsirləndirilən şəxs qismində verdiyi ifadədə bildirib.
Dindirmə zamanı prokuror da, Elinanın ailəsinin vəkilləri də dəfələrlə S.Abbasovadan soruşub ki, bəs necə olub, affekt vəziyyətində Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovaya, Bakı şəhər Təhsil İdarəsinə zəng edib, onlarla bir neçə dəfə danışıb, amma təcili yardıma zəng etməyib? Təqsirləndirilən şəxs bu suallara eyni məzmunlu cavablar verib:
«Təzyiqim qalxmışdı, elə vəziyyətdə idim ki, indi heç nə xatırlamıram. Məni prokurorluqda dindirəndə dedim ki, deyəsən, təcili yardımı katibə çağırmışdı. Qarşıma arayışı qoydular, məlum oldu ki, birinci mən çağırmışam. Elə bilirdim, polisə mən zəng eləmişəm, göstərdilər ki, yox, Xalidə xanım eləyib».
«Sanki özü danışmaq istəyirdi»
S.Abbasovaya ötən məhkəmə iclasında məktəbin tibb bacısı Ləman Nuriyevanın dediklərini xatırladıblar. L.Nuriyeva bildirmişdi ki, təcili yardım çağırmağa S.Abbasova imkan verməyib, hətta buna görə onu kabinetindən qovub, öz otağına getməyi və oradan çıxmamağı tapşırıb. S.Abbasova tibb bacısının qeyri-səmimi olduğunu, həmin gün onun işə gecikdiyini bildirib: «Heç həmin gün tibb bacısı səhər vaxtında işdə olmayıb, kameralara baxanda gördüm ki, gecikib. Elinanı mənim otağımda divana uzadandan sonra gəldi, təzyiqini ölçdü, hətta dedi ki, «sınıq yoxdur, bəlkə də yalan deyir, yuxarıdan yıxılmayıb». Həmin vaxt mən ona acıqlandım. Çünki otaqda olanları, Elinanın dərman barədə dediklərini çıxıb dərhal otaqdan kənarda başqalarına danışırdı. Guya bu da özlüyündə məndən küsüb öz otağına getdi, qapını da arxadan bağladı. Sonradan Elinanın sinif rəhbəri Çimnaz müəllimə gedib qapını döyürdü, bu da açmırdı. Əskinə, o, mənim otağıma gələndə baxıb dedi ki, sınığı yoxdur».
S.Abbasova iddia edib ki, tibb bacısı məsuliyyətsiz işçi idi, amma o, Səhiyyə Nazirliyinin tabeliyində olduğuna görə onu işdən çıxarmaq səlahiyyəti yox idi.
«Elina çox danışan uşaq deyildi. Hadisədən sonra sanki özü danışmaq istəyirdi. Mən əvvəl elə bilmişdim ki, uşaqlar onu itələyib yıxıb, ona görə uşaqlara acıqlandım. Elina dedi ki, «heç kim eləməyib, özüm eləmişəm»... Polislər yuxarıdan Elinanın çantasını gətirdilər. İçindən boş dərman qutusu, bir də özü üçün yazdığı gündəlik çıxdı. Gündəlikdə müxtəlif yazılar vardı. Yazılardan birinin məzmunu belə idi: «Ölümümə 50 gün qalıb». Yazılan tarixlə tutuşduranda 50 gün aprelin 7-nə düşürdü», – bunu da S.Abbasova ifadəsində deyib.
O, bəzi uşaqlarla Elina arasında problemlər olduğunu, amma ondan asılı olan tədbirlər gördüyünü bildirib. Deyib ki, bu hadisədən əvvəl iki dəfə Elina boğazını kəsmişdi. Bununla əlaqədar Səbail rayonu, 8-ci polis bölməsinin məktəb üzrə kuratoru Pərvanə xanıma məlumat verilib və o da məktəbə gəlib. Dediyinə görə, o zaman Elinanın anasını məktəbə çağırsalar da, o, «o biri uşağın qızdırması var, sonra gələrəm» deyib.
Elinanın anası nə deyir
Elinanın anası Sevil Hüseynova bildirib ki, qızına məktəbdə təzyiqlər vardı və direktor da bundan xəbərdar idi. Onun sözlərinə görə, azı, 5-6 dəfə özü, anası və bacısı buna görə direktora şikayət edib: «Bir dəfə bizə dedi ki, «bezdirmisiz məni, məktəbdə sizdən başqa heç kim yoxdur?». Dedik ki, sizdən şikayət eləyəcəyik. Dedi ki, «hara istəyirsiz, şikayət eləyin, mənim Təhsil Nazirliyində adamım var»».
Zərərçəkmişin sözlərinə görə, hətta bir dəfə direktor həm Elinanı, həm də xalası qızı Diananı məktəbdən dərs başa çatmamış qovub çıxarmışdı: «Anam məktəbə gedib soruşmuşdu ki, bu nə deməkdir? Anama demişdi ki, «xoşunuz gəlmir, çıxarıb aparın». Anam da demişdi ki, bura dövlətin məktəbidir».
Zərərçəkmişin vəkilləri S.Abbasovanın bir jurnalisti müsahibə vermək adıyla evinə çağırdığını, lakin ona Elinaya aid foto və video verdiyini iddia edib. Onlar bu barədə sualları S.Abbasovaya ünvanlasalar da, sabiq direktor bu suallara cavab verməkdən imtina edib.
Məhkəmə prosesi oktyabrın 11-də davam edəcək.
Xatırlatma
Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur. E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.
«Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib»,-Baş Prokurorluğun açıqlamasında belə yazılmışdı.
İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər.
Məhkəmənin hazırlıq iclasında bəlli olub ki, istintaqın gedişində 125-ci maddəyə (özünü öldürmə həddinə çatdırma) artıq xitam verilib.