Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:28

Ekspert: 'Tələbələrin pulları ilə özlərinə biznes qurublar'


BDU
BDU

Son illər Azərbaycandakı ali məktəblərin bir çoxu publik hüquqi şəxsə çevrilib. Rəsmi məlumatlara görə, Azərbaycanın ali məktəblərindəki yerlərin təqribən 70 faizi ödənişlidir. Buna baxmayaraq, hər il Azərbaycanda fəaliyyət göstərən ali məktəblərə dövlət büdcəsindən vəsait ayrılması davam edir.

Ən çox pul ADA Universitetinə ayrılıb

Maliyyə Nazirliyinin məlumatına görə, bu il ən çox vəsait ADA Universitetinə verilib - 17 milyon 556 min manat. Üstəlik, Azərbaycandakı xarici universitetlərin filialları da yaddan çıxmayıb - Moskva Dövlət Universitetinin (MDU) Bakı filialına 11 milyon 530 min manat, Moskva Dövlət Tibb Universitetinin (MDTU) Bakı filialına da 5 milyon 399 min manat verilib.

Bu universitetlərlə müqayisədə bir çox yerli ali məktəblərə dəfələrlə az vəsait ayrılıb. Məsələn, Azərbaycan Tibb Universitetinə 1 milyon 263 min manat, Bakı Dövlət Universitetinə (BDU) isə 720 min manat verilməsi lazım bilinib.

K.Əsədov
K.Əsədov

Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov AzadlıqRadiosuna deyib ki, dövlət büdcə vəsaitlərinin ali məktəblərə bu cür bölgüsü ədalətlidir. Amma onun fikrincə, Azərbaycan dövlət universitetlərinə, ümumiyyətlə, pul ayrılmamalıdır: «2011-ci ildən başlayaraq universitetlər özünümaliyyələşməyə keçiblər. Azərbaycan dövlət universitetləri publik hüquqi şəxsdir, onların muxtariyyəti var. Ona görə də onlara dövlət tərəfindən heç bir vəsait ayrılmamalıdır. BDU-nun 26 min tələbəsi var, onlardan 18 minə yaxını ödənişli əsaslarla təhsil alır. Hərəsi ildə minimum 2500 manat pul ödəyəndə, universitetin büdcəsində 45 milyon pul daxil olur. Amma ADA Universiteti və Moskva universitetlərinin filialları isə publik hüquqi şəxs deyil, onların tələbə kontingenti o qədər də geniş deyil və büdcədən verilən vəsaitlər dotasiya şəklində onların yeni korpuslarının tikintisinə ayrılıb... Axı bu Rusiya universitetlərinin filiallarında təhsil alan Azərbaycan vətəndaşlarıdır».

Təhsil haqqı cibə uyğundurmu?
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Ekspert qeyd edib ki, Azərbaycan universitetlərinin heç birinin dünyada yüksək reytinqi yoxdur: «Biz ölkə universitetlərinin reytinqlərini qaldırmaqda çətinlik çəkirik. Universitetlərin özləri bunda maraqlı deyillər, oturub tələbələrin pulları ilə özlərinə biznes qurublar…».

ADA Universitetində min, BDU-da 26 min tələbə…

İqtisadçı-ekspert Toğrul Maşallının fikrincə isə, bu məsələdə problem əsasən ondan ibarətdir ki, universitetlərin çoxu vəsaiti birbaşa büdcədən almırlar: «Yalnız bir neçə «xüsusi» universitet var ki, büdcədən yüksək məbləğdə pul alır. Bu, ADA Universitetidir, Moskva Dövlət Universitetinin və Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarıdır. Lakin universitetlərin xüsusiləşdirilməsi üçün heç bir əsas yoxdur və olmamalıdır. Məsələn, bu il dövlət büdcəsindən 17 milyon alan ADA Universiteti 2018-ci ildə 55 milyon investisiya əldə edib».

T.Maşallı
T.Maşallı

Ekspert hesab edir ki, dövlət əsas maliyyəsini dövlət universitetlərinə yönəltməlidir: «Lakin hökumət prestij məsələsinə daha böyük önəm verdi, bir neçə universitet seçdi və onların imicinə görə onlara pul ayırır. Bu da problemlər yaşadır. Çünki dövlət universitetlərinə ayrılan vəsaitlər kifayət qədər deyil, bu universitetlər özünü maliyyələşdirir və buna görə normal təhsil verə bilmir, akademik proqramları həyata keçirə bilmir. Məsələn, BDU-nun büdcəsi 40 milyon manata, ADA-nın isə 76 milyon manata yaxındır. Nəzərə alın ki, ADA-da minə yaxın tələbə təhsil alır, BDU-da isə 26 minə yaxın. Bu da təhsil keyfiyyətinə təsir göstərir, fərq yaradır və bu fərqi mütləq aradan götürmək lazımdır».

Tələbə baxış bucağından

Bu mövzuda AzadlıqRadiosuna danışan tələbələr isə adlarının çəkilməsini istəməyiblər. Onlar, əsasən, təhsil haqqının yüksək, tədrisin keyfiyyətinin isə istədikləri səviyyədə olmamasından şikayətləniblər.

Tələbələrin fikrincə, hökumət ali məktəblərə maliyyə ayrılmasını gücləndirməlidir.

Ali məktəblərin rəhbərliyindən isə, hələlik, təhsil ocaqlarının maddi təminatı və ayrılan vəsaitlərin bölgüsü ilə bağlı məsələlərə münasibət almaq cəhdləri nəticə verməyib.

XS
SM
MD
LG