İspaniyada 1,35 milyon dollarlıq Richard Mille saatının oğurlanması Azərbaycanda qızğın spekulyasiya, ittihamlara yol açıb. Axı, indiyədək cəmi 75 ədəd buraxılmış bu saatın SOCAR Prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevə məxsusluuğu iddia olunub. Araşdırmaçı jurnalistlərin OCCRP layihəsi bu məsələnin ciddi siyasi təsirinin ola biləcəyini yazır.
İndiyədək İbiza polisindən sızdırılmış məlumatı SOCAR nə təkzib, nə də təsdiq edib. Baxmayaraq ki, polisin məlumatında şikayətçinin adı, doğum tarixi, anasının adı SOCAR rəhbərinin oğluna aid məlumatlara uyğun gəlir.
İspaniyada təhqiqatçılar “belə bir şey görməyiblər”
İspaniya polisinin təqaüddə olan əməkdaşı OCCRP-yə həmin məlumatın həqiqilini təsdiqləyib. O, müstəntiqlərin belə bir oğurluqdan heyrətə gəldiklərini deyib. “Onlar indiyədək belə bir şey görməyiblər. İbizadakı təhqiqatçılar hələ də şikayətin motivasiyasının həqiqi olub-olmamasından əmin deyillər”, – adının çəkilməsini istəməyən həmin şəxs deyib.
OCCRP Rəşad Abdullayevin bu əhvalatın azından bir qismini təsdiqlədiyini yazır. Belə ki, polisə ilkin şikayətə dəyişiklik olunub, saatın Rəşada deyil, Seymur Mehtiyev adlı şəxsə aid olduğu iddia edilib.
OCCRP reportyorları şikayətə bu əlavəni gördüklərini yazırlar. Yəni, 25 yaşlı azərbaycanlının İbizada olması, saatın mövcudluğu və dəyəri mübahisələndirilmir.
Seymur Mehtiyevin ünvanı Moskvada, Tverskaya küçəsində göstərilir. Reportyorlar Rusiyada, Azərbaycanda və Böyük Britaniyada bu ad-soyadda adamları tapıblar, ancaq informasiya qıtlığından iddianın konkret kimə məxsus olduğunu müəyyənləşdirə bilməyiblər. Eləcə də bu şəxslərin belə bir bahalı saatı əldə edəcək böyük biznesmenlər olmasına da sübut tapılmayıb.
Moskvadakı ünvanda isə Oleg Kalaev adlı şəxsin qeydiyyatda yaşadığı bəlli olub. O, Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasının keçmiş maliyyə naziri və baş nazir müavini olub. Moskvada olanda həmin mənzildə yaşadığını, Seymur Mehtiyev adlı şəxsi tanımadığını deyib.
1 milyon dollarlıq saat
OCCRP Rəşad Abdullayevin “daha bir” bahalı saatından yazır. 2017-ci ilə rəhbəri olduğu Səbael Futbol Klubunun iclasında qolundakı saatı mütəxəssis dəyərləndirib – Roger Dubuis Excalibur Quatuor markalı bu saatın qiyməti 1 milyon dollardan artıqdır.
***Buna da bax: Ölkəyə gəlir gətirməli olan SOCAR-ın borclarını ölkə ödəyir
Məqalədə deyilir ki, SOCAR Prezidenti Rövnəq Abdullayev də indiyədək bahalı saatlarla görüntülənib, ancaq bu saatlar qiymətinə görə oğlunun taxdıqlarına “yaxın belə düşə bilməz”.
“Bu, ciddi suallar yaradır, SOCAR rəsmiləri və qohumları rəsmi maaşlarından dəfələrlə baha saatlar taxırlar”, – Global Witness təşkilatından Barnaby Pace deyir. O, indiyədək SOCAR-la bağlı araşdırmalar aparıb.
“Biz zaman-zaman SOCAR-ın kontraktlarının həqiqi benefisiarları barədə açıq informasiyanın olmamasından narahatlıq bildirmişik. Ancaq Azərbaycanda korrupsiyayla bağlı suallar qaldıran jurnalistlər və vətəndaş cəmiyyəti fəalları zorakılıq və repressiyayla üzləşirlər, deməli, Azərbaycanın neft sərvətindən kimlərin faydalanması haqda suallar bundan sonra da yalnız artacaq”, – o, sözlərinə əlavə edib.
OCCRP suallarına nə Rəşad Abdullayevdən, nə də SOCAR-dan cavab ala bilib.