- Həmin gün iş günü deyildi, həyat yoldaşınız məktəbə niyə getmişdi?
- Direktor çağırmışdı, ictimai vəzifəsini yerinə yetirmək üçün. Sinif otaqlarında qiymətli əşyalar vardı, onlar götürülməsin, həyətdəki bağa nəzarət eləsin.
- Həyat yoldaşınız seçki məntəqəsinin üzvü olmadığı halda, məktəbdəki seçki məntəqələrində nə gəzirdi?
- Məntəqədən keçib məktəbin yeməkxanasına gedəcəkdi ki, su götürsün. Mən ona 10 dənə «Nescafe» almışdım ki, həmin gün müəllimlərlə birlikdə içsin...
Bu dialoq 251 saylı orta məktəbin direktor müavini Elmira Alandarovanın jurnalist Sevinc Abbasovaya (Vaqifqızı) qarşı iddiası üzrə məhkəmədə olub. Sualları cavablayan isə iddiaçının həyat yoldaşı Rasət Qasımovdur. Çünki E.Alandarova özü məhkəməyə gəlməmişdi, həyat yoldaşı da nümayəndəsi qismində iştirak edirdi.
R.Qasımov deyir ki, S.Vaqifqızı 2018-ci il aprelin 11-də keçirilən prezident seçkisi günü 25 saylı Nizami İkinci Seçki Dairəsinin 14, 15 və 16 saylı məntəqələrindəki səsvermə prosesindən hazırladığı videomaterialda onun həyat yoldaşını «seçki karuselinə nəzarət edən şəxs» kimi təqdim edib. Bununla da onun şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzuna zərbə vurub.
«Məqsədli şəkildə hazırlayıb ki, həyat yoldaşım təhqir olunsun»
Həyat yoldaşının sözlərinə görə, E.Alandarova əvvəllər seçki komissiyasının üzvü olub, amma sonradan DSK sədri ilə aralarında problem yaşandığından, bundan imtina edib. Artıq 65 yaşı tamam olduğuna görə məktəbdəki işindən də uzaqlaşıb: «Prezident seçkisinin həyat yoldaşıma dəxili yox idi, çünki komissiya üzvü deyildi. Seçki məntəqələri məktəbdə yerləşir. O məktəbdə əvvəllər kütləvi tədbirlərdə anlaşılmaz hadisələr olmuşdu deyə, direktor təcrübəli biri kimi, həyat yoldaşımı çağırdı ki, gəlib həyətə, sinif otaqlarına nəzarət eləsin. Sevinc Abbasova o materialı məqsədli şəkildə hazırlayıb yayıb ki, yoldaşım təhqir olunsun».
Jurnalist isə iddianı qəbul etməyib. Vəkili Zibeydə Sadıqova da məhkəməyə iddiaya etiraz təqdim edib. Vəkil deyir ki, iddia əsassızdır.
«Məgər bağbandır ki, seçki günü gedib bağa nəzarət eləyir?»
S.Vaqifqızı məhkəmədə deyib ki, həmin gün bir saata yaxın E.Alandarovanın hərəkətlərini müşahidə edib, onun adamları yönləndirməsini, seçki məntəqələrinə dəfələrlə daxil olub-çıxmasını görüb, lentə alıb. Bütün bunlardan sonra onda əminlik yaranıb ki, həmin seçki məntəqələrindəki «karusel» əməliyyatına (eyni adamların bir neçə məntəqədə səs verməsi) E.Alandarova nəzarət edir: «O qadın bir neçə dəfə mənə yalan danışdı. Mən həyatım boyu əmin olmadığım nəyisə yazmaram, yaymaram. Videodan da onun hərəkətləri aydın görünür. Hətta bir müddət sonra kameraya tuş gəlməmək üçün gizlənməyə başladı. Deyirsiniz ki, həyat yoldaşınız seçki günü məktəbdə bağa nəzarət edirdi. Məgər o, bağbandır?».
Məhkəmədə sözügedən videogörüntülərə də baxış keçirilib.
Məhkəmə iyulun 11-də davam edəcək.
E.Alandarova iddia ərizəsində haqqındakı materialların MeydanTV-də, «Azadlıq» qəzetinin saytında (azadliq.info), sosial şəbəkələrdə yayımlandığını göstərərək, onların hamısının silinməsini, təkzib olunmasını, S.Vaqifqızının hər iki media orqanında ondan üzr istəməsini və yalan məlumat yaydığına görə 2500 manat kompensasiya ödəməsini tələb edir.
S.Vaqifqızı isə iddianın əsassız olduğunu bildirir. Deyir ki, E.Alandarova təxminən bir il öncə ondan Bakı Şəhər Baş Polis İdarəsinə də şikayət edib, haqqında cinayət işi başlanmasını istəmişdi. Amma onun əməlində cinayət tərkibi olmadığına görə şikayət rədd edildi: «Montajda olan effektləri, məsələn, kadrın sürətli verilməsini də şərəf və ləyaqətinin alçaldılması hesab edir. Mən o qadının hərəkətlərini müşahidə eləmişəm, müəllimələri məntəqələrə apardığını görmüşəm və səbəbini soruşmuşam. Bir saata yaxın gözlədib, çəkilişə imkan verməyiblər. Halbuki, qanunsuzdur. Sonra da akt tərtib ediblər ki, guya səs-küy salıb, seçkinin gedişini pozuram. Ancaq oradakı imzalar da eynidir. Guya seçici özünün çəkilməsinə etiraz edir. Amma seçicinin adının qarşısındakı imza ilə məntəqə sədrinin imzası eynidir».
Xatırlatma
2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki dövlət başçısının istəyinə uyğun 6 ay önə çəkilib.
Bir çox müxalif siyasi qüvvələrin boykot etdiyi seçkidə hakim partiyanın namizədi İlham Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.
Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun «mənfi hal» olduğunu bildirib. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin İ.Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə yekun hesabatında seçki qanunvericiliyinə və seçki komissiyalarının tərkibinə yenidən baxılması, seçki müddətində baş vermiş qanun pozuntularının araşdırılması, büdcə təşkilatlarında işləyənlərə dövlət qurumları və ya siyasi partiyalar tərəfindən təzyiq göstərilməməsi ilə bağlı bir sıra tövsiyələr verib.
Hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etməyib.