Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:44

Jurnalist seçki reportajına görə məhkəməyə verilib


S.Vaqifqızı
S.Vaqifqızı

Bakıdakı 251 saylı orta məktəbin direktor müavini Elmira Alandarova jurnalist Sevinc Vaqifqızını (Abbasova) məhkəməyə verib. Səbəb isə jurnalistin 2018-ci il aprelin 11-də prezident seçkisi zamanı 25 saylı Nizami İkinci Seçki Dairəsinin məntəqələrindəki səsvermə prosesindən hazırladığı materiallardır. E.Alandarova iddia edir ki, jurnalist həmin materiallarda onu seçki saxtakarlığında suçlamaqla şərəf və ləyaqətini ləkələyib. Həmin materialların MeydanTV-də, «Azadlıq» qəzetinin saytında (azadliq.info), sosial şəbəkələrdə yayımlandığını bildirən direktor müavininin tələbi isə belədir: o materialların hamısı silinsin, təkzib olunsun, Sevinc Vaqifqızı əməkdaşı olduğu MeydanTV-də və azadliq.info-da ondan üzr istəsin və yalan məlumat yaydığına görə 2500 manat kompensasiya ödəsin.

Sözügedən videomateriallarda yanaşı yerləşən seçki məntəqələrində E.Alandarovanın hərəkətləri, onun gah 25 saylı Nizami İkinci Seçki Dairəsinin 14 saylı, gah da həmin dairənin 16 saylı məntəqəsində göründüyü əks olunub. E.Alandarova isə bildirir ki, jurnalist onu «karusel» prosesinə (bir neçə məntəqədə səs verən müəllimlərə) nəzarət edən şəxs kimi təqdim etsə də, əslində belə deyil.

Proses jurnalistin iştirakı olmadan keçirilib

«Həmin gün məktəbin direktoru məni çağırıb üç seçki məntəqəsinin yerləşdiyi məktəbin həyətini, sinif otaqlarını ərazidə yenicə salınmış yaşıllığı nəzarətdə saxlamağımı tapşırdı. Əvvəlki illərdə məktəbimizdəki kütləvi tədbirlərdə baş verən xoşagəlməz hadisələrdən xəbərim olduğuna görə direktorun təklifini anlaşıqlı qarşıladım. 35 il işlədiyim, öz evim hesab etdiyim məktəbimi qan qaraldan hadisələrdən qorumaq qərarına gəldim. Mənim seçki ilə əlaqəm olmayıb, günümü məktəbin həyətində, dəhlizlərində keçirmişəm. Bəzən qızınmaq, bir stəkan kofe içmək üçün məktəbin yeməkxanasındakı mətbəxdə qaynar sudan istifadə etmişəm. Yeməkxana iki yerə bölünüb, bir hissəsində seçki məntəqəsi yaradılıb, o biri hissəsi isə yeməkxananın mətbəxi olub», – direktor müavini iddia ərizəsində yazıb.

Bu işə Binəqədi Rayon Məhkəməsində hakim Emin Əliyev baxır. Mayın 27-də məhkəmənin hazırlıq iclası keçirilib. S.Vaqifqızı məhkəmə zalına daxil olanda hakim ona deyib ki, artıq onun iştirakı olmadan işə baxılıb: «Proses təyin edilən vaxtda siz olmadınız, qarşı tərəfin iştirakıyla baxdıq».

Jurnalist isə bildirib ki, doğru deyil, həmin vaxtda o, məhkəmənin dəhlizində dayanıb, nə vaxt çağrılacağını gözləyib. O müddətdə qarşı tərəfdən də kimsənin gəlib-getdiyini görməyib.

Məhkəmə baxışı iyunun 10-na təyin olunub.

S.Vaqifqızı iddianın əsassız olduğunu bildirir. Deyir ki, E.Alandarova təxminən bir il öncə ondan Bakı Şəhər Baş Polis İdarəsinə də şikayət edib, haqqında cinayət işi başlanmasını istəmişdi. Amma onun əməlində cinayət tərkibi olmadığına görə şikayət rədd edildi: «Montajda olan effektləri, məsələn, kadrın sürətli verilməsini də şərəf və ləyaqətinin alçaldılması hesab edir. Mən o qadının hərəkətlərini müşahidə eləmişəm, müəllimələri məntəqələrə apardığını görmüşəm və səbəbini soruşmuşam. Bir saata yaxın gözlədib, çəkilişə imkan verməyiblər. Halbuki, qanunsuzdur. Sonra da akt tərtib ediblər ki, guya səs-küy salıb, seçkinin gedişini pozuram. Ancaq oradakı imzalar da eynidir. Guya seçici özünün çəkilməsinə etiraz edir. Amma seçicinin adının qarşısındakı imza ilə məntəqə sədrinin imzası eynidir».

Seçki pozuntusu: eyni seçici iki dəfə səs verir
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Xatırlatma

2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki dövlət başçısının istəyinə uyğun 6 ay önə çəkilib.

Bir çox müxalif siyasi qüvvələrin boykot etdiyi seçkidə hakim partiyanın namizədi İlham Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.

Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun «mənfi hal» olduğunu bildirib. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin İ.Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə yekun hesabatında seçki qanunvericiliyinə və seçki komissiyalarının tərkibinə yenidən baxılması, seçki müddətində baş vermiş qanun pozuntularının araşdırılması, büdcə təşkilatlarında işləyənlərə dövlət qurumları və ya siyasi partiyalar tərəfindən təzyiq göstərilməməsi ilə bağlı bir sıra tövsiyələr verib.

Hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etməyib.

XS
SM
MD
LG