Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:10

'Məni həbs etmək planı vardı, prezidentin razılığını ala bilmədilər'


A.İsmayılov
A.İsmayılov

Hüquqşünas Aslan İsmayılova iki il islah işləri və 1500 manat da cərimə cəzası istənilib. Noyabrın 12-də Binəqədi Rayon Məhkəməsində prokuror bu təkliflə çıxış edib. Prokuror deyib ki, A.İsmayılovun xuliqanlığı məhkəmədə sübuta yetirilib.

Dövlət ittihamçısının sözlərinə görə, A.İsmayılov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin onu təhqir etməsinə görə qaldırdığı iddia icraata götürülmədiyi üçün ötən il oktyabrın 2-də Binəqədi Rayon Məhkəməsində xuliqanlıq edib. İddia olunur ki, hakimin katibindən bu xəbəri eşidən hüquqşünas qapını çırpıb çərçivəsini sındırıb, divarın suvağını töküb, hakimin və məhkəmə sədrinin ünvanına təhqiramiz ifadələr işlədib. Prokuror deyir ki, A.İsmayılovun xuliqanlığı nəticəsində dövlətə 130 manat ziyan dəyib: «Xahiş edirəm, məhkəmə onun ziyanı ödəməməsini, əməlindən peşman olmamasını da nəzərə alsın».

Prokuror bildirib ki, sırf xuliqanlıq əməlinə görə hüquqşünasa aylıq qazancının 20 faizi tutulmaqla, 1 il islah işləri cəzası istəyir. Ancaq ona Hafiz Hacıyev və işadamı Mürvət Həsənlinin iddiaları əsasında verilmiş islah işləri və pul cəzaları da var ki, ödənilməyib. Ona görə də, təklif edib ki, hər üç iş üzrə cəzalar birləşdirilsin və A.İsmayılov üzərində 2 il islah işləri ilə 1500 manat cərimə də saxlansın. 50 manatlıq ekspertiza xərci də ondan tutulsun.

Ardından A.İsmayılova son söz demək təklif olunsa da, təqsirləndirilən hüquqşünas vaxt istəyib: «Mənim çıxışım müdafiə yox, ittiham nitqi olacaq. Prokurorun belə saxta, heç nəyə əsaslanmayan çıxışından sonra son sözümü yazılı təqdim etmək qərarına gəldim. Çünki məhkəmənin çıxışımı saxtalaşdırmayacağına inamım yoxdur».

Hakim ona noyabrın 19-na qədər vaxt verib.

Aslan İsmayilov 1 il 6 ay islah işlərinə məhkum edildi
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

A.İsmayılov AzadlıqRadiosuna bildirib ki, əslində, onu həbs etmək planı vardı: «Mənim həbsim üçün prezidentin razılığını ala bilməyiblər».

Xatırlatma

Aslan İsmayılov CM-in 221.1 (xuliqanlıq) maddəsi ilə ittiham olunur. Bu maddədə 1000 manatdan 3000 manatadək cərimə, 1 ilədək islah işləri və ya azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Lakin o, ittihamı qəbul etmir və ictimai fəaliyyətinə görə sifarişlə təqib olunduğunu bildirir. Məhkəmədə də deyib ki, özəlliklə Milli Onkologiya Mərkəzində korrupsiya halları barədə açıqlamalarından sonra təqiblər güclənib.

Bu cinayət işi ilə paralel A.İsmayılova qarşı xüsusi ittiham qaydasında iki iddia qaldırılmışdı.

Müasir Müsavat Partiyasının sədri H.Hacıyev və «Xəmsə» şadlıq sarayının sahibi M.Həsənli hüquqşünasın sosial şəbəkələrdə onları təhqir etdiyini, böhtan atdığını iddia edərək, onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyirdi.

Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin iddialar əsasında hüquqşünas məhkum edildi, ona pul cəriməsi və islah işləri cəzası kəsildi. Bakı Apellyasiya Məhkəməsi də qərarları qüvvədə saxlayıb.

XS
SM
MD
LG