İmişli şəhər sakini Azad Mehdiyev Şəkər Zavodunda yükdaşıyan işləyir. O, ayda 160 manat əməkhaqqı aldığını və onun 120 manatını iki uşağın saxlanılmasından ötrü aliment ödədəyini bildirir. Azad Mehdiyev-in deməsinə görə, bir neçə ay əvvəl İmişli Rayon Məhkəməsi keçmiş həyat yoldaşının “alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi barədə” iddiasını təmin edərək ondan tutulmalı məbləği 260 manata qaldırıb.
Onun sözlərinə görə, məhkəmə uşaqların əvvəlki təminatının mümkün qədər maksimal saxlanılmasından ötrü belə qərara gəldiyini qeyd edib. Eyni zamanda xatırladıb ki, 2018-ci il üzrə yaşayış minimumu uşaqlara 154 manat müəyyən edilib. 2 uşağın minimum ehtiyacı isə toplamda 308 manat edir.
“Qalan pulu haradan tapım?”
Azad Mehdiyev vurğulayır ki, alimentin məbləği artırılarkən onun ailə və maddi vəziyyəti nəzərə alınmayıb:
“İddiaçıdan ayrılandan sonra mən yenidən ailə həyatı qurmuşam, bu nikahdan da üç uşaq doğulub. Mən uşaqlarım arasında fərq qoymuram və üzərimə düşən valideyn öhdəliyindən də imtina etmirəm. Sadəcə bu məbləği ödəmək imkanım yoxdur. Aylıq gəlirim minimum ehtiyaclarımızı ödəməyə yetərli olmadığından ailəmizə ünvanlı dövlət sosial yardımı təyin edilib. Bu yardımdan aliment tutula bilməz. Əməkhaqqım isə aliment məbləğini tam ödəməyə yetərli deyil. Onda mən qalan pulu haradan tapmalıyam?”
Yüzlərlə iş...
Bu vəziyyətdə olan tək Azad Mehdiyev deyil. Hazırda xeyli sayda Azərbaycan vətəndaşının üzərinə aylıq gəlirindən çox məbləğdə aliment ödəmək öhdəliyi qoyulduğu bildirilir. Elə bu səbəbdən də onlardan aliment tutulmasının çətinləşdiyi vurğulanır.
İmişli rayon icra və probasiya şöbəsi-ndən verilən məlumata görə, hazırda icraatlarında 1000-ə yaxın “aliment işi” var:
“Məhkəmələrdə nikahın ləğvi ilə bağlı işər çoxalıb. Amma aliment tələb edənlərin bəzilərinin heç rəsmi qaydada nikahı da olmur. Adamlar birgə yaşayırlar, uşaqları olur və bir müddət sonra hansısa səbəbdən ayrılırlar. Hətta nikahda olub birgə yaşamayan cütlüklər də var. Aliment tutulmasını çətinləşdirən bəzi ödəyicilərin rəsmi gəlirinin olmamasıdır. Bəziləri gedib başqa şəhər və rayonlarda fərdi əməklə məşğul olur, zəhmət haqlarını vaxtında ala bilmədiklərini deyirlər. Buna görə də alimentin ödənilməsində gecikmələr, yaxud onun qismən ödənilməsi halları çoxdur.”, deyə qurumdan söyləyiblər.
İcra və probasiya şöbəsindən o da bildirilib ki, il ərzində alimenti ödəyə bilməyən 25 nəfər inzibati qaydada cəzalandırılıb, 8 nəfər barədə cinayət işinin başanılmasından ötrü məhkəməyə təqdimat verilib.
“Rəsmi gəliri olmayanlardan...”
Hüquqşünas Vazeh Zahidov bildirir ki, alimentin miqdarının müəyyən olunmasından ötrü ödəyicinin real gəliri əsas götürülməlidir:
“Ailə Məcəlləsində uşaqların saxlanılmasından ötrü onların valideynlərinin aylıq gəlirindən 1 uşağa görə 1/4 hissə, 2 uşağa görə 1/3 hissə tutula bilər. 3 və daha çox uşağa görə isə yarısı qədər aliment tutulmalıdır. Həmin Məcəllədə bu da qeyd olunur ki, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud yoxdursa və digər hallarda alimentin miqdarını məhkəmə hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edir.”
Hüquqşünas əlavə edir ki, çoxunun əməkhaqqı yüksək, yaxud rəsmi gəliri olmadığından məhkəmələr əsasən alimenti sabit pul məbləğində, yaxud qarışıq müəyyən edirlər:
“Uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq bu məbləğ bir qayda olaraq yaşayış minimumuna uyğunlaşdırılır. Bu zaman tərəflərin maddi və ailə vəziyyəti, ödəmə imkanları nəzərə alınmır. Məsələn, 180 manat maaş alandan 2 uşağın saxlanılmasına görə 60 manat aliment tutulmalıdırsa, məhkəmələrin belə qərar çıxarmasına rast gəlinmir. Ödəyicinin işləməməyi də alimentin məbləğini azaltmır. Əksinə, məhkəmənin imkanı var ki, rəsmi qaydada işləyənlərlə müqayisədə onların üzərinə daha ağır öhdəlik qoysun. Bununla bağlı bizdə artıq məhkəmə təcrübəsi var və hakimlər daha çox onu tətbiq edirlər.”
Bəs dövlət baba?
Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlər üzərinə vəzifə qoyulub. Lakin həmin maddədə ilk olaraq bu da qeyd edilib ki, “cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir”. Konstitusiyada həmçinin, dövlətin hər bir vətəndaşın rifahını yüksəltmək, onun sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək öhdəliyi təsbit olunub.
Azad Mehdiyev hesab edir ki, dövlət adından qərar qəbul edən məhkəmə, vətəndaşın üzərinə öhdəlik qoyarkən dövlətin də vətəndaş qarşısında öhdəliyinin yerinə yetirilmə vəziyyətini nəzərə almalıdır:
“Özümün, 5 uşağın və həyat yodaşımın ehtiyacları ümumilikdə 1126 manat təşkil edir. Halbuki, mənim maaşım əmək qabiliyyətli əhali üçün müəyyən edilmiş yaşayış minimumundan da azdır. Deməli, dövlət yaratdığı iş yeri və müəyyən etdiyi minimum əməkhaqqı ilə mənə nəinki ailəmin, uşaqlarımın, hətta özümün belə layiqli səviyyədə ehtiyaclarımı təmin etməyimə şərait yaratmayıb. Ailəm ünvanlı dövlət sosial yardımı alır...”
Amma o deyir ki, bu problemlərini tam yoluna qoymur.
İqtisadçı “uşaq pulu” verilməsini təklif edir
İqtisadçı Rövşən Ağayev mövcud problemin ümumən ölkədəki sosial-iqtisadi durumdan, əhalinn gəlirinin aşağı olmasından və səmərəli məşğulluğun təmin edilməməsindən qaynaqlandığını deyir:
“Azərbaycanda orta statistik ailə 4 nəfərdən ibarətdir. Bunu 2 valideyn, 2 uşaq kimi götürsək və hesab etsək ki, hər iki valideyn işləyir, yenə də bir çox ailələrin yaşayış minimumu təmin olunmur. Ona görə ki, ölkədə, xüsusilə regionlarda əməkhaqqı aşağıdır. Bu, hələ əmək qabiliyyətli üzvləri işləyən ailələrdə belədir. Ölkəmizdə qeyri-rəsmi məşğuluq isə 70 faizə çatır. Bu kateqoriyada yer alanların əhəmiyyətli hissəsinin gəliri öz ehtiyaclarını ödəyəcək qədər deyil. Aliment ödənilməsində olan başlıca problem odur ki, insanların üzərinə mənbəyi məlum olmayan pul öhdəliyi qoyulub.”
Ekspert hesab edir ki, belə vəziyyətdə dövlət həm səmərəli məşğulluq proqramları həyata keçirməli, həm də digər tərəfdən 15 yaşadək “uşaq pulu” verməklə ailələrə dayaq olmalıdır:
“Nə qədər yeni iş yeri açılsa və əməkhaqqı yüksəldilsə də, yenə də sosial müdafiəyə ehtiyacı olan ailələr, insanlar olacaq. Çıxış yolu elə aylıq uşaq müavinətinin verilməsidir. Bu müavinətin məbləği yaşayış minimumuna, heç olmasa ərzaq səbətinə uyğun olmalıdır. Bizim hesablamamıza görə, sonuncu təqribən 90 manat edir. Belə daimi müavinətin verilməsi alimentlə bağlı həm iddiaların, həm də valideynlərdən tutulmalı məbləğin azalmasına təsir edə bilər. Nəticədə ödənişdəki çətinliklərin aradan qalxmasına kömək olar”