«Mən orda işdən gəlmişdim. Bir az təsərrüfatla məşğul idim. Paltar dəyişə bilməzdim. Mənim oğlum şəhid olmuşdu... Şokda olmuşam».
Bugünlərdə cəbhə xəttində həlak olan əsgər Cabbar Zeynalovun atası Firudin Zeynalovun sosial şəbəkələrdə yayılan fotosu müxtəlif yozumlara, məsələyə müxtəlif yanaşmalara səbəb oldu.
BƏS KİMDİR FİRUDİN ZEYNALOV?
48 yaşındadır, Saatlının Heydərabad kəndində əkin-biçinlə, maldarlıqla məşğul olur. Yoldaşı 15-20 ildir xəstədir. Üç övlad – iki qız, bir oğul atasıdır. Qızlarını köçürüb. 18 yaşlı Cabbar evin sonbeşiyi imiş.
Oğlunun ölüm xəbərini alanda da iş başındaymış. Ona Cabbarın yaralandığını söyləyiblər.
«Amma artıq biz onun şəhid olduğunu bilirdik. Xəbəri telefondan oxumuşduq», - söyləyir.
Dediyinə görə, həmin foto da elə o vaxtlar – oğlunun ölüm xəbərini aldığı saatlarda çəkilib.
«Mənim oğlum şəhid olmuşdu, o an paltarımı dəyişmək haqda düşünə bilməzdim», – deyə izah edir.
Sosial şəbəkələrdən birində atanın video görüntüsü yayılıb, Firudin Zeynalov yanında qalstukda, pencəkdə rəsmi şəxslərlə jurnalistə müsahibə verir, rəsmilər onun söhbətinə vaxtaşırı müdaxilə edir, «Onun hər şeyi var, onun qəlbi zəngindir» deyə şərh verirlər. Bu dəfə ata pencəkdə, ağ köynəkdədir... Və bozarmış ayaqqabıda...
(Elə ata AzadlıqRadiosuna danışanda da rəsmi şəxslər yanında idi. O, icra hakimiyyətinin, hərbi qurumların nümayəndələrinə təşəkkürünü, razılığını dilə gətirdi: «Sağ olsunlar, hər cür dəstək veriblər»).
Ancaq müzakirələrə səbəb olan təkcə geyimi deyil, duruşu, baxışı, oğul itkisi ilə qəddinin əyilməsi, çiyinlərinin bükülməsidir. Bəlkə də bu fotoda əks olunanları sözlə ifadə etmək mümkün deyil, buna gərək də yoxdur yəqin. Hər şey aydındır zatən. Ata oğlunu itirib. Müharibə bir evə daha od salıb. O evin düzənini pozub. Məzuniyyətə gələcək oğulun cənazəsi gətirilib.
Musiqiçi Elmir Mirzoyev Facebook səhifəsində yazır:
«Oğlu cəbhədə öldürülmüş o kişinin fotosunu paylaşa bilmirəm, çox dəhşətlidir həqiqətən. Əgər Azərbaycanın nə olduğunu bilmək istəsəniz, o fotonu təsəvvürə gətirməlisiniz. Bizim nəsil bitdi, artıq uşaqlarımızı yeyirlər növbə ilə».
Ata AzadlıqRadiosuna sosial şəbəkələrdə gedən müzakirələrdən xəbərsiz olduğunu söyləyir.
– Sosial şəbəkələrdə yazırlar ki, vətəni qorumaq ancaq kasıb balalarının boynuna biçilib elə bil. Siz nə düşünürsünüz?
– Mən elə söz deməmişəm, demərəm də. Vətən yolunda gedib oğlum. Vətəni qorumağa gedib. Mən orda işdən gəlmişdim. Bir az təsərrüfatla məşğul idim. Paltar dəyişə bilməzdim. Mənim oğlum şəhid olmuşdu... Şokda olmuşam. Mənim yerimə kim olsa, şokda olardı... Hələ də şokdayam. Bir müddət çıxa bilməyəcəm. Onu yaddan çıxarmaq mümkün deyil. Elə bir uşaq olub ki... Elə bir istəkli uşaq. Elə bir qəhrəman uşaq... Arzularım vardı. Arzum vardı ki, uşağım əsgərlikdən gələcək. İşini davam etdirəcək. Həyət-bacada yarımçıq qalan işləri vardı. Toyunu edəcəm. Bunlar hamısı arzum idi. Arzularım məhv oldu.
– Yəqin özünün də arzuları, planları vardı.
– Mənə deyirdi ki, «ata, yaşlanmısan daha, çox işləmə, özüm gəlib hər işini görəcəm»... Oxumağa həvəsi olmadı. Təsərrüfatla məşğul idi. Həyətdə qoyunu, keçisi, hind quşu, hind qazı, ördəyi... Hər şeyi vardı. Hər şeyə maraqlıydı, hər şeyə həvəsliydi... Zirək uşağıydı. Onu kimi zirək uşaq bəlkə də sovetlikdə olmayıb. Onun zirəkliyindən, qanacağından bütün kənd danışır. Bu gün hərbçilər gəlmişdilər, deyirlər: «Halal olsun uşağına», yəni elə bir uşaq olub Cabbar.
– Cabbarın özüylə axırıncı dəfə nə zaman danışmışdınız?
– Bir gün qabaq mən danışdım. Dedi ki, yaxşıdır. Bir də dönə-dönə tapşırdı ki, ata, özünüzdən muğayat olun, anamdan muğayat olun. Anası xəstədir neçə ildir... Məzuniyyətə gəlməliydi. Gün sayırdıq. Bu gün sabah gələr deyirdik... Hadisədir də olub. Neyləmək olar. Vətən yolunda gedib.
– Tək oğul idi, onu əsgərlikdən saxlamaq ürəyinizdən keçməyib?
– Mən Cabbarla fəxr edirəm. Özü istəyərək əsgər getdi, arzusuydu. Deyirdi ki, mən əsgər getməliyəm, hərbi xidmətimi çəkməliyəm. Allahın qəzasıdır oldu, oğlum şəhid oldu, nə deyim. Hamının balası gedib xidmətini çəkir. Əsgər gedib. Bəlkə də yazısı ordaydı, bəlkə də orda olmayacaqdı, başqa yerdə olacaqdı. Bilmək olmaz.