Dünən Ukraynada Avropa Birliyi Şərq Tərəfdaşlıq ölkələri (Azərbaycan, Ermənistan, Belarusiya, Gürcüstan, Moldova, Ukrayna) mədəni müxtəliflik mükafatı olan "ADAMI" media mükafatlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Azərbaycan, Ermənistan, Belarusiya, Gürcüstan, Moldova və Ukraynada yaradılmış, inteqrasiya, miqrasiya, həmçinin etnik, dini və mədəni müxtəliflik mövzusunda ən yaxşı televiziya proqramarı, onlayn proqramlar və filmlərə mükafat təqdim olunub.
Gürcüstandan sənədli film nominasiyasında təqdim olunan "Qadağan olunmuş dostlar" da "ADAMI" media mükafatını qazanıb. Bu haqda "ADAMI" media mükafatının sosial şəbəkədəki səhifəsində məlumat verilir.
Buna da bax: 'Sülh şəraitində ermənilərin Azərbaycanda yaşamasına heç bir maneə yoxdur'
Gürcüstanda fəaliyyət göstərən "Chai-khana" layihəsi çərçivəsində çəkilmiş sənədli film Ermənistan-Azərbaycan arasındakı Dağlıq-Qarabağ münaqişəsi fonunda azərbaycanlı yazar və jurnalist Günel Mövludla, erməni jurnalist Edita Badasyan arasındakı dostluqdan bəhs edir. Günel Mövludla Edita Badasyan müharibəyə iki xalqın gözü ilə baxmağa çalışırlar.
Xatırladaq ki, keçən il Azərbaycan üzrə həmin mükafatı gənc rejissor Oktay Namazov "30 ailə" filminə görə almışdı.