-
İki ay öncə Qərb bölgəsinə güclü dolu düşüb. Dolu çoxdan əriyib çaylara qarışsa da, nəticələri hələ də göz önündədir. Özəlliklə Daşkəsəndəki mülklərə ziyan dəyib. Rayonun mərkəzində kəsik dağlardan boylanan çoxmərtəbəlilərlə yanaşı, xeyli sayda həyət evləri də görünür. Yağan doludan sonra evlərin sınıq-şaltaq çardaqlarının dağılmış hissələrinə düzülmüş iri daş parçaları elə rayon mərkəzindən diqqət çəkir.
«DEYİRLƏR... PUL YOXDUR»
Rayon sakini Etibar Cəfərov dağılmış çardağını göstərib deyir:
«Dolu evləri vurdu, dam örtükləri dağıldı. Gəldilər, icradan yazdılar, amma eləcə də qaldı. İndi də deyirlər, əvvəl bina evlərini düzəldirlər, pul yoxdur. Mənim 2 hərbçi oğlum var. Özüm də 2-ci qrup əliləm, imkanım yoxdur. Yağan yağış evimin içərisinə dolur. Fövqəladə Hallar Nazirliyindən gəlmişdilər, bir də icra hakimiyyəti başçısının müavini gəlmişdi... Yazdılar, amma heç nəyi düzəltmədilər».
Etibar Cəfərov hər gün yağış suyunda islanan evin əşyalarını göstərir. Deyir ki, ötən aydan heç bir əşyanı yerində saxlaya bilmirlər. Yağış başlayınca, gah dəhlizə sürüyürlər, gah da daha az yağış düşən otaqlara...
Göy rəngli bez çadırlar Daşkəsənin Azər Abdullayev küçəsindəki bir çox evləri həm yağışdan qoruyur, həm də günəşdən.
«DOLU QƏFLƏTƏN GƏLDİ»
Ziyafət Hüseynova:
«Gəlsinlər, baxsınlar. Dam örtüyümüz dağıldı. Yeni təmir etdirmişdik, amma abırdan düşüb. Demişik hamıya, xeyri yoxdur. Dolu qəflətən gəldi. Dam örtüyü, aynalar-filan qırıldı. Haradasa evlərin yarısının dam örtüyü dağıldı. İndi də yağan yağış evin içindədir».
Sakinlərin dediyinə görə, hadisə günü Rayon Fövqəladə Hallar Komissiyasından da, icra hakimiyyətindən də gəlib zərər dəymiş evləri qeydiyyata aldılar. Yardım edəcəkləri barədə vəd verdilər. O vaxtdan 2 ay ötsə də, rəsmilərdən bir xəbər-ətər yoxdur. Aidiyyəti qurumların mərhəmət və məsuliyyətinə bel bağlamayıb, borc-xərclə dam örtüyünü təmir edənlər də olub.
«YUMURTA BOYDA DOLU İDİ»
Salman Abbasov:
«Yumurta boyda dolu idi, bütün dam örtüyünü dağıtdı. Borc-xərclə düzəltdirdik. İndi borc qaytarmalıyıq. Gəlib maraqlanmırlar».
Daşkəsən rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev deyir ki, güclü dolu 15-ə yaxın çoxmərtəbəli yaşayış binasının, eləcə də onlarla həyət evinin dam örtüyünü sıradan çıxarıb. Əlavə edir ki, çoxmərtəbəlilərdə daha çox zərər görüb. İlk olaraq onların, daha sonra həyət evlərinin təmiri reallaşacaq.
Cavanşir Qocayevin sözlərinə görə, yaxın 2 ayda bütün evlərin dam örtüyü yenilənəcək.