XXX Yay Olimpiya Oyunlarına artıq sayılı günlər qalıb. Azərbaycanı bu beynəlxalq tədbirdə təmsil edəcək 53 idmançını yarış qabağı tapmaq müşkülə çevrilib – onlar bütün günlərini məşqlərdə keçirirlər, əksəriyyəti də Qəbələ rayonunda.
Yarışa lisenziya qazanan Azərbaycan idmançılarından Toğrul Əsgərov sərbəst güləş üzrə 60 kiloqram çəki dərəcəsində yarışda iştirak edəcək. O deyir ki, bundan əvvəl özünü Avropa çempionatında, dünya çempionatında sınaqdan keçirdiyinə görə, olimpiadada yüksək nəticə göstərəcəyinə ümid edir:
«YEMƏYİMİZ NƏZARƏT ALTINDADIR»
«Məşqlərimiz çox ciddi keçir, hazırda biz Qəbələdəyik, təlim-məşq toplantısındayıq. Ayın 21-i (iyulun) Bakıya qayıdıb orda davam edəcəyik məşqləri ayın 8-nə qədər. Gündə 3 dəfə məşq edirik».
Toğrul Əsgərov deyir ki, olimpiadaya qatılacaq güləşçilərin qidalanmasına Almaniyadan Azərbaycana dəvət edilmiş həkimlər nəzarət edirlər:
«Yeməyimiz nəzarət altındadır. Çox yağlı yemək olmaz bizə. 3 cür, 5 cür, 10 cür yemək olur. Toyuqla ət olur, balıqla ət olur, kabab olur, hər cür yemək olur».
Güllə atıcısı İradə Haşımova da olimpiada öncəsi fikirlərini AzadlıqRadiosuna danışıb:
«Son üç ildə nə Avropa çempionatında, nə dünya çempionatında yerlər tutmamışam. Avropa çempionatında 16-cı yeri tutanda götürmüşəm o lisenziyanı. Nəticəni hardasa 3-4 xal yüksək göstərsəm, o, ən yaxşı halda 10-cu yeri verəcək. Bəlkə, mənim psixoloji təcrübəm daha çoxdur, amma fiziki güc artıq əvvəlki deyil. Cavanlar artıq qabağa keçirlər. Ona görə mən özümdən danışmaq istəmirəm, amma çox istəyərdim ki, bizim gənc idmançılar yaxşı iştirak etsinlər».
TAEKVANDODA İKİ DƏFƏ MEDALA YAXIN OLMUŞUQ
2008-ci ildə keçirilmiş Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıblar.
Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Füzuli Musayevin fikrincə, Azərbaycan komandası böyük tərkibdə getdiyinə görə, bu il qazanılan medalların sayı da əvvəlki illərlə müqayisədə çox olacaq:
«Bu dəfə mən düşünürəm ki, 12 medal olmalıdır və onlardan 3-ü qızıl olmalıdır. Biz olimpiya oyunlarında taekvandoda iki dəfə medala çox yaxın olmuşuq, çox istərdik ki, Azərbaycan komandasına taekvandodan da medal verilsin».
«Qızıl medalları hansı sahədən gözləyirsiz?»
CÜDODAN, AVARÇƏKMƏDƏN MEDAL GÖZLƏNİLİR
«Yəqin ki, boks üzrə olar, güləş üzrə ola bilər. Orda çox idman növləri var, mən indi 3 deyirəm, amma ola bilər ki artıq olsun medal sayı. Cüdodan da gözləyə bilərik, avarçəkmədən də gözləyə bilərik. Atıcılıqda İradə Haşımova qeyri-adi idmançıdır, Afina oyunlarında bürünc medal almışdı, düşünürəm ki, bu dəfə toplayar özünü, qızıl medal alar».
Azərbaycanı bu il Olimpiya yarışlarında təmsil edəcək idmançılardan 16-sı əcnəbilərdir. Məsələn, qadın güləşində, avarçəkmədə, yunan-roma güləşində xaricilər Azərbaycanın adından çıxış edəcəklər. Füzuli Musayev hesab edir ki, Azərbaycan idmançılarının inkişafı üçün xaricilərin cəlb olunması əhəmiyyətlidir:
«Elə avarçəkməni götürək, velosiped idmanını götürək. Bu sahələr Azərbaycanda Sovet vaxtında var idi. Ancaq çox əfsuslar olsun ki, müstəqillik əldə edəndən sonra bu idman növləri bizdə çox geri qaldı, inkişaf etmədi. Lakin bu idmanın da gələcəkdə inkişaf etməsi üçün əcnəbi idmançıları da biz dəvət etməliyik. Azərbaycan üçün gələn hər bir medal - istər əcnəbi, istər yerli idmançı gətirirsə, Azərbaycanın adı qalxır, Azərbaycanın bayrağı qalxır».
GÜLƏŞDƏN ƏN AZI 2 MEDAL OLA BİLƏR
İdman şərhçisi Elçin Cəlilov deyir ki, Azərbaycan idmançıları London-2012-dən xoş xəbərlə qayıdacaqlar:
«Sayın az olması kəmiyyətin geriləməsi deməkdir. Amma keyfiyyətcə irəliləyişin olacağına inanıram. Çünki güləşdə Azərbaycan son dünya kubokunda və buna qədərki Avropa çempionatlarında, dünya çempionatlarında uğurlu nəticələr qazanıb. Həm yunan-roma güləşçiləri, həm də sərbəst güləşçilər. Bu təcrübəni nəzərə alıb fikirləşirəm ki, güləşdən ən azı 2 medal götürə bilərik. Hətta bunlardan birinin qızıl olacağına da inanıram».
Bununla belə, Elçin Cəlilov hesab edir ki, Azərbaycanda olimpiada hərəkatına xərclənən vəsaitin həcmilə qazanılan uğur düz mütənasib deyil:
GÜRCÜSTAN MÜQAYİSƏSİ
«Amma bu qədər enerji, bu qədər maliyyə nəticədə qazandığımız medallarda özünü göstərmir. Tutaq ki, bizim qonşu Gürcüstan idman üçün 5 milyon xərcləyirsə, olimpiadada 2-3 qızıl medal götürür. Amma biz, məsələn 55 milyon xərcləyirik, nəticədə biz də Gürcüstanın aldığı qədər medal qazanırıq. Onda burda fərq nədir? Deməli, siyasət düzgün yeridilmir».
Hazırda Azərbaycanda 34 olimpiya kompleksi tikilib, 8-nin inşası davam edir.
BU İLKİ OYUNLARA 15 MİLYON MANAT AYRILIB
Azərbaycan müstəqillik əldə etdikdən sonra 4 dəfə Yay Olimpiya Oyunlarında iştirak edib.
1996-cı ildə 1 medal, 2000-ci ildə 3, 2004-cü ildə 5, sonuncu - 2008-ci ildə isə 7 medal əldə edilib.
XXX Olimpiya oyunlarına hazırlaşmaq üçün Azərbaycanın dövlət büdcəsindən 15 milyon manata yaxın vəsait ayrılıb. Ötən Pekin olimpiadasında isə bu məbləğ təxminən 3 milyon manat olmuşdu.
London Olimpiadasında Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq 5 yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma idman növlərində də təmsil olunacaq.
Londonda Azərbaycanı təmsil edəcək 53 idmançıdan 41-i ilk dəfə Olimpiya Oyunlarının iştirakçıları olacaqlar.