Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 23:32

Şirməmməd müəllim Üzeyir bəyin əsərlərini kimlərə və niyə bağışlamaq istəyir?


Şirməmməd Hüseynov
Şirməmməd Hüseynov
«Üzeyir bəyin əsərlərində elə düzəlişlər ediblər ki, özü bu düzəlişlərə heç vaxt razı olmazdı».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına tanınmış mətbuat araşdırıcısı Şirməmməd Hüseynov söyləyib.

SANKİ ÜZEYİR BƏY HEÇ OLMAYIB

Üzeyir Hacıbəylinin «Nəşrlərdə kənara qoyulmuş mətbu əsəsrləri»nin birinci cildini (1904-12-ci illər) ötən il oxucuların istifadəsinə verən Ş.Hüseynov bu ay ikinci cildin də (1915-1918-ci illər) çapına nail oldu:

«Heç bir nəşrdə verilməyən-- biblioqrafiyasına, ensiklopediyasına, həyat salnaməsinə də daxil olmayan məqalələrini aşkar etmişəm. «Açıq söz», «Doğru söz», «İttihad» qəzeti sovet vaxtı əksinqilabçı qəzetlər hesab olunduğundan, Üzeyir bəyin adını da çəkməyiblər. Sanki heç olmayıb. Onları yığdım. Hər iki cilddə -- 117 və 56 məqaləsini, cəmi 173 məqalə bu vaxta qədər heç bir nəşrə daxil olmayıb».

O YERDƏ Kİ, PARTİYALAR VAR, QONŞULAR VAR...

Tanınmış araşdırıcının bildirdiyinə görə, ikinci cilddə xüsusi bir bölmə də var: «Ötən əsrin 60-cı illərində Üzeyir bəyin əsərlərini çap ediblər. 1964-dən 68-dək 4 cild buraxıblar. İki cildi publisistikadır. Orda da əsərləri ixtisar ediblər. Yazıblar ki, cüzi redaktə etmişik. O yerdə ki, ifşa olunan partiyalar var, qonşular var, onların adını çıxarıblar. «Xalqlar dostluğu» idi axı. Elə düzəlişlər ediblər ki, Üzeyir bəy qətiyyən razı olmazdı».

30 BELƏ «DÜZƏLİŞİ» ORİJİNALLA YOXLAYIB KİTABA SALMIŞAM

Şirməmməd müəllim Üzeyir bəyi tam şəkildə, olduğu kimi, heç bir əl gəzdirmədən, dilinə-üslubuna dəymədən çap etməyin tərəfdarıdır: «Çünki bunlar elə müqəddəs adamlardır ki, onların qələmindən çıxan milləti milət kimi formalaşdırıb».

GUYA BU DÖVR OLMAYIB!

AzadlıqRadiosu müxbirinin «Tədqiqat prosesində sizi ən çox təəccübləndirən, heyrətləndirən nə oldu» sualına araşdırmaçının cavabı belə oldu: «Məni təəccübləndirən o oldu ki, niyə bunun fəaliyyətinin 1917-ci ilin oktyabrından 1920-ci ilə qədər olan dövrünün üstündən keçiblər. Guya bu dövr olmayıb».

NƏYƏ GÖRƏ? ÇÜNKİ...

«Çünki Üzeyir bəy Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, fəaliyyətində qolunu çırmalayıb iştirak edib. Onu alqışlayıb, kömək edib.
Avstriyanın paytaxtı Vyanada Donauparkda Üzeyir Hacıbəyovun abidəsi
Parlamentin orqanı olan «Azərbaycan» qəzetinin redaktoru olub».

20 İL KEÇİB, BƏS NİYƏ SƏHVLƏRİ DÜZƏLTMƏYƏK?

XX əsr tariximizi Üzeyir bəysiz, Məhəmməd Əmin bəysiz təsəvvür etməyən Ş.Hüseynov «bu iki əjdaha, bu iki fikir bahadırından biri milli mədəniyyətimizin, publisistikamızın sərkərdəsi, digəri isə milli istiqlalımızın əsasını qoyan, milli məfkurəmizi, ideologiyamızı yaradan şəxsdir» deyir.

MƏN ÖMRÜMÜ BU İKİ ŞƏXSƏ HƏSR ETDİM


İndi Rəsulzadənin əsərlərinin 3-cü cildini hazırladığını deyən Hüseynov, həm də Üzeyir bəyin akademik nəşrini ortaya qoymaq fikrindədir: «Həyatımın mənası budur».

MİLLƏTİ YAŞADAN ONUN ZİYALISI OLUB

Şirməmməd müəllim bu cümlədən sonra bir «amma» deməyi də unutmur: «Əsl ziyalısı! Məddah ziyalısı yox, yalançı, saxtakar ziyalısı yox, öz şəxsi mənfəəti üçün hər şeyi qurban verməyə hazır olan simasız ziyalısı yox! Ona görə də, bunları—Üzeyir bəyi, Əmin bəyi, Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu, Sabiri, Mirzə Cəlili və s. bizim gəncliyə--müstəqillik dövrünün gəncliyinə tanıtmaq lazımdır. Onların əsərlərini oxusunlar. Bu vətəni o ruhda sevsinlər. Onu inkişaf etdirsinlər, dünyanın ən mədəni, demokratik dövlətinə çevirsinlər».

KİTABI SATIŞA QOYMURAM

Əlində 100 adamın siyahısı olduğunu deyən Şirməmməd müəllim onların bir hissəsinin adını da açıqladı: « Xüsusi zərflərə qoyub, ünvanları yazırıq, o adamların hamısına şəxsən təqdim edirik. Deyirik ki, bu kitabı pulsuz-parasız oxuyun. Elə adamlara göndərirəm ki, bilirəm ki, əllərinə alanda heç olmasa vərəqləyəcəklər və dünyagörüşlərinin formalaşmasında Üzeyir bəyin təsiri olacaq. Tələbələrə, cavanlara paylayıram. Çünki bilirəm ki, nə kitab alan var, nə kitab dükanına gedən...»

-- Şirməmməd müəllim kitablarını özü demiş, «müftə-əlləzinə» kimə göndərir?

--Siyahıda yer alan ölkənin tanınmış nazirləri, məhkəmə sədrləri, millət vəkilləri kimlərdir?

--Şirməmməd müəllim bu kitabı oxuyandan sonra o şəxslərdə hansı hislərin artacağından əmindir?

--AzadlıqRadiosuna o siyahıdan neçə kitab düşəcək?

«İz» proqramını dinləsəniz, bu sualların cavabını əziz müəllimimizin şirin dilindən öyrənəcəksiniz.



Üzeyir Hacıbəylinin indiyəcən çap edilməyən əsərlərindən oxu
BAKI MÜSƏLMANLARINA VƏ “DAŞNAKSÜTYUN” FİRQƏSİNƏ MƏLUM OLSUN Kİ...
XS
SM
MD
LG