Keçid linkləri

2024, 28 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:27

«Uşaq kitabı sahəsində boşluqdur»


«Mağazalarda seçim çox azdır»
«Mağazalarda seçim çox azdır»
Aprelin 2-si dünyaca ünlü Danimarka yazıçısı Hans Xristian Andersenin dogum günü idi (1805). Uşaq ədəbiyyatına əvəzsiz əsərlər qazandıran bu yazıçının dünyaya gəldiyi gün 1967-ci ildən Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabı nəşrinə yönəltməkdir. Uşaq kitabı günü Azərbaycanda necə qeyd edildi? Azərbaycan naşirləri uşaqlarımızın nə oxuduqlarından xəbərdardırlarmı? Uşaq kitabı sahəsində dönüş yaratmaq üçün ilk olaraq hansı addımlar atılmalıdır?

Elə bu suallarla da bir sıra nəşriyyat və kitab mağazası rəhbərlərinə müraciət etdik.

«Tutu» nəşriyyatının rəhbəri Tərlan Qorçu Azərbaycanda kitab gününün çox zəif keçirildiyini dedi. Onun fikrincə, böyük tədbirlər, sərgilər, müsabiqələr təşkil olunsaydı, daha maraqlı olardı. Müsahibimiz belə hesab edir ki, ölkədə uşaq ədəbiyyatı ilə bağlı problemləri kökündən həll etmək üçün dövlətin müdaxiləsi lazımdır:

«Çox istərdim ki, prezident sırf uşaq ədəbiyyatı ilə bağlı 150 kitabın buraxılması barədə fərman versin. Regionlara, kitabxanalara pulsuz kitab paylansın. Amma pullu uşaq kitabı satışını da canlandırmaq lazımdır. Bundan başqa, maarifləndirmə işi aparılmalı, uşaq kitabının təbliği yüksək səviyyədə qurulmalıdır».

«Pedaqogika» nəşriyyatının direktoru Əlövsət Osmanov də hesab edir ki, Azərbaycanda uşaq ədəbiyyatına lazımi diqqət yetirilmir:

«Problemi həll etmək üçün ilk növbədə dövlətin ciddi qayğısı olmalıdır. Dövlət nəşriyyatlara çoxlu sifarişlər verməlidir. Yəni, nəşriyyatlar əmin olmalıdırlar ki, buraxdıqları məhsulları dövlət alacaq. Məsələn, uşaq baxçalarında demək olar ki, heç bir material yoxdur.
Nigar Köçərli
Özfəaliyyət nəticəsində çap olunan kitablar uşaqların tam marağını ödəmir axı. Məncə, bu işdə Təhsil Nazirliyi də maraqlı olmalıdır».

«Əli və Nino» kitab magazaları şəbəkəsinin direktoru Nigar Köçərlinin fikrincə isə indi uşaq kitablarına tələbat çox böyükdür:

«Mağazalarda seçim çox azdır. Əslində, uşaq kitabı buraxmaq mürəkkəb prosesdir. Professional rəssam, tərcüməçi, redaktor və başqa yaradıcı heyət lazımdır. Sovet dövründə belə bir sistem vardı. Yaxşı olardı ki, o sistem bərpa olunsun. Dövlət uşaq ədəbiyyatının nəşri üçün vəsait ayırsın. Yaxşı kitab 5-6 min dollara başa gəlir. İnanmıram ki, bu məbləğ nəşriyyatlarda var. Dövlət qrant ayırmaqla və ya başqa formada bu problemin həllinə yardımçı ola bilər».

«Akademkitab»ın direktoru Əliaga Cəfərov da Beynəlxalq Uşaq Kitabı Gününün çox sakit keçdiyini dedi. Onun fikrincə, ölkədə bayram əhval-ruhiyyəsi heç hiss olunmadı. Problemin həllinə gəlincə, o, hazırda naşirlərin 99 faizinin sifarişə işlədiklərini vurğuladı:

«Uşaq ədəbiyyatı buraxmaq ağır yükdür. Hazırda uşaq kitab bazarı demək olar ki, boşdur. Uşaq ədəbiyyatına tələbat böyükdür. Bu kitablar az tirajla buraxıldığı üçün baha satılır. Valideynin baha kitab almağa əli gəlmir. Məncə, tirajı yüksəltmək lazımdır ki, kitabın maya dəyəri ucuz başa gəlsin. Belə olsa, qiymət də ucuz olar. İkinci tərəfdən, kaş Təhsil Nazirliyində elə qüvvə olardı ki, orta məktəblərdə ildə 10-15 saat «kitab işi» adında dərs saatı keçilərdi. Kitabın necə hazırlanması barədə uşaqlara məlumat verilərdi. Bununla da uşaqlarda kitaba qarşı birbaşa maraq oyanardı».
XS
SM
MD
LG