Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin səhhətinin kəskin pisləşdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna məlumat verən bacısı Əminə Hacıyeva iddia edir ki, durumunun ağır olmasına baxmayaraq, onun müalicəsinə imkan verilmir.
Ə.Hacıyevanın sözlərinə görə, iyulun əvvəlində qardaşının vəziyyəti ağırlaşıb, infarkt həddinə çatıb: "Cahangir Hacıyev həm ürək çatışmazlığından, həm də qalxanvarı vəzidəki problemə görə nəfəs çatışmazlığından əziyyət çəkir. Belə bir vəziyyətdə olan adamı 60 nəfərlə bir otaqda saxlayırlar. Onun saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsinin yerləşdiyi ərazi, şərait də hamıya məlumdur. Pandemiya dövründə o müəssisədən koronavirusa yoluxmuş 128 nəfər məhbus aparılıb".
Ə.Hacıyeva deyir ki, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin həkimləri gəlib C.Hacıyevi müayinə edib, stasionar müalicəyə ehtiyacı olması haqda rəy veriblər. Buna baxmayaraq, keçmiş bankir nəinki Penitensiar Xidmətin Müalicə Müəssisəsinə, heç cəzaçəkmə müəssisəsi daxilindəki tibb-sanitar hissəsinə də köçürülməyib: "Ədliyyə Nazirliyindən göstəriş gəlib ki, olmaz. Niyə? Bu adam xalq düşmənidir? Bundan sonra bir həftə Ədliyyə Nazirliyinə getdim, nazir Fikrət Məmmədovla görüş tələb etdim, çünki bilirik ki, bu göstərişləri verən odur. Dedilər ki, pandemiyaya görə görüş mümkün deyil. Dedim, onun məqsədi Cahangiri öldürməkdir?".
Ə.Hacıyeva əlavə edib ki, qardaşının müalicəsinə imkan yaradılmadığına görə Ədliyyə Nazirliyini məhkəmə vermək niyyətindədilər. O, yada salıb ki, Avropa İnsan Haqları Məhkəməsi bundan öncə Azərbaycana qarşı bir neçə qərarında (keçmiş səhiyyə naziri Əli İnsanovun işi və s.) həbsdə olan şəxsin müayinə və müalicəsinə imkan verilməməsini qeyri-insani rəftar kimi qiymətləndirib, buna görə dövləti cərimələyib.
Ədliyyə Nazirliyi isə istər C.Hacıyevin sağlıq durumunun ağır olması, istərsə də onun müalicəsinə imkan verilməməsi haqda deyilənləri təkzib edir: "Cahangir Hacıyevin səhhəti normaldır və narahatlığa heç bir səbəb yoxdur. Bütün məhkumlar, o cümlədən Cahangir Hacıyev üçün tibbi xidmətlər daim əlçatandır. Xroniki xəstəlikləri olan məhkumlar mütəmadi müayinə olunur, zərurət yarandıqda onlara tibbi yardımlar göstərilir. Bu həssas dönəmdə həqiqətəuyğun olmayan fikirlər səsləndirməklə bəzi şəxslər ictimaiyyətin diqqətini cəlb edib, çaşqınlıq yaratmaq istəyir".
Xatırlatma
2015-ci il dekabrın 4-dən həbsdə olan Cahangir Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4 milyard 700 milyon manatlıq mənimsəmədə təqsirli bilinib.
O, CM-in 179 (mənimsəmə və ya israf), 313 (vəzifə saxtakarlığı), 213 (vergidən yayınma) və başqa maddələri ilə iki dəfə məhkum edilib. Birinci hökmlə ona 15 il azadlıqdan məhrumetmə cəzası kəsilib. 2019-cu ilin sentyabrında çıxarılan ikinci hökmdə əvvəlki cəza da birləşdirilməklə 16 il 6 ay həbsə məhkum edilib. Sonradan apellyasiya məhkəməsi bu cəzanı 3 ay azaldaraq 16 il 3 aya endirib.
C.Hacıyev Ali Məhkəməyə şikayət verib. Onun haqqındakı birinci hökmdən şikayəti isə artıq Avropa Məhkəməsinə göndərilib.
C.Hacıyev özünü təqsirli bilmir. O, Beynəlxalq Bankdan kredit kimi götürülən vəsaitlərin layihələrə xərcləndiyini, əldə olunan gəlirlərdən kreditlərin ödənildiyini bildirir. Onun sözlərinə görə, kreditlər hesabına yaradılan işlək müəssisələr onun həbsindən sonra ələ keçirilib. Lakin onları nə satıb tam məbləği bağlayırlar, nə də əldə olunan vəsaitlərdən kreditləri ödəyirlər.