94 sakin həlak olub, 414 nəfər yalanıb
Azərbaycan Baş Prokurorluğu cəbhə bölgəsində mülki əhalinin itkiləri ilə bağlı bu gün, noyabrın 16-da növbəti açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən etibarən Azərbaycan tərəfdən 94 sakin həlak olub, 414 nəfər yalanıb: "Ümumilikdə 3410 yaşayış evi, 512 mülki obyekt, 120 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb".
Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi gündəmdədir
Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.
Bu barədə TRT kanalı məlumat yayıb.
Məlumata görə, bu qanun layihəsi Türkiyə və Azərbaycan arasında daha öncələr imzalanmış qarşılıqlı hərbi yardımlaşma sazişinə müvafiq olaraq hazırlanıb.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.
Bundan başqa, Azərbaycanın nəzarət etdiyi ərazilərdə Türkiyə və Rusiya hərbçilərindən ibarət birgə monitorinq mərkəzinin yaradılmasından da söhbət gedir.
Rusiya qoşunu gəlməkdə davam edir
Rusiyanın Müdafiə Nazirliyi Dağlıq Qarabağ ərazisinə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsinin davam etdiyini bildirir.
Kontingentin əsasını Mərkəzi hərbi dairənin 15-ci motoatıcı briqadası təşkil edir. Kontingentin rəhbəri general-leytenant Rüstəm Muradovdur.
Bu il noyabrın 10-dan Ermənistana 118 təyyarə reysinin, son bir sutkada (məlumat noyabrın 15-də açıqlanıb) 23 reysin həyata keçirildiyi vurğulanır. Rusiya Müdafiə Nazirliyi bildirir ki, artıq Laçın dəhlizində (Zabux yolu boyunca, Lısoqorski (Turşsu), Zarıslı) yeddi müvəqqəti müşahidə postu quraşdırılıb.
Noyabrın 14-də "Şimal" cavabdeh zonasında müşahidə postlarının quraşdırılması tamamlanıb. Hazırda sülhməramlı bölmələrin "Cənub" zonasında 9, "Şimal" zonasında da 9 müşahidə postunda atəşkəs rejiminə nəzarət etdiyi vurğulanır. Rusiya sülhməramlı qüvvələri Xankəndində yerləşən komandanlıqdan idarə olunur.
Türk hərbçiləri üçün bir illik mandat istənilir
Türkiyə hökumətinin parlamentə təqdim etdiyi layihədə Dağlıq Qarabağda atəşkəs razılaşmasını izləməyə göndəriləcək sülhməramlılar üçün bir illik mandat istənilir.
Rusiya və Türkiyənin müdafiə nazirləri ötən çərşənbə günü Azərbaycanda birgə monitorinq mərkəzi ilə bağlı memorandum imzalayıblar. Parlamentə noyabrın 16-da təqdim olunmuş layihədə Türkiyə sülhməramlıları üçün bir illik mandat istənilir. Sənəddə deyilir ki, göndəriləcək hərbçi sayını Prezident Rəcəb Tayyib Ərdoğan müəyyənləşdirəcək.
Layihədə o da qeyd edilir ki, sülhməramlı missiyanın tərkibinə mülki heyət də salına bilər.
Rusiya rəsmiləri türk sülhməramlılarının Dağlıq Qarabağa getməyəcəyini deyiblər. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bildirməsinə görə, mərkəz məsafədən, dronlar və digər texniki vasitələrlə idarə olunacaq.