Goranboy, Tərtər və Bərdənin artilleriya ilə vurulduğu deyilir
"Humanitar atəşkəs rejimini kobudcasına pozmağa davam edən Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisini artilleriya atəşinə tutur".
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 29-u, saat 17:45 radələrində yayıb.
Qırmızı Xaç: 'Həlak olmuş şəxslərin dəfni zəruridir...'
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsində son gərginliklər zamanı aparılan hərbi əməliyyatlarda həlak olmuş döyüşçülərin cəsədlərinin təhvilinə dəstək göstərdiyini açıqlayıb.
Məlumata görə, oktyabrın 29-da həyata keçirilmiş əməliyyat tərəflərin razılığı əsasında baş tutub:
"Təhvilvermə Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində keçirildi. BQXK, bu humanitar əməliyyatda neytral vasitəçi qismində çıxış edib".
Qeyd edildiyinə görə, bundan əlavə, münaqişə ilə əlaqədar saxlanan iki mülki şəxsin təhvili barəsində də razılıq əldə edilib.
Bildirilir ki, oktyabrın 28-də BQXK-nın köməkliyi ilə bir yaşlı qadın Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana təhvil verilib. Verilən məlumata görə, yaşlı kişinin isə sağlamlıq durumu hələ ki, səfər etməsinə imkan vermir.
"Həyat yoldaşını, atasını və ya oğlunu itirmiş ailələrin həyatlarına davam edə bilmələri üçün həlak olmuş şəxslərin dəfni zəruridir”, qurum qeyd edib.
Açıqlamaya görə, cəsədlərin təhvili prosesi Minsk Qrupunun həmsədrləri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə koordinasiya şəraitində həyata keçirilib.
Açıqlamanın sonunda da deyilir:
“Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən regionda fəaliyyət göstərməyə başlayan BQXK, hakimiyyət orqanlarına bu növ əməliyyatların həyata keçirilməsində dəfələrlə köməklik göstərib. BQXK, ehtiyac olarsa, oxşar əməliyyatlara dəstək göstərəcək və itkin düşmüş şəxslərin məsələləri ilə əlaqəli istənilən təşəbbüsləri təşviq etməyə davam edəcək.”
Azərbaycan yaşlı insanın qaytarılmamasını belə izah edir
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında da 30 meyit və mülkü insanın təhvil verilməsindən bəhs edilib.
Məlumatda qeyd edilib ki, birtərəfli qaydada mülki şəxs və 30 hərbçinin meyiti Ermənistan tərəfinə verilib.
Bildirilir ki, Ermənistan silahlı qüvvələri geri çəkilərkən döyüş bölgəsində qalan 85 yaşlı Yevgeniya Babayan oktyabrın 28-də Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verilib:
“Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı isə Ermənistan tərəfi bir daha qeyri-humanistlik göstərərək son anda təhvil almaqdan imtina etmişdir”.
Oktyabrın 29-da isə Ermənistanın 30 hərbçisinin meyitinin birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində təhvil verildiyi qeyd olunur.
Yaşayış məntəqələrinin atəşə tutulduğu bildirilir
"Oktyabrın 30-u saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur".
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında habelə vurğulanıb ki, Azərbaycan ordusu adekvat tədbirlər görür.