İlham Əliyev: "Vasitəçi neytral olmalıdır"
Prezident qeyd edib ki, vasitəçi neytral olmalıdır: "Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz. İndi vasitəçi ölkələr gərək yeni bir funksiya fikirləşsinlər, nə ilə məşğul olacaqlar? İndi artıq beş rayonun azad edilməsindən danışa bilməzlər, hanı 5 rayon, bizdədir onların artıq 4-ü. O məsələ artıq getdi, qurtardı getdi. Özümüz götürmüşük - Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı. Bu rayonların böyük hissəsi bizdədir".
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan danışıqların əleyhinə deyil: "Dünən (oktyabrın 25-də) Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Bu, 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz. Mən demək istəmirəm ki, bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun. Amma bu məna gərək münaqişənin həllini tezləşdirsin".
"Tərtər rayonu atəşə tutulur"
Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 26-sı, saat 18 radələrində bildirib ki, Tərtər şəhəri və rayonun kəndlərini Ermənistan silahlı qüvvələri yenidən atəşə tutur.
‘Ermənistan Azərbaycanın təkliflərinə cavab verməyib’
“Ermənistan indiyədək meyitlərin qaytarılması ilə bağlı təkliflərə cavab verməyib”.
Bu məlumat Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı əsasında Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada yer alıb.
Məlumatda qeyd edilib ki, bu il oktyabrın 10-da Moskvada humanitar atəşkəs razılığının əldə edildiyi vaxtdan Komisiyanın sədri Əli Nağıyevin və digər səlahiyyətli şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin başçısı ilə görüşlərində bir sıra məsələlərə hazır olunduğu bildirilib.
“...Həlak olmuş hər iki tərəfə aid hərbçilərin meyitlərinin qarşılıqlı mübadiləsinə, hətta erməni hərbçilərinin meyitlərinin bir hissəsinin birtərəfli qaydada geri qaytarmasına, eləcə də Azərbaycanda saxlanılan 2 erməni hərbçisinin və 2 mülki şəxsin qarşı tərəfdəki 2 azərbaycanlı girovla azad edilməsinə hazır olduğu bildirilib”.
Məlumata görə, “eyni zamanda Azərbaycan tərəfinin Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində qoyub getdiyi 85 yaşlı erməni qadının da birtərəfli qaydada azad edilməsinə hazır olduğu diqqətə çatdırılıb”.
Məlumatın sonunda deyilir:
“... İndiyədək Ermənistan Respublikası əsirlərin və saxlanılan şəxslərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycan Respublikasının təkliflərinə cavab verməyib”.