63 mülki şəxs həlak olub, 292-i yaralanıb
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti oktyabrın 21-də cəbhədə mülki əhalinin itkiləri ilə bağlı növbəti məlumat yayıb.
Məlumata görə, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlayandan) hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb: "Bundan başqa, 386 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1981 yaşayış evi yarasız hala düşüb".
Ceyhun Bayramov Moskvaya gedib
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyaya gedib.
Bu barədə oktyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda yazılıb ki, o, Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib.
C.Bayramovun oktyabrın 23-də isə Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.
Ermənistan prezidenti Brüsselə gedir
Ermənistan prezidenti Armen Sarkisyan Dağlıq Qarabağ münaqişəsini NATO və Avropa Birliyi (AB) rəsmiləri müzakirə etmək üçün Brüsselə yola düşüb. Bu haqda "Reuters" prezident idarəsinə istinadla yazır.
Sarkisyanın NATO-nun Baş katibi Yens Stoltenberq, AB-nin Xarici siyasət rəhbəri Jozep Borrel, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel ilə görüşəcəyi gözlənir.
"Ermənistan NATO və AB liderlərinin döyüşləri dayandırmaq və atəşkəs sazişini həyata keçirmək üçün mümkün olanı edəcəyini gözləyir", - məlumatda deyilir.
Lavrov Mnatsakanyan və Bayramovla görüşüb
Oktyabrın 20-də və 21-də Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, habelə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla ayrı-ayrı görüşlər keçirdiyi bildirilir.
Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti bildirib.
"Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəslə bağlı öncədən əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun dayanaqlı nizamlanması üçün şəraitin yaradılması ilə bağlı təxirəsalınmaz məsələlər müzakirə olunub",- məlumatda bildirilir.