Cəbhədə oktyabrın 20-nə olan son vəziyyət
Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl, Qubadlı-Zəngilan istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.
Nazirliyin oktyabrın 20-i səhər saat 7:48-də yaydığı məlumata görə, qarşı tərəf Azərbaycanın müdafiə mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.
"Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir", - AMN vurğulayıb.
BMT-nin Təhlükəsizlik Şurası çağırış etdi
BMT-nin Təhlükəsizlik Şurası Ermənistanı və Azərbaycanı yeni atəşkəs razılaşmasına əməl etməyə çağırıb.
Şuranın 15 üzvü qurumun baş katibi Antonio Quterreşin çağırışını bir daha səsləndirib. O, tərəfləri atəşkəsə sayğı göstərməyə səsləmişdi. "France Presse" agentliyinə danışan bir diplomat deyib ki, Şura üzvlərinin hamısı vəziyyətin pis olması, tərəflərin geri çəkilməli və atəşkəsə əməl etməli olması fikriylə razılaşıblar.
Oktyabrın 17-də Azərbaycan və Ermənistan Moskvanın vasitəçiliyi ilə ikinci dəfə atəşkəs razılaşması əldə ediblər. Ancaq tərəflər bir-birini onu pozmaqda ittiham edir.
Moskvanın BMT-dəki elçisi Vasili Nebenzya deyib ki, Təhlükəsizlik Şurasının iclasında üzvlər atəşkəsə nəzarətin vacibliyini vurğulayıblar. Rusiya səfiri bu nəzarət prosesinin ATƏT tərəfindən həyata keçirilməsinin mümkünlüyü istisna etməyib.
"Orada kimin hansı işi görəcəyi, buna kimin nəzarət edəcəyi hələ də müzakirə olunan sualdır", – Nebenzya toplantıdan sonra jurnalistlərə deyib.
Suqovuşan və Talış kəndlərinə yol planlaşdırılır
Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, prezident İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır: "Ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib".
Lakin yolların bərpasına büdcədən nə qədər vəsait ayrılacağına dair hələ ki, heç bir məlumat yoxdur.