Hikmət Mirzəyev general-leytenant oldu
General-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Bu barədə prezident İlham Əliyev bu gün, oktyabrın 17-də sərəncam imzalayıb.
Hikmət Mirzəyevin Azərbaycanın bir sıra ərazilərinin işğaldan azad edilməsində xidmətləri olduğu bildirilir.
Hikmət Mirzəyev Xüsusi Təyinatlı Qüvvələrin komandanıdır.
Yenidən hümanitar atəşkəs elan edildi
Azərbaycan və Ermənistan oktyabrın 18-i, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.
Bu məlumatı bu gün, oktyabrın 17-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.
Məlumatda yazılıb ki, bu qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən ABŞ, Fransa, Rusiya prezidentlərinin bu il 1 oktyabr bəyanatı, bu qurumun həmsədrlərinin 5 oktyabr bəyanatı və 10 oktyabr Moskva bəyanatına uyğun olaraq qəbul edilib.
Bundan əvvəl oktyabrın 10-da saat 12:00-dan etibarən tərəflər arasında hümanitar atəşkəs təmin edilməliydi.
Bu barədə bəyanat Moskvada Rusiyanin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə qəbul edilmişdi.
Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilirdi.
“Ermənistan yeni atəşkəs rejiminə əməl etmir”
Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələrinin növbəti dəfə razılaşmanı kobud surətdə pozduğu bildirilir.
Bu məlumatı oktyabrın 18-i, səhər saat 6:42-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
Məlumatda vurğulanıb ki, qarşı tərəf Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən, işğaldan azad olunmuş kəndlərini gecə ərzində minatan və artilleriya qurğularından atəşə tutub:
“ Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir.”
Cəbhədə son vəziyyət
Oktyabrın 17-də gün ərzində yeni humanitar atəşkəs rejimi elan olunanadək cəbhənin Ağdərə və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraitinin nisbətən sabit olduğu bildirilir.
Bu məlumatı isə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 18-i səhər saat 8:33-də yayıb.
Məlumatda qeyd edilib ki, Azərbaycan qoşunları bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.
Yenidən hümanitar atəşkəs elan edilib
Azərbaycan və Ermənistan oktyabrın 18-i, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.
Bu məlumatı oktyabrın 17-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.
Bundan əvvəl də oktyabrın 10-da saat 12:00-dan etibarən tərəflər arasında hümanitar atəşkəs təmin edilməliydi.Bu barədə bəyanat isə Moskvada Rusiyanin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə qəbul edilmişdi.
Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilirdi.
Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncə oktyabrın 11-i və17-də raket zərbələrinə tutulub.
Nəticədə üst-üstə 23 nəfər dinc sakinin həlak olduğu, 80-dan çoxunun isə yaralandığı açıqlanıb.
Ümumilikdə, son həftə cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu açıqlanıb.
AMN:“Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir”
“Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.”
Bu məlumatı da Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 18-i, saat 10 radələrində yayıb.
Məlumatda vurğulanıb ki, Oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində qarşı tərəf hücuma keçməyə cəhd göstərib.
Bildirildiyinə görə, Azərbaycan Ordusunun bölmələri bu hücum cəhdlərinin qarşısını alır.