Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 08:16
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

18:33 2.10.2020

Bakı danışıqlar üçün şərtini açıqladı

"Münaqişənin həlli üzrə danışıqların başlaması üçün Ermənistan Dağlıq Qarabağ regionundan öz qoşunlarını çıxarmalıdır".

Bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə bildirib.

"Ermənistan bu gərginliyə son qoymaq istəyirsə, Qarabağın işğalına son qoymalıdır, bundan sonra danışıqlar aparıla bilər", - deyə o vurğulayıb.

Bununla da o, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları bərpa etməyə hazır olmaları barədə bəyanatına münasibət bildirmiş olub.

19:31 2.10.2020

Patruşev ABŞ-la Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Cenevrədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Robert O’Brian-la görüşüb.

Rusiya Təhlükəsizlik Şurasının katibliyindən Moskovski Komsomolets qəzetinə bildiriblər ki, görüşdən məqsəd Rusiya-ABŞ ikitərəli münasibətlərinin normallaşdırılması və beynəlxalq təhlükəsizliyin gücləndirilməsi idi.

Görüşdə habelə Dağlıq Qarabağdakı vəziyyət də müzakirə olunub. Müzakirənin təərrüatları bildirlmir.

Bundan başqa tərəflər nüvə silahlarının yayılmaması və silahlar üzərində nəzarət məsələlərini müzakirə ediblər.

21:45 2.10.2020

Azərbaycan XİN-nin həmsədrlərin bəyanatına münasibəti

Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) Mətbuat xidməti idarəsi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin bəyanatına dair oktyabrın 2-də açıqlama yayıb.

Açıqlamada deyilir ki, bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycanın mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, növbəti təcavüzə əl atıb.

XİN qeyd edib ki, növbəti hərbi təcavüzü çərçivəsində Ermənistan Silahlı Qüvvələri ənənəvi şəkildə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisini, infrastrukturunu məqsədyönlü şəkildə atəşə tutur, bununla da müxtəlif cinayətlər törədir:

“1 oktyabr 2020-ci il tarixinə olan məlumata əsasən, Azərbaycanın 19 mülki şəxsi qətlə yetirilib, 55 nəfər yaralanıb və 200-dən çox ev və mülki obyektlər dağıdılıb. Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. ”

XİN qeyd edib ki, hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremistlərdən geniş istifadə edir.

Açıqlamaya görə, ATƏT-in Minsk Qrupu bu günədək verdiyi çoxsaylı bəyanatlarda status quo vəziyyətinin qəbuledilməz olduğunu vurğulayıb:

“Ermənistan isə buna rəğmən işğala əsaslanan status quo rejiminin möhkəmləndirilməsi məqsədini güdür. Görünən odur ki, Ermənistan münaqişəni danışıqlar yolu ilə həllində maraqlı deyil və işğal etdiyi ərazilərin ilhaqına çalışır”.

Açıqlamada daha sonra BMT Təhlükəsizlik Şurasının qətnamələri xatırlanır:

“BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 saylı qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərarların Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması ilə əlaqədar tələbləri bu günədək Ermənistan tərəfindən yerinə yetirilmir...”

Açıqlamada daha sonra deyilir ki, bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Dünən, oktyabrın 1-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat verərək tərəfləri hərbi əməliyyatları dayandırmağa və ilkin şərt olmadan danışıqları bərpa etməyə çağırmışdı.

00:41 3.10.2020

Pompeo ‘Qarabağda suriyalı döyüşçülər’ iddiasının səhih olmadığına ümid edir

ABŞ dövlət katibi Mike Pompeo oktyabrın 2-də keçiridiyi brifinqdə guya Dağlıq Qarabağda Azərbaycanın tərəfində döyüşmək üçün Türkiyədən prezident Erdoğanın Suriya döyüşçüləri göndərməsi barədə iddiaları şərh edib. Müxbir bu sualı verərkən Fransa prezidenti Emmanuel Macron-a istinad etmişdi.

Mike Pompeo deyib:

“Mən bu xəbəri görmüşəm. Siz onun (Erdoğanın – red) Azərbaycana suriyalı döyüşçülər gətirdiyi barədə xəbəri deyirsiniz. Mən də o xəbəri görmüşəm. Bu mərhələdə mənim deyə biləcəyim yalnız budur. Ümid edirəm ki, bu baş verməyib. Biz Suriya döyüşçülərinin Suriyadakı döyüş meydanlarından Liviyaya gətirilməsini görmüşük. Bu, daha çox sabitsizlik, daha çox təlatüm, daha çox münaqişə, daha çox döyüş, amma çox az sülh gətirib. Zənnimcə bu, Dağlıq Qarabağ və onun ətrafındakı münaqişədə də eyni hallara səbəb olardı. Buna görə də ümid edirəm ki, bu xəbərin səhih olmadığı üzə çıxacaq”.

Cənab Pompeo deyib ki, siyasi-etnik gərginliyin artdığı bir vaxtda münaqişələrin beynəlmiləlləşdirilməsi, üçüncü tərəflərin müdaxiləsi vəziyyətin mürəkkəbliyini və itkiləri artırır.

Dövlət katibi deyib ki, ABŞ Liviyada olduğu kimi indi də bütün tərəfləri atəşkəsə və dialoqa çağırır:

“Biz ümid edirik ki, bu belə olacaq. Biz əlbəttə ki, bunu həm azərbaycanlı, həm də erməni liderlərə, habelə türklərə çatdırmışıq”.

Davamı

XS
SM
MD
LG