Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:28
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

16:50 19.10.2020

Lavrov: "Atəşkəs rejiminin monitorinqi mexanizmi üzərində işləyirik"

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov oktyabrın 19-da Moskvada Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç ilə danışıqlardan sonra birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsindən danışıb.

"Biz inanırıq ki, hazırda ən vacib olan – yəqin ki, bunu etmək böyük cəhd də tələb etmir, – münaqişə tərəfləri arasında, eləcə də məsuliyyət daşıyan beynəlxalq oyunçular tərəfindən qarşıdurma ritorikasını qızışdırmağı dərhal dayandırmaqdır. İkinci vacib addım isə – bu, qarşıdurma ritorikasına son qoymaqla yanaşı həyata keçirilməlidir, – əməliyyatları, mülki hədəfləri vurmağı dayandırmaqdır", – Lavrov deyib.

O əlavə edib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında 10 oktyabr görüşündən sonra ümidlər doğrulmayıb, əməliyyatlar davam edib, mülki infrastruktura, yaşayış ərazilərinə zərbələr endirilib ki, "bu qəbuledilməzdir".

"Atəşkəsin işləməsi üçün… atəşkəs rejiminə necə əməl olunmasının monitorinq mexanizmi lazımdır. Biz hazırda Müdafiə Nazirliyimiz, Azərbaycan və Ermənistandan həmkarlarımız ilə birlikdə bunun üzərində fəal şəkildə işləyirik. Ümid edirəm, çox yaxın zamanda belə bir mexanizm razılaşdırılacaq", – Lavrov vurğulayıb.

16:30 19.10.2020

Tərtərdə yanğın başlayıb

Bu gün, oktyabrın 19-u günortadan sonra Tərtər rayonu ərazisində pambıq qəbulu və emalı məntəqəsində yanğın baş verdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna yerli sakinlər məlumat veriblər. Onlar bunu əraziyə mərmi düşməsi ilə izah ediblər. Sakinlərin bildirməsinə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri yanğını söndürməyə çalışırlar.

15:44 19.10.2020

61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb

Baş Prokurorluğun mətbuat xidməti oktyabrın 19-da cəbhədə mülki insanların itkisi ilə bağlı növbəti məlumat açıqlayıb.

Məlumatda qeyd edilib ki, sentyabrın 27-dən (cəbhədə döyüşlər yenidən başlayandan) hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb: "Bundan başqa, 341 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1846 yaşayış evi yarasız hala düşüb".

14:36 19.10.2020

"Raketin qalıqları Bakı-Novorossiysk neft kəmərinin..."

Dünən, oktyabrın 18-i saat 13 radələrində Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Xızı rayonunun ərazisində hərbi hədəf olmayan xam neft və kondensat ixrac edən kəmərləri hədəfə aldığı bildirilib.

Bu barədə oktyabrın 19-da Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda yazılıb ki, Ermənistan silahlı qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən 300 kilometrdən artıq məsafədə yerləşən Xızı rayonu istiqamətində raket zərbələri endirməyə çalışıb: "... Havada zərərsizləşdirilməsi nəticəsində raketin içərisində olan partlayıcı hissəciklərin bir hissəsi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsindən 250 metr məsafəyə səpələnib".

Azərbaycan hakimiyyət orqanları bundan əvvəl də Ermənistan silahlı qüvvələrinin Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəf seçdiyini açıqlamışdı. Amma qarşı tərəf bu məlumatı təkzib etmiş və belə bir niyyətinin olmadığını vurğulamışdı.

Davamı

XS
SM
MD
LG